“Biri qabağa gedəndə haqqında söz-söhbətlər yayılır. Nə aktrisaya, nə modelə dəyər verilmir”
Azərbaycanlı model-aktrisa Minarə Allahverdiyeva və həyat yoldaşı türkiyəli prodüser Kemal Cenk İçtenin “Qafqazinfo”ya müsahibəsi:
– İlk olaraq ilk tanışlığınızdan və sevgi münasibətlərinizin necə başlamasından söhbət açın.
Minarə Allahverdiyeva: Bu haqda çox danışmışıq, artıq çoxları sevgi tarixçəmizdən xəbərdardır.
Kemal Cenk İçten: Uzaqdan da olsa, bir-birimizi tanıyırdıq. İşlə əlaqədar sosial şəbəkədə Minarəyə yazdım. Onunla hər dəfə qarşılaşanda danışığına, davranışlarına diqqət edirdim. Daha sonra düşündüm ki, o mənim axtardığım qadındır. Bir-birimizi tanımağı təklif etdim, razılaşdı. Daha sonra bu münasibət əsl sevgiyə çevrildi və tez bir zamanda evləndik. Həyatımın qadınını tapmışkən vaxt itirmək istəmədim.
– İki tanınmış simanın evli olması çətinlik yaratmır?
Minarə: Cenki deyə bilmərəm, mən o qədər də məşhur deyiləm.
Cenk: Üzərimizə böyük məsuliyyət düşür. Onun da, mənim də bir işim var. Birlikdə işlər də görməyə çalışırıq. Minarənin hər bir işində ona dəstək olmağa çalışıram, yanında oluram, öz sərbəstliyi də var. Bəzi çətinliklər də yaşayırıq. İşimizdə çox məsuliyyətliyik. Ər-arvad olsaq da, mən öz işimlə məşğulam, Minarə öz işi ilə məşğuldur. Gün ərzində bir-birimizi narahat etmirik. İşdən sonra tez evimizə qayıdırıq, ikimizdə ailəcanlı insanıq. Qızımızda yanımızdadır. Yeməyimizi yeyirik, televizora baxırıq, söhbət edirik. Deyə bilərəm ki, gözəl və xoşbəxt ailə həyatı yaşayırıq.
– Aranızda qısqanclıq olurmu?
Cenk: Mənə qalsa, əlbəttə qısqanclıq olmalıdır. İnsan az da olsa, xanımını qısqanmalıdır. Bizdə qısqanclıq böyük problemlər yaratmır. Böyük, ağlı başında insanlarıq, ona görə rahat yaşayırıq.
Minarə: Mən qısqanc insan deyiləm, bu hiss məndə yoxdur. Ona görə heç bir problem yaşamırıq.
– Minarə xanımın bir qızı, Cenk bəyin bir oğlu var. Hər zaman bir-birinizin övladlarını öz övladınız kimi təqdim edirsiniz. Uşaqlarla münasibətiniz necədir?
Cenk: Gördüyünüz kimi qızımız Nərgiz də yanımızdadır. Bir-birimizin uşaqlarına öz övladımız kimi yanaşırıq. Mənim Dəniz adlı oğlum var. Minarə Türkiyədə onunla tanış olduğu ilk dəqiqədən ona isti münasibət göstərdi. Bu məni çox xoşbəxt etdi.
Minarə: Cenkin oğlunu çox istəyirəm, eləcə də Cenk Nərgizi çox istəyir, daim ona dayaqdır. Nərgizin də Cenklə münasibətləri çox yaxşıdır. Dəniz isə Türkiyədə yaşayır, oraya gedəndə onunla görüşüb birlikdə vaxt keçiririk. Uşaqlarla münasibətimiz əladır.
– Cenk bəy, “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Müsabiqəsinin Azərbaycandakı təşkilatçısınız. Bu müsabiqə haqda nə deyə bilərsiniz?
Cenk: Bu bir gözəllik müsabiqəsidir. Türkiyədən nümayəndələrimiz də buradadır. Mayın 25-i müsabiqənin finalını keçirdik və Azərbaycan təmsilçisini seçdik. İyunun 21-də “Crystal Hall”da dünya finalı baş tutacaq, 100-dən artıq ölkənin gözəlləri gələcək. Az bir müddətdə böyük iş görməyə çalışırıq. Təşkilat işlərinə keçən həftənin 5-ci günü başlamışıq.
Minarə: Adətən müsabiqələr aylarla davam edir, biz bir həftə içərisində hər işi həll etdik. Mən də münsiflər heyətindən biriydim. Azərbaycan gözəlini nəhayət seçdik.
– Azərbaycanı tərk edib Türkiyədə yaşamaq haqda düşünmürsünüz?
Minarə: Türkiyədə yaşamaq haqda düşünürük. Əsas buradakı işlərimiz həll olsun iki ildən sonra köçmək istəyirik.
– Minarə xanım, özünüzü Türkiyədə aktrisa kimi sınamaq istəyirsinizmi?
Minarə: Hələki bu haqda düşünmürəm. Əlbəttə ki, istəyərəm.
Cenk: Hazırda belə bir plan yoxdur, yeni evliyik. Azərbaycandakı yaradıcılıq işlərimizlə məşğuluq. Allahın köməkliyi ilə 2 il ərzində Minarə Türkiyədə özünü aktrisa kimi sınayacaq.
– Azərbaycanda modellik sənəti sizi qane edirmi?
Minarə: Burada modellik sənətinin inkişafı məni qane etmir. Ona görə Türkiyədə bu sənətimi davam etdirmək istəyirəm. Burada heç nə məni qane etmir.
– Bizdə nə çatışmır?
Minarə: Balaca şəhərdi, balaca yerdir. Hamı bir-birini tanıyır. Biri qabağa gedəndə haqqında söz-söhbətlər yayılır. Nə aktrisaya, nə modelə dəyər verilmir.
– Bu sahədə fəaliyyət göstərən xanımlar birmənalı qarşılanmır.
Minarə: Nə aktrisa kimi, nə model kimi özünə yer tapmırsan. Baxırsan ki, havadasan. Hələlik hobbi olaraq bu işlə məşğulam. Aktrisa kimi yaxşı qazancda əldə edə bilmirəm.
– Serial çəkilişləriniz bitdi. Yeni film təklifləri varmı?
Minarə: Beş yeni filmdən təklif almışam. Serial təklifləri də var. Hələ ki, gözləyirəm.
– Çəkildiyiniz filmləri seçəndə nəyə diqqət edirsiniz?
Minarə: Əsas süjetə nəzər yetirirəm. Əgər obraz, süjet mənə maraqlıdırsa, gələn təklifi qəbul edirəm. Əsas odur özümü o obrazda görüm. Filmin rejissoru da, çəkiliş heyəti də əsasdır. Lakin filmdə rol alacaq aktyor heyəti məni maraqlandırmır.
– Hansı obrazları oynamarsınız?
Minarə: Yüngül qadın obrazlarını oynamaram. Mənfi obrazları canlandıra bilərəm. Düşünürəm ki, bu xarakteri yaxşı canlandıraram. Amma açıq-saçıq obrazlar mənə uzaqdır. Ona görə o cür rollardan imtina edərəm.
– Hansı obrazlar sizə daha yaxındır?
Minarə: Ciddi xarakterləri canlandırmaq istəyirəm. Hərbiçi qadın, vətənpərvər obrazlar mənə daha yaxındır. Onları canlandırmaq istəyirəm. “Min bir gecə” serialında Şəhrizad obrazın canlandıra bilərəm. Çox bəyənirəm o xarakteri.
– Minarə necə anadır?
Minarə: Nərgiz, soruşur ki, mama necə mamadır?
Nərgiz: Yaxşı anadır, məni gəzməyə aparır, istədiyim hədiyyələri alır, dərslərimdə kömək edir.
Minarə: Lazımınca qızıma vaxt ayırmağa, arzularını yerinə yetirməyə çalışıram.
– Qızınıza nəyi qadağan edirsiniz?
Minarə: Qızıma heç bir qadağa qoymamışam. Çünki hələ uşaqdır. Gələcəkdə də qoymayacam. Yalnız model olmağını istəmirəm.
Könül İbrahimova
http://s020.radikal.ru/i704/1405/c4/bb2822a98924.jpg
http://s019.radikal.ru/i644/1405/d0/96454b224dbd.jpg
http://s019.radikal.ru/i638/1405/e1/8be561aade14.jpg