Oxumuş adamlarsınız, bilirsiniz ki, II dünya müharibəsi bitdi, bitəli, Qərb dünyası ilə SSRİ arasında “soyuq müharibə” adı verilən bir savaş başladı. Adı “soyuq müharibə”ydi, əslində əməlli-başlı qırğın gedirdi. Bu müharibədə “Kalaşnikov”lardan tutmuş ta qırıcı təyyarələrə, kimyəvi bombalara qədər hər cür silahdan istifadə olunurdu.
Amma harda? Koreya yarımadasında. Canı, qanı, dili, dini bir olan xalq ikiyə bölünmüşdü, bir tərəfinə silah-sursatı, texnikanı və el dilində desək, tırkanı SSRİ verirdi, o biri tərəfə Qərb, NATO. Bir neçə yüz min adam öldü, axırda yarımada ikiyə bölündü, indi Cənubi Koreya-Şimali Koreya deyə yanaşı, amma nadinc-nadinc yaşayırlar.
Bir ara SSRİ və ABŞ Vyetnamda tutaşdılar. Yenə ölkəni iki yerə böldülər. Tərəflərin birinə silah-sursatı, texnikanı ABŞ verirdi, o birinə SSRİ. Bir neçə milyon adam öldü. Amma bu dəfə müharibə heç-heçə bitmədi, Amerika məğlub şəkildə hərbi gəmilərini yükləyib öz limanına qayıtdı. Yerdə qalan vyetnamlılar isə hələ də “urra” qışqırırlar və Amerikanı məğlub etmiş yeganə ölkə olmaları ilə fəxr edirlər.
“Soyuq müharibə”nin daha bir böyük, şiddətli, bol qırğınlı mərhələsi 35 il öncə Əfqanıstanda yaşandı. Bu dəfə ABŞ Pakistanın köməyi ilə Əfqanıstandakı sovet qoşunlarına qarşı müharibə aparırdı. Hətta o vaxt prezident Ceyms Karterin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsinin maaşını alan Zbiqnev Bzejinski ağır başıyla basa-basa Pakistana gəlmiş, Tora-bora mağaraları tərəfdə məskunlaşan əfqan mücahidlərin birinin əlindən “Kalaşnikov”u alaraq SSRİ tərəfə bir daraq güllə də boşaltmışdı. Sovet mediası bu hadisəni Sur düdüyünə qoyub çalırdı.
Axırda necə oldu? Yenə bir neçə yüz min adam (əfqanlar, SSRİ xalqlarının hər birindən olan əsgərlər, ərəblər, amerikanlar və s.) qırıldı. Bu dəfə SSRİ uduzmuş, pərt və acıqlı halda tanklarını götürüb geri qayıtdı və Əfqanıstan torpağında gedən SSRİ-ABŞ müharibəsi başa çatdı. Amma orda hələ də qırğındır, NATO-müsəlman davası gedir.
Bunlar böyük müharibələrdir. Əslində 70 ilə yaxındır ki, dünyanın harasında partıltı-gurultu qopursa, hansısa ölkədə vətəndaş müharibəsi düşürsə və ya iki qonşu dövlət bir-biri ilə qısamüddətli savaşa qalxırsa, mütləq tərəflərin birini ABŞ dəstəkləyir, o birini SSRİ/Rusiya. Suriyada başlayan vətəndaş müharibəsinin əvvəlində Qərb üsyançıları dəstəkləyirdi, Rusiya isə prezident Əsədi. Sonra Qərb gördü ki, Əsədi devirmək istəyənlər ondan da qəddardır, ona görə dəstəyini kəsdi. İndi üsyançıları Şərq dəstəkləyir, Rusiya isə Amerikanın acığına Əsədi dəstəkləməkdə davam edir.
Amerika və Avropa isə Suriyadakı “soyuq məğlubiyyət”in əvəzini Ukraynada çıxdı, demokratiya, dəyişiklik istəyən qüvvələrə qaynar dəstək verdi və onlar Rusiyanın adamını – Yanukoviçi “yandırdılar”. İndi Ukraynada da qırğın gedir. Bir tərəfə silah-sursatı, hərbi texnikanı və tırkanı Rusiya verir, o biri tərəfə ABŞ və Avropa. Arada nə qədər ukraynalı, rus və nəyə görəsə bu slavyan “razborka”sına qoşulan çeçen, tatar, kalmık, çuvaş, inquş öləcək, heç kim bilmir. Amma axırda ya ABŞ qalib gələcək, ya da Rusiya.
Politoloqlar da deyirlər, “soyuq müharibə” yenidən başlayır. Həzərat, bunun harası soyuq müharibədir? Bir şey ki son 50 ildə dünyanın dörd bir tərəfindəki poliqonlarda Rusiya və ABŞ arasında gedən savaşlarda 10 milyondan çox adam ölüb, belə də soyuq müharibə olarmı? Əsl od-alovlu, qanlı müharibədir. Sadəcə, dünya hegemonları birbaşa savaşmırlar, dalaşqan xalqları dalaşdırıb kənardan baxırlar.
Bu məsələ idmanda, futbolda olduğu kimidir. Məsələn, Seneqaldan, Əlcəzairdən, Mərakeşdən gələn qaradərili oyunçular Fransada bir-birilə yarışır, Lionun, Nantın komandasına qələbə qazandırırlar. İngiltərədə də həmçinin.
Dünyanın düzəni dəyişib. İndi müharibəni də əsasən legionerlər, muzdlular aparır. Ona qalsa bizimkilər də gedib Suriyada vuruşur, Əsədi devirmək istəyirlər.
Xüləs, dünyanı qana çalxayan bu iki böyük dövlətdən biri dağılmasa, xeyri yoxdur, həmişə belə olacaq.
Bəs hansı dağılsa, daha yaxşı olar? Budur məsələ…