Bakının Suraxanı rayonunda 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır qəza baş verib. APA TV-nin məlumatına görə, Zığ qəsəbəsi yolunda “Hyundai” və ”Mercedes” markalı minik avtomobilləri toqquşub. Ağır qəza nəticəsində avtomobillər deformasiyaya uğrayıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə “Hyundai” markalı avtomobildə olan yaralı sərnişini çıxarıblar. O, təcili tibbi yardım stansiyasına çatdırılıb. “Hyundai” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1973-cü il təvəllüdlü Mustafayev Eyyub Yaqub oğlunun və “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan 2 sərnişinin cəsədləri avtomobildən çıxardaraq hüquq mühafizə orqanları əməkdaşlarına təhvil verilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.