Ermənistan prezident Serj Sərkisyan ölkəsinin Avrasiya İttifaqına ancaq BMT tərəfindən qəbul edilmiş indiki sərhədləri daixlində girə biləcəyinə dair Azərbaycan prezidentinin qoyduğu şərtə münasibət bildirib.
Virtualaz.org saytının xəbər verdiyi kimi İlham Əliyevin rəsmi məktubla Avrasiya İttifaqını təsis edən ölkələrin prezidentlərinə çatdırdığı bu mövqeni Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayev elan etmişdi və Sərkisyan onun dediklərini dinləyəndə olduqca pərt olmuşdu.
Bu gün Serj Sərkisyan hakim Respublika Partiyasının gənclər təşkilatının Tsakadzorda keçirilən toplantısında çıxışı zamanı Astanada baş verənlər və Nazarbayevin xəbərdarlığı barədə ilk dəfə danışıb.
“Birincisi, deməliyəm ki, Ermənistanın Gömrük İtttifaqına üzvlüyü üçün heç bir maneə yoxdur. 2-3 məsələ qalır, onlar da sırf texniki məsələlərdir və bizim ticarət əlaqələrimizə aiddir. O ki qaldı Nazarbayevin dediklərinə, birincisi əvvəlcədən sərhədlər haqda danışmaq düzgün deyil. Biz hansı sərhədlər haqda danışırıq? Qarabağ məsələsi Gömrük İttifaqında həll olunmur. Kim demişdi ki, biz Gömrük İttifaqına Qarabağla birlikdə girəcəyik? Belə şey olmayıb və ola da bilməz. Çünki Qarabağ ən azından bizim qanunvericiliyə görə bu gün Ermənistanın tərkib hissəsi deyil. Ancaq Gömrük İttifaqına üzvlüyün Qarabağ mıəsələsinin həllinə kömək edəcəyi şübhəsizdir” – deyə Sərkisyan bildirib.
Ermənistan prezidenti Nazarbayevin xəbərdarlığından narahat və pərt olduğunu gizlətməyib.
“Əlbəttə ki, Nazarbayevin dedikləri xoşagələn deyildi, lakin onun dedikləri bizə heç bir zərər verə bilməz” – deyə Sərkisyan əlavə edib.
Virtualaz.org