Əslində oturub gözləməliydim ki, kulis.az, mediaforum.az, axar.az, edalet.az, azerfax.az, avropa.az, aktual.az, qaynar.az, modern.az və başqa dost-simsar media qurumlarından zəng edib yeni çıxmış kitabımla bağlı geniş açıqlama istəsinlər.
Hətta sırf Azərbaycanda dəb olan üsulla, bəzi siyasətçi, politoloq, yazıçılar kimi öz-özümdən müsahibə götürüb, öz ağıllı suallarıma düşünə-düşünə müdrik cavablar yazaraq dost-tanış saytlara göndərə də bilərdim.
Amma illərdir, bu cür edənlərə heyrət qarışıq ikrahla baxan, arada istehza edən, bəzən də “rəhmətliyin oğlu, buna nə ehtiyac var” deyə hiddətlənən biri kimi bunların heç birini etmədim (əslində, bunun özü də lovğalığa yoxula bilər – yəni, baxın, başqaları elə edir, mən etmirəm).
Ona görə də qərara almışam ki, yeni çap olunmuş hekayələr kitabım barədə oxuculara özüm məlumat verim.
Məsələ belədir, bir sıra oxucular hesab edirlər ki, bəzi həmkarlarım kimi illərdən bəri yazdığım məqalələri toplayıb kitab halına salmışam. Türkün sözü, öylə deyil. Hərgah elə bir şey eləsəydim, kitab nəşri üçün ölkəyə idxal olunan kağız bəs eləməzdi.
Bu kitabda toplanan materiallar isə sırf bədii hekayələrdir – içində duyğusal, sentimental olanları da var, satirik-yumoristik səpkidə yazılanlar da.
Bir dəfə (bəlkə də üç dəfə) demişəm, yenə təkrar edim ki, mənə bədii mətnlər yazmağı uzun illər öncə (gərək ki, ilk dəfə 1999-cu, ikinci dəfə isə 2001-ci ildə) böyük şairimiz Bəxtiyar Vahabzadə məsləhət görüb. Düzdür, ona qədər də məqalələrlə yanaşı, hekayələr yazırdım, amma o zamanlar bədii mətn oxuyan yox idi, hamı siyasi təhlil, publisistik qeydlər, həm də daha çox kimisə “ifşa edən”, kiminsə “cavabını verən”, “ağzını cıran”, “yıxıb-sürüyən” yazılar oxuyurdu. Bəxtiyar müəllim isə zəng edib satirik hekayələr yazmağı tövsiyə etmişdi.
Sonra görkəmli yazıçımız Sabir Azəri də bənzər məsləhət verdi və qərara gəldim ki, hərdən yazım, bir kənara atım, vaxt gələr, bədii kitab oxumaq dəbə minəndə çap etdirərəm.
Rəhmətlik həmkarımız Elçin Səlcuq hardansa xəbər tutmuşdu, bir gün yazıçı Tahir Kazımovla birlikdə çıxardığı “Epiloq” qəzeti üçün məndən hekayə tələb etdi. Elçin hamıyla olduğu kimi mənə də ərkyanalıqla dedi ki, amma qonorar verməyəcək. Kişi kimi də vermədi, eləcə “əla hekayələrdir” dedi və ödəşdik.
Arada “X günü” roman-anekdotu yazdım, çap olundu, tirajlandı. Hətta “Qanun” nəşriyyatı tərəfindən həbsxanalara ərməğan edilmiş bu kitabın dustaqlar arasında əldən-ələ keçdiyini, bu üzdən (bəlkə də başqa üzdən) bir gün kütləvi şəkildə yığışdırıldığını eşidəndə özümü, az qala dissident-yazar hesab edəcəkdim.
“Azadlıq” radiosunun saytı “Oxu zalı” rubrikasında hekayələr dərc etməyə başlayanda Rövşən Əliyev mənim hekayələrimə də yer verdi. Saytda çap olunan bir hekayəmə görə isə həmkarımız Mahal İsmayıloğlu bir tanınmış alim tərəfindən çoxmərtəbəli söyüşlərə qonaq edildi. Ona görə ki, həmin əhvalatı mənə Mahal danışmışdı, mən də bəzəyib yazmışdım. Kimsə belə bir hekayənin çap olunduğunu “əsərin qəhrəmanı”na çatdırıb, o da arğacın kimdən keçdiyini bilərək, Mahalı telefon nömrəsini yığıb… Ta heç zad… eyzən dud-duuud.
Axır zamanlar ədəbi saytlar artıb deyə, hekayə, şeir oxuyanlar da çoxalıb (ya da əksinə). Hər halda kulis.az saytında çap olunan hekayələrim, təvazökarlıqdan Xətai rayonundakı “Bibi” restoranı qədər uzaq olsa da, deyim ki, yaxşı oxunur, sevilir, bəyənilir.
Ona görə də onları bir kitaba yığdım ki, indiki oxucular və gələcəkdə telefon oyunlarını tərgidib nəsə oxumaq istəyənlər dağa-daşa düşməsinlər.
Kitabın məfkurəvi-ideoloji məziyyətlərinə gəlincə, qeyd edə bilərəm ki, elə qəliz şeylər yoxdur, hətta magik realizmdən də çox uzaqdır, Azərbaycan olaylarının, gerçəkliklərinin bədii dildə nəqlindən ibarət olan həyati hekayələrdir. Düzü, heç bilmirəm onları hansı ədəbi cərəyana aid etmək olar. (Ümumiyyətlə götürsək, cərəyan qorxulu şeydir, hərdən adamı elə vurur, qalırsan çabalaya-çabalaya).
Bir məqam da var. Yaxşı ki, bu dəfə kitabı hədiyyə olaraq istəyənlər yoxdur. Düzü, kitabı yalnız dörd adama hədiyyə edəcəm. İkisini tanıyırsınız, adlarını deməyə ehtiyac yoxdur, biri qürbətdədir, kitaba əli yetmir. Biri də 77 yaşlı Səmayə xaladır. Ona söz vermişəm.