Bu yazının qələmə alınmasında məqsəd Elçibəyin müdafiəsində durmaq deyil. Zamanında mərhum prezidenti müdafiə etdiyim çox olub.
Hazırda söhbət bir tarixi şəxsiyyətin vaxtaşırı və qəsdən, haqsız-ədalətsiz və qərəzli, qaba və ləyaqətsiz şəkildə aşağılanmasından, xatirəsinin təhqir olunmasından gedir.
Buna təhəmmül etmək mümkün deyil. Təkcə ona görə yox ki, Elçibəy xalq hərəkatının rəhbəri olub. Əsasən ona görə ki, o cür parlaq şəxsiyyətə, gerçək vətənpərvərə, humanist rəhbərə sürəkli şəkildə, həm də haqsız hücumlar edilir.
Bəziləri bilirlər, Elçibəy mövzusu milli-azadlıq hərəkatı fəallarının zəif damarıdır, sarı simidir, ona toxunanda gərilmə baş verir, səsi bərk çıxır. Bəzi əllaməçilər zaman-zaman qəsdən bu mövzuya toxunur, ajiotaj yaradır, durduqları yerdə populyarlıq qazanırlar.
Bəziləri isə 20-25 il öncə əllərindən çıxan nələrinsə, yaxud da yaşadıqları qısamüddətli iztirabın səbəbini mərhum Elçibəydə görür, onu heç cür sinirə bilmirlər və ağızlarını Allah yoluna qoyub danışır, insanların əsəblərinə toxunurlar.
“Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov ikincilərdəndir. Onun mərhum eks-prezidentə hörmətsiz münasibətinin tarixi çox köhnələrə gedib çıxır. Vaxtilə Əsgərovun rəhbərlik etdiyi qəzetdə Elçibəy əleyhinə gedən yazıları və karikaturaları xatırlamaq kifayətdir. O materiallar o qədər qəbih qəlibdəndir ki, onun özü də, həmin materialları hazırlayan əməkdaşlar əslində baş töhmətinə çevrilməli olan hərəkətlərinin xəcalətini uzun illər yaşamalıdırlar.
Heç olmasa, ayıblarına kor olsalar, yarı yoldan qayıtsalar, çoxları onların vaxtilə etdikləri yaramazlıqları unuda bilər. Amma yox, bu cür adamlar mütləq necə bir ləyaqətsiz keçmişə malik olduqlarını hər fürsətdə xatırlatmalıdırlar.
Bu ölkədə Elçibəyin qarasınca danışmalı olan ən axırıncı adamlar məhz YAP-çılardır. Eks-prezidentə dair tənqidi fikirlərini mütəllibovçular dilə gətirsə, anlamaq olar, Mütəllibovu Elçibəy və onun komandası hakimiyyətdən uzaqlaşdırıb. Elçibəyin prezidentliyinə dair umu-küsünü cəbhəçilər, müsavatçılar etsə, yenə də anlaşılar, çünki bir illik AXC-Müsavat hakimiyyətinin ömrünün qısa olmasında mərhum prezidentin məsuliyyət payı var.
Ancaq məhz YAP-çılar oturub-durub Elçibəyə rəhmət oxumalıdırlar, onun adı çəkiləndə ikinci bir kəlmədən istifadə etməməlidirlər. Ona görə ki, Elçibəyin Heydər Əliyevi hakimiyyətə dəvət etməklə bağlı tarixi siyasi qərarı olmasaydı, bu gün ən kasıbı multimilyonçu, bir hissəsi də milyarder olan YAP-çılar nə hakimiyyət üzü görəcəkdilər, nə varidat. O zamanlar yataqxana küncündə yaşayan, tələbə yoldaşlarından heç nə ilə fərqlənməyən, hətta onlardan daha istedadsız olan novruzqulular bu gün 2 milyonluq villada yaşayırlarsa, şəhərin müxtəlif yerlərində 4-5 mülkə sahibdirlərsə, amerikalı milyonçuların gəzmədiyi bahalı avtomobillərdə gəzirlərsə, övladlarını dünyanın ən bahalı və elitar universitetlərində oxudurlarsa, ilk növbədə Elçibəyə minnətdar olmalıdırlar.
Məhz Elçibəyin tarixi addımı artıq arxası üstə çevrilmiş tısbağa pozasında olan komsomolçuları diriltdi və onlar bu cür burjuylaşdılar, yerə-göyə sığmaz oldular.
Hakimiyyət deyilən şeyi Elçibəy və onun komandası rusdan aldı, bir il müvəqqəti əmanət kimi özündə saxladı, barını-bəhərini dadmamış, komfortunu hiss etməmiş Heydər Əliyevə və sürətlə onun ətrafına toplaşan keçmiş vəzirovçulara, mütəllibovçulara, cürbəcür karyeristlərə ötürdü.
Söz yox, hakimiyyəti saxlamaq mümkün olsaydı, Elçibəy komandası saxlayardı, amma bu, çox mümkün olmadığı halda Elçibəyin əlində imkan vardı ki, hakimiyyətə dəvət ediləcək siyasi sima kimi Əliyevi yox, başqa birini seçsin. Bax, onda karyeristlər şirəyə daraşan həşəratlar kimi məhz həmin personanın ətrafında toplaşacaqdılar.
Bu baxımdan gərək bəziləri bu gün çatdıqları və heç də layiq olmadıqları mənsəbə, xalqdan oğurladıqları sərvətə görə nankorluq eləməsinlər.
Böyük tarixi şəxsiyyət olan Elçibəyi bir siyasətçi kimi qınamaq olarsa, məhz hakimiyyəti belələrinə bəxş etdiyinə görə olar.