Bu günkü söhbət “Yada düşər xatirələr” silsiləsindəndir. Hərçənd “Söz vaxtına çəkər” və ya “Heç kəs unudulmayıb, heç nə yaddan çıxmayıb” rubrikasına da gedər.
Bildiyiniz kimi, bu gün 4 iyun qiyamının 21-ci ildönümüdür. Gündəmdə nə qədər aktual mövzu olsa da, 4 iyun söhbəti həmişə onu basdalayır.
Əslində, uzun illər qəzetçilər o sözü belə yazırdılar: “4 iyun Gəncə qiyamı”. Amma sonra hörmətli siyasilərimizdən biri təklif etdi ki, “Gəncə” sözünü oradan çıxaraq – ona görə ki, birincisi, belə deyəndə gəncəlilərin xətrinə dəyir, ikincisi, 4 iyun qiyamı təkcə Gəncədə olmamışdı, Bakıda da olmuşdu, Yevlaxda da, Balakəndə də, Lənkəranda da, hər yerdə.
Xüləs, indi burda durub “Qiyama gətirən səbəblər”, “Qiyamın pərdəarxası”, “Qiyam baş verməyə bilərdimi?”, “Qiyamın bilinməyən gizlinləri” mövzusunda 21 ildən bəri davam edən, danışdıqca danışılan, yazıldıqca yazılan mövzularda vaizlik etmək niyyətində deyiləm. Onsuz da keçmişə düzəliş eləmək olmur.
Amma elə mətləblər var ki, bunları xatırlamaqda yarar var.
Bizim camaat Surət Hüseynovun adını ilk dəfə 1992-ci ilin yayında eşitmişdi. O zamanlar ordu hissələrimiz Ağdərə, Goranboy tərəflərdə uğurlu hərbi əməliyyatlar keçirirdilər, Azərbaycan televiziyası da eyzən cəbhə bölgəsindən, əməliyyat zonasından videokadrlar göstərirdi. Elə kadrların bir-ikisində Surət Hüseynovu da göstərmiş, şücaətindən, vətənpərvərliyindən bəhs etmişdilər.
O zaman kəndimizin partokratları bu gənc komandanı, şücaətli vətənpərvəri (rəsmi təqdimat beləydi) qəbul etmirdilər, deyirdilər, əyninə “dvuxport kostyum” geyib, qalstuk bağlamaqla qəhrəmanlıq olmaz, xalqın uşağı gedib səngərdə döyüşür, ölür, yaralanır, amma Surəti qəhrəman adlandırırlar.
Eləsi də vardı, deyirdi, bilirik də, Yevlaxdakı yun zavodunu talayıb, indi də yalandan Ağdərədə girlənir ki, yeyintisinin üstünü basdırsın, desinlər ki, hamısını müharibəyə sərf edib.
Partokratlar və o dövrün müxalifətçiləri, yəni AXC hakimiyyətinə, “bəylər”ə qarşı olanlar belə deyirdilər. Hansı xeyir-şər məclisi olurdu, söhbət hərlənib-fırlanıb Cəbhə hakimiyyətinin, onun ayrı-ayrı kadrlarının üstünə gəlirdi. Pislənənlərdən biri də Surət Hüseynov idi.
Bu ritorika 1993-cü ilin fevralına qədər davam etdi. O zaman məlum oldu ki, S.Hüseynov tabeliyində olan hərbi birləşmələri düşmənlə təmas xəttindən çəkib, nəticədə ermənilərdən alınmış yaşayış məntəqələri itirilib.
Belə olanda Surəti pisləyənlərin mövqeyi dəyişdi. Bu dəfə cəbhəçilər və onlara tərəf olanlar S.Hüseynovu xəyanətdə suçlayırdılar. Partokratlar və müxalifətçilər isə hələ bitərəf idi.
4 iyun qiyamından sonra isə vəziyyət xeyli dəyişdi.
5-6 ay əvvəl Surətə ana dilində qəsdən Sürət, sonra onu ruscaya çevirib Skorus (skorost) deyən adamlar qəfildən onun milli qəhrəman olduğunu xatırladılar, döyüş şücaətlərindən danışmağa, Elçibəy hakimiyyətinə qarşı elədiklərinin düz olduğunu deməyə başladılar. Cəbhəçilər sübut edirdilər ki, o, xaindir, torpaqları qəsdən müdafiəsiz qoyub, qanuni hakimiyyətə qarşı qiyam qaldırıb və sair və ilaxır. AXC hakimiyyətinin devrilməsini istəyənlər deyirdilər, düz eləyir, hətta hiddətlənərək, belə bir kontr-arqumentə əl atırdılar: “Balam, ona milli qəhrəman adını sizin hökumət verməyib? Pis idi, niyə verirdiniz? Özünüzü yaxşı aparsaydınız, o, qiyam qaldırmazdı. Halaldır Surətə. Oğuldur”.
Elçibəy devrildi, hakimiyyət dəyişdi. Bir il üç ay Surət də baş nazir oldu. 1994-ün oktyabrında o, yenə qiyam qaldırmaq istədi, bu dəfə mıqq eləməmiş boğdular, bütün tərəfdarlarını tutdular, özü qaçdı, iki-üç ildən sonra Moskvadan ucuz qiymətə alıb, qolu bağlı qul kimi ölkəyə gətirdilər.
Vaxtilə onu pisləyən, sonra tərifləyən şəxslər yenə valın köhnə tərəfini çevirdilər: “Üç cümləni dalbadal qoşa bilmir, prezident olmaq istəyir”; “Torpaqları satdığına görə ona güllə düşür”; “Ağlı getdi Elçibəyə, elə bildi, Əliyevi də devirə bilər, amma baba şapalağı çəkdi ağzının üstündən, dedi, dur burda” və s.
Elə bir dövran yetişdi ki, hər ilin bu vaxtları hamı başlayırdı Surəti söyməyə. Səs səsə qarışırdı. Surət də MTN-in təcridxanasında vəkilinə gileylənirdi ki, burada onun qulağına səs verirlər.
Ancaq bəlkə də qiyamçı polkovnikin qulağına gələn səs 1993-cü ilin bu günündən başlayaraq 30-na qədər davam edən və hələ də bitməyən çığır-bağırın səsidir. Bir soruşun, bəlkə də həmin səs hələ də səngiməyib.