Biz Naxçıvandan ancaq təndirlərin sökülməsi, büdcə zəhmətkeşlərinin küçələrdə iməcilik aparması, Vasif Talıbovun qarğıdalı tarlasına baş çəkib kəndlilərə suvarma haqda məlumat verməsi tipində xəbərlər almağa öyrəncəliyik. O səbəbdən, son günlər ərazidə atəşkəsin pozulması haqda həyəcanlı xəbərlər gələndə bunu heç cür dəqiqləşdirmək mümkün olmadı. Necə edəsən, jurnalist göndərmək də olmur, neçə illərdir o ərazini Vasif əkə media işçiləri üçün Suriyadan betər eləyib. Risk elə, min təyyarəyə get, gör başına nə oyun açırlar.
Ona görə də bizə ancaq xəyal gücümüzü işə salmaq qalır. Təsəvvür eləməyə çalışaq ki, ərazidə nə baş verib. Hərbi maşının minik avtomobili ilə toqquşması, nəticədə 5 mülki vətəndaşın ölməsinin, Naxçıvan aeroportuna enən təyyarədə 8 nəfərin yaralanmasının atəşkəs pozuntusu ilə hər hansı əlaqəsi varmı-yoxmu, bunları da hərə öz ağlıyla analiz eləsin. Dərindən fikirləşin, bəlkə mistik güclər sayəsində hətta havaya uçub Naxçıvanı göydən görərsiniz.
Bunlar hamısı düzələcək, ara yerdə yazıq iqtisadiyyat professorunu plagiat məqaləyə görə işdən qovdular. Halbuki, Ağadadaş Qafarovun doktorluq dissertasiyasının təkcə mövzusu elə nəyə desən dəyərdi: “Heydər Əliyev və Azərbaycanda turizmin inkişafı”. Görün indi İqtisadiyyat İnstitutunun rəhbərliyi hansı risklərə gedibdir. Heç belə alimi qovmaq olardımı? Bəlkə o kitabın da oğurluq olduğunu deyəsiniz? Utanmırlar…
Oğurluğa görə adam qovsanız ölkədə heç kim qalmayacaq. Bir az ziyalı olmalıyıq, hadisələrə vətəndaş mövqeyindən yanaşmalıyıq. Məsələn, bugünlərdə mən hörmətli şairimiz, o cümlədən deputatxanada güneyli-quzeyli uca millətimizin haqq səsini bağıran Sabir Rüstəmxanlının (yadımdan çıxmamış: bəy o cümlədən Avstraliyada yaşayan azərbaycanlıların da sosial problemlərini həmişə gündəmə gətirir, Yeni Zelandiya sakinlərinə çatdırır) bir açıqlaması ilə tanış oldum. Sabir bəy demişdir ki, nə üçün bizim ölkədə dükanların adını xarici dildə yazırlar, ayıb olsun və sairə. Tənqid eləmək asandır, gərək problemlərdən çıxış yolunu da göstərəsən və Sabir bəy bu yolu göstərmişdir: dil polisi yaradılmalı imiş. Bu dil polisi dilimizin təmizliyini, saflığını pozanlara qarşı zəruri əməliyyat-istintaq tədbirləri görməliymiş.
Bah… Nə gözəl təklifdir. Son zamanlar heç belə gözəl təklifə rast gəlməmişdim, yalnız Naxçıvanda Vasif müəllimin qarğıdalı əkənlərə “çalışın iyunda hər qarğıdalı azı 5 litr su içsin” təklifindən başqa. Doğrudan da bizdə dilə fikir verən yoxdur, gedirsən dükana, görürsən adını qoyublar “supermarket”, “kontinental”, “favorit”, nə bilim, “makromarket”-filan… Eləsi də var pulunu aparır Virgin adasında ofşor şirkətə qoyur. Milli olmalıyıq. Dil polisi bu baxımdan çox yaxşıdır. Qoy dilimizi korlayanların dilini dartıb qopartsınlar. Bir-iki dükançının dili qoparılsa, qalanları qorxudan ana dilimizə keçəcəkdir, mütləq.
Özü də burda dayanmaq olmaz, polisin sayı artırılmalıdır. Niyə bizdə pul polisi yoxdur? Bu boyda pulumuz var, nəzarəti kim etməlidir? Qul polisi heç yoxdur. Gül polisinə nə sözünüz? Heç olmazsa bunu yaratmaq olardı axı. Gül bayramları keçirilir, polisi isə yoxdur. Bəlkə sabah birisi Hindistandan fil gətirdi, başladı Azadlıq prospektində sürməyə, Rəsulzadə-Biləcəri-Baksol-Elçibəy yolunda adam daşımağa. Bunu tənzimləmək üçün fil polisi olmalı deyilmi?
Şəhərdə gedirsən, görürsən quşlar hörmətli heykəllərimizin, xalqımızın dəyərli övladlarının daş abidələrinin başına qonublar, orda çirkin işlər görürlər. Heç bir tədbir də görülmür! Çünki bu işlə məşğul olan idarə yoxdur! Zıl polisi yaratmalıyıq!
İndi söz əlaqədar təşkilatlarındır.