Azərbaycan zəngin neft-qaz ehtiyatlarına malik olsa da, önəmli coğrafi məkanda yerləşsə də, şübhəsiz ki, kiçik ölkədir. Kiçik ölkə isə öz təhlükəsizliyinin qeydinə qat-qat çox qalmalı, olduqca ölçülü-biçili, çevik və effektli siyasət yürütmək barədə düşünməlidir. Ona görə ki, iri dövlətlərdən fərqli olaraq xırdaların öz varlığını saxlaması üçün manevr və seçim imkanlar kifayət qədər məhduddur.
Bu yerdə məşhur fransız fikir adamı və diplomatı Taleyranın bir ifadəsini yenidən yada salsaq, pis olmaz: “Düşmənlərin sayını artıran diplomatiya yaxşı diplomatiya deyil”. Balaca dövlət kimi biz əlbəttə ki, dostların sayını daha çox artırmalıyıq.
Onsuz da qonşulardan üçü bizə qeyri-dost münasibətdədir və ya Ermənistan kimi qənim kəsilib. Bunun üstünə gələk Qarabağ, işğal problemini. Belədirsə, bizim dünyanın ən qüdrətli ölkəsinə əzələ nümayiş etdirməyimiz absurd görünür.
İddia olunur ki, “Azərbaycan müstəqil, hüquqi-demokratik dövlətdir, heç kim daxili işlərimizə qarışa bilməz…” Niyə qarışa bilməz? Əgər özünüzün dediyi kimi, Türkiyə, ABŞ Azərbaycana dost, strateji tərəfdaş ölkələrdisə, indi dostun durub hansısa iradı tutmağa, tənqid söyləməyə haqqı yoxmu? Əcəba, ünvanınıza yalnız tərif, difiramba deyənlərmi dost, tərəfdaş sayılmalıdır? O zaman bunun demokratiyaya, demokratik düşüncə tərzinə nə dəxli?
Demokratik rejimlər həmişə tənqiddən nəticə çıxarır, YAP iqtidarı kimi onu söyləyənlərin gözünü çıxarmağa çalışmır. Demokratik dövlət anlayışı ilə aqressiya, tənqidə dözümsüzlük bir araya sığmaz – ikisindən biri olar!..
Başqa tərəfdən baxsaq, insan haqları çoxdan ölkələrin daxili işi sayılmır. Azərbaycan isə Avropa Şurasına, ATƏT-ə, BMT-yə üzv olmaqla, bir sıra beynəlxalq konvensiyalara imza atmaqla bu yöndə üzərinə mühüm öhdəliklər götürüb və öz suverenliyini könüllü şəkildə məhdudlaşdırıb. Elə olmasaydı, Avropa Məhkəməsinin qərarları ölkəmiz üçün məcburi olmaz və yerinə də yetirilməzdi. Amma deyinə-deyinə də olsa, icra edilir…
Yaxud müstəqil ölkəyiksə, Qarabağ məsələsini kimsənin ağzına baxmadan, kimsədən – ATƏT-dən-filandan, kömək gözləmədən özümüz, “müstəqil şəkildə” həll edə, müharibəyə başlaya bilərikmi? Mümkünmü bu? Xeyr. Ərz elədik axı, Azərbaycan xırda ölkədir və belə ifrat “müstəqil siyasət kursu” bizə baha başa gələr, bumeranq effektli avantüraya çevrilər.
Və ya gerçəkdən də tam müstəqil dövlətiksə, sabah Azərbaycana Rusiyadan real təhlükə yaransa, özümüz təkbaşına buna duruş gətirə biləcəyikmi, yoxsa başqa dövlətlərə – Türkiyəyə, Qərbə, Amerikaya, Avropaya üz tutacağıq? Cavab yenə gün kimi aydındır. Morninqstar da onu deyir ki, Azərbaycanın müstəqilliyinə ABŞ və Avropadan savayı kim etibarlı qarant dura bilər, varmı belə qüvvə?
Doğrudan da, tutaq ki, Amerika sabah acığa düşüb Kosovo kimi Dağlıq Qarabağın müstəqilliyini tanıdı, öz səfirini də aparıb orada oturtdu, əlimizdən nə gələcək? Dirəniş olacaqmı? Olmayacaq. Çünki xırda ölkəyik. O halda gəlin yerimizi və real dost-müttəfiqlərin qədrini bilək; ən betəri, onları zorla rəqibə çevirməyək!..
Diqqət edin, hətta nüvə ölkəsi, fövqəldövlət Rusiyanın rəhbərliyi Birləşmiş Ştatlardan çəkinir. ABŞ-ın balaca bir ştatı boyda olan Azərbaycanın yönətimləri isə Vaşinqtona meydan oxuyurlar. Bəzən hətta düşmənimizin düşməninə də meydan oxumağa cəhd edirlər. Misal üçün, İran bizə çətin ki, dost-müttəfiq olsun. Anma görürsən ki, Tehranın “şeytan” adlandırdığı ABŞ-ın qabırğasına farslardan betər döşəyirik. Xeyir ola? Bunu milli çıxarlar diktə edir, yoxsa hakimiyyət maraqları?
Məntiq pıçıldayır ki – ikinci. Çünki İran “boynuyoğun” dövlət kimi yenə Amerikaya üzünə ağ olmağa özündə cürət tapırsa, ərazisinin 20 faizi işğal altında olan balaca Azərbaycan üç mühüm vasitəçidən biri kimi Amerikanın nazı ilə oynamaq zorundadır. Ən azından Qarabağa görə.
Olmaya Qarabağ YAP hakimiyyətinin gündəliyindən çıxarılıb?