ABŞ prezidenti Barak Obama Ağ Evin mətbuat katibi Cey Karni yoldaşın istefa verdiyini açıqlamışdır. Obama bunun səbəbini də izah eləmişdir, guya Karni ailəsi ilə çox vaxt keçirmək istəyirmiş.
Çox gülünc izahatdır, guya biz bilmirik Karni niyə işdən çıxıb? Bilirik, qoy yazım dünya da bilsin: Ağ Evin mətbuat katibi “Azərbaycan” qəzetində ABŞ haqda tənqidi məqaləyə söz tapmadığı üçün istefaya getmişdir! Həmin məqalə eyni zamanda hörmətli Ramiz Mehdiyev yoldaşın ABŞ-ı yerlə-yeksan edən müsahibəsi haqda idi. Bizdə dövlətçilik ənənəsi belə tələb edir: öncə Ramiz müəllim müsahibə verir, sonra qəzetlər həmin müsahibəni təhlil edirlər, daha sonra Ramiz müəllim müsahibədən doğan tezislər ətrafında “Yeni həyat” yaşayış kompleksi qurur…
Bunun nə dəxli var idi? Oxuculardan üzr istəyirəm, demək, Ramiz müəllim öz müsahibəsinin tezisləri əsasında məqalə yazır, daha sonra əmək kollektivləri bu məqaləni müzakirə edirlər, AzTV, “Azərbaycan” qəzeti və AzərTAc həmin müzakirələrdən geniş reportajlar hazırlayır, “Azərnəşr” mövzu üzrə bütün cızmaqaraları toplayıb 8 cildlik kitab buraxır, sonra bu kitabları JEK müdirlərinə, polis rəislərinə, Dəymədağıldı kənd icra nümayəndəliyinin rəhbərinə və reket qəzetlərin redaktorlarına zorla satırlar.
İndi də oxşar prosesə start verilibdir, Ramiz müəllim intervüsündə ABŞ səfirinin yeddi arxa dönənini ortaya qoyubdur, müsahibədə hətta Xristofor Kolumbun Amerikanı kəşf etməsinə və “Meyflauer” gəmisində qitəyə doğru üzən piliqrimlərə qədər hər kəsdən bəhs edilibdir. “Azərbaycan” qəzetindəki məqalədə isə Martin Lüter Kinqin “Mənim bir arzum var” sözləri lağa qoyulub. İxtiyar Hüseynli adlı müəllif yazır ki, necə olur, sizin arzunuz var, ancaq Azərbaycan xalqının arzusu yoxdur? Biz də arzu edirik ki, 3-cü mikrorayon dairəsini “Xutor”la birləşdirən yol ötürücüsü istifadəyə verilsin, buna heç kim mane olmasın.
Amerika isə ancaq bizim pisliyimizə çalışır. İstəyirlər bizi – uca millətimizi və sevgili xalqımızı qul edib doldursunlar aviadaşıyıcı gəminin tryumuna, aparsınlar Alabama ştatında pambıq yığmağa. Ar olsun yankilərə, Sem dayıya və bütün imperializm nökərlərinə! Biz heç yana getməyəcəyik! Biz heç İmişli pambıq zavodu üçün işləmirik, sizə niyə işləməliyik? Bizim öz yolumuz, öz müstəqil inkişaf xəttimiz vardır. O şeylər ki Amerikada işləyir, bizdə işləmir. Məsələn, harda görünüb prezident öz mətbuat katibinin istefası haqda camaata məlumat versin? Ayıb olar. Mətbuat katibi haranın qoduğudur ki, dövlət rəhbəri ondan danışsın? Ümumiyyətlə, mətbuat niyə sahə sayılır? Hamısını dama soxmaq lazımdır, qoy kamerada taxtabiti tutsunlar.
Hə, əziz mənim hörmətli oxucularım, Amerika səfiri Morninqstar arzu edirdi ki, biz hamımız “Koka-Kola” içək, hamburqer təpişdirək, nəticədə piylənək, qanımızda xolesterol artsın, yıxılaq ölək, Binəqədi yolunda aparılan dinc quruculuq işlərini, istirahət parklarına verilən at peyinini görməyək. Suveren Azərbaycan hakimiyyəti isə buna mane oldu. Amerika daha söz tapa bilmədi, nəticədə Ağ Evin mətbuat katibi istefa verdi.
Məsələ bu cür sadədir. Yoxsa ailəsi ilə vaxt-zad… Bizə yox da bə. Biz bilirik sizdə ailə söhbəti nə cürdür. Prezident Klintonun Monika xanımla əlaqələrindən bilirik. Bu haqda da “Azərbaycan” qəzeti vaxtında bizə yaxşı informasiya verdi. İndi qurdalasan bəlkə Cey Karninin heç ailəsi yoxdur.
Ailə dəyərləri yalnız bizdə var, hər gün ər-arvad boğuşur, gəlin qaynananı bıçaqlayır, qaynata baldızı baltalayır, uşaq evi yandırır və sairə. Prezidentin mətbuat katibi də istefa vermir.
Hələ mən onun adını da bilirəm: Azər müəllimdir…