Dünən prezidentin imzaladığı əfv fərmanını diqqətlə oxudum. Açığı, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədr keçməsinə, son günlər çoxlu avropalı qonaqların Bakıya gəlib insanlara azadlıq istəməsinə görə məndə bir az ümid var idi ki, heç olmazsa bəzi siyasi dustaqlar buraxılar. Amma yapokratiya demək olar bir nəfər də siyasi məhbusu buraxmadı. Əfv fərmanı bu mənada karikatur sənəd idi. Əgər bu, əfvdirsə, bunların cəzası necə olur? Tərsinə yazsaq, insan haqlarını tapdalayan rejimin əfv fərmanı da elə bu cür olmalı idi.
Rejim çoxlu pullar yığıb, nəticədə cəmiyyətlə dayanmadan konfrontasiyaya, qarşıdurmaya getməkdə maraqlıdır. Avtoritarizm dalan tipli rejimdir, burda geriyə, barışığa, vətəndaş sülhünə və dialoquna yer yoxdur. “Deyərlər qorxdu” məntiqi ilə. Bunun hətta “deyərlər” hissəsi rejim üçün qəbuledilməzdir, gəl gör “qorxdu” olsun. Çünki “deyərlər” artıq danışmağı, insanların səsinin çıxmasını bildirir.
Fərmanda sözün əsl mənasında İrandan-Turandan belə hər cür dustağın adı var idi, bircə siyasi və vicdan məhbusları unudulmuşdu. Məsələn, orda Əfqanıstan vətəndaşı Bərəkətullah Əzəmətullah oğlu Paşton adlı bir nəfərin adı çox xoşuma gəldi. Yəni Azərbaycan hakimiyyəti üçün, məsələn, Avropa Şurasının siyasi məktəbində dərs demiş, istənilən ölkə üçün qiymətli sayılacaq İlqar Məmmədov tipli şəxsləri əfv etməkdənsə narkotik alverçisi Bərəkətullahı buraxmaq daha məqbuldur. Hərçənd, elə bizim tərəfdən buraxılanlar da fərqlənmirdi, məsələn, orda bakılı, soyadı… Qaqarin olan bir şəxs vardı. Həsən Qaqarin. Xeyli ləzzət aldıq. Hətta orbitdə uçuruq sevindiyimizdən…
Keçmiş cəbhəçi gənc, şərlənərək narkotiklə tutulmuş Daşqın Məlikovun bu əfv fərmanına salınması isə lap anekdot idi. Çünki Məlikovu bir-iki ay qabaq xiyabana aparıb, Heydər Əliyevin məzarına baş əydirib azadlığa buraxmışdılar. Demək, hətta o prosedur da bəs eləmir!? İndi nəyini əfv eləyirsiniz? Yazıq gəncdə daha nə qalmışdı?
Sonda bir oxucu məktubu: “Yeni bir problem haqda sizə yazıram, bunu qələmə alsanız çox adam minnətdar olar. Bu problemin adı xaricə getmək üçün rüşvətsiz viza almaq istəyənlərin problemidir. Bakıdakı hər hansı səfirlikdən dəllalsız, rüşvətsiz viza almaq çox qəliz məsələdir. Bizim dəllallar səfirlikdə çalışanları rüşvətə elə alışdırıblar ki, hər hansı Azərbaycan vətəndaşı tələb olunan bütün sənədləri yığıb səfirliyə versə də on haldan səkkizində rədd cavabı alır. Bu yaxında Bakıda Macarıstanın səfirliyi açılıb və təzə açıldığı üçün hələlik o səfirlikdən rüşvətsiz viza almaq olur. Ancaq o səfirlikdə qəbul saatı həftədə 3 gün və cəmi 1 saatdır. Hər qəbul günündə də ən azı 250-300 insan olur orda. Qəbula yazılmaq, mədəni şəkildə səfirliyə girmək söhbəti yoxdur. Kimin qolu güclüdür, səsi gurdur, o, içəri girir, qalanlarısa həftələrlə növbə gözləyir. Ordakı polislərə rüşvət verənlər, səfirlikdə çalışanların və dəllalların adamları növbəsiz girə bilirlər. Bu yaxında İlham Əliyev Avropa ilə viza rejiminin sadələşdirilməsi haqda sənəd imzalayıb və bütün iqtidar TV və qəzetləri bunu dəfələrlə reklam ediblər. Ancaq heç nə dəyişməyib, rüşvət alanların sayı daha da artıb. Hörmətlə, Azərbaycan vətəndaşı A.T.”
Gördüyünüz kimi, vətəndaş öz adını yazmağa belə qorxur, amma məktubu göndərəndən sonra təkid edir, hətta internetdə başqa yazılarımın altına girib şərh yazır ki, bəs mənim məktubum nə oldu. Qardaşlar, siz adınızı gizli saxlamağa davam etdikcə, bu ölkədə heç nə düzəlməyəcək, bu münasibətlə təbrik edirəm. İmkan düşdükcə qaçın gedin buralardan, rüşvətlə viza alın, qanad açın, nə bilim, dənizə girib üzün, hər nə cür olsa burdan gedin. Buralar hələ uzun müddət insan yaşaması üçün münbit şəraitdə olmayacaqdır.