Загрузка...

Elcin_Shixli

Bu ölkənin çox şeyi dəyişir. Amma bunların içində dəyişməyən, bəzi vərdiş olunmuş anlayışlar var. “Torqovıy”, “Beşmərtəbə”, “Avtovağzal”, “Molokanka”, “Prospekt”, “Vosmoy bazarı” və bu kimi.

kohne_baki

Onların içində də qəzet oxuyan insanların tanıdığı bir neçə qəzet var. “Yeni Müsavat”, “Azadlıq”, “Zerkalo”… Gəldik çıxdıq “Zerkalo”ya. “Zerkalo” dedikdə “Ayna-Zerkalo” nəzərdə tutulur. Oradan vaxtilə ayrılmış “Exo” yada düşür. Ayrılana qədər güclü Elçin Şıxlı-Rauf Talışinski tandemi yada düşür. Oranın güclü redaktorlar korpusu yada düşür. Rauf Mirqədirov, Azər Rəşidoğlu, Nair Əliyev, Şahin Abbasov, Kənan Quluzadə, Mətin Yaşaroğlu, Fərid Teymurxanlı, Idrak Abbasov, Rəşad Rüstəmov, Nicat Məlikov…, Lalə Nuri, Zarema Vəlixanlı, … kimi jurnalistikanın asları yada düşür. Şənbə “Zerkalo”su, “Exo”nun kolonkası isə jurnalistika tariximizin xüsusi bir epoxası kimi ayrıca öyrənilməlidir.

Elcin_Rauf

Azərbaycan ziyalısının, peşəkarının, qələm insanının fikir trayektoriyasının kökləri “Molodyoj Azerbaydjana”, “Elm – Nauka” (Akademiyanın bülleteni), “Dalğa”, “Retro”, “Azadlıq – Svoboda”, 225 KL, ANS-in “Nəzər nöqtəsi”, “Sara”nın Çinqiz Sultansoy müəllif verilişi, “ABA”nın İlhamiyyə – Nərqiz Cəlilova tandemi, Space-in Eldəniz Elgün – Bəybala intellektual tok-şouları və yadımızada qalan və qalmayan bu kimi nümunələr üzərində qurulub.

kollaj_jurnalist1

Bu vektor – Mehman Əliyevin, Qulu Məhərrəmlinin, Rauf Arifoğlunun, Qənimət Zahidin, Arif Əliyevin və mütləq unutduğumuz neçə-neçə peşəkarların passionarlığının məhsulu olub. Burada “Monitor”u və Elmar Hüseynov – Eynulla Fətullayev tandemini də mütləq xüsusi qeyd etməliyik. Burada Şahbaz Xuduoğlunun, Şahvələd Çobanoğlunun da illərlə göstərdiyi xidmətləri də unutmamalıyıq. Son illərdə araşdırma jurnalistikasına xüsusi töhfə vermiş Xədicə İsmayılı da vurğulamamaq insafsızlıq olardı.

kollaj_redaktor

Haralara gəldik?! Bu, nə durumdur ki, Elçin Şıxlının çıxışları artıq Mehman Əliyevin ritorikasına qədər dissidentləşməyə başlayıb? Başlıqlarda adı götürsək, sanki dissident Hikmət Hacızadə danışır. Amma bu danışanlar nə Mehman Əliyev və nə də Hikmət Hacızadədir.

Hikmet_Hacizade

Danışan – həmişə iqtidarla peşəkar dialoqun tərəfdarı olan, sonacan aşırılıqdan qaçan, bütün şəraitlərdə soyuq intellektin emosiyaya üstünlük təşkil edilməsinin zəruriliyini vurğulayan Elçin Şıxlıdır. Və indi də bu dedikləri emosional deyil, soyuq məntiqin ifadəsidir desək, yanılmarıq. Deməli, gerçəklik bu qədər dəyişib. Bu qədər dəyişib ki, Elçin Şıxlı öz sonuncu müsahibəsində soyuq məntiqi ilə bu ifadələri işlədir:

“İyirmi dörd illik tarixi olan bir qəzetin redaktoru kimi mən bu məsələlər barədə danışmamalıydım və mənim belə bir problemim olmamalı idi, amma var.
İki-üç il bundan əvvəl hələ bu qədər inhisarlaşma, biznesin siyasiləşməsi baş verməmişdi. Və görünür, mən də bir o qədər cızığımdan çıxmamışdım. İndi yəqin cızığımdan çıxmışam, ona görə də bu məsələlər bu həddə gəlib çatıb”.

Elcin_Shixli1

“Bilirsiniz, azadlığı heç kim gətirib nimçədə təqdim etmir. Bunun uğrunda müəyyən mənada çarpışmaq lazımdır. İş orasındadır ki, mən demək istədiyimi deyirəm. Sizin qəzet də, “Azadlıq” da yazır, amma öz sözünü demək istəyənlərin və deyənlərin çərçivəsi çox məhduddur, dairəsi çox azdır. Bir-iki şəxsdən başqa yoxdur. Söz azadlığının olması ondan irəli gəlir ki, mənim ağzımı heç kim yummur, yazdığımı yazıram, dediyimi deyirəm. Amma bundan sonra cəzamı da alıram. Müxtəlif şəkillərdə olur və qəzetin indiki vəziyyəti buna sübutdur. Amma söhbət ondan gedir ki, mən əgər peşəkarcasına bir işlə məşğulamsa, öz işimi düzgün yerinə yetirməliyəm. Yox, əgər yetirə bilmirəmsə, qələmimi yerə qoyub çıxıb gedib başqa işlə məşğul olmalıyam. Mən dediklərimi demişəm, bəlkə bir o qədər açıq deməmişəm, həddindən artıq intelligentcəsinə demişəm, misallar çəkə-çəkə, bədii ədəbiyyata müraciət edərək demişəm. Məsələ belədir. Bu mənada mən sərbəstəm və məni cəzalandıranlar da, bunu istəyənlər də bu hərəkətlərində sərbəstdirlər. Nəticədə nə olacaq, başqa məsələdir”.

Bax belə. Soyuq məntiqli Elçin Şıxlının ifadə etdiyi acı gerçəklik. Zorən dissident edilən Elçin Şıxlının.

Rza Adil,
Deyerler.org-un siyasi icmalçısı