Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinə (AŞNK) rotasiya qaydasında 6 aylıq müddətə sədrliyi başladı. Nə verəcək bu yeni status ölkəyə? İllüziyaya qapılmağa dəymir, Avropa Şurasına üzvlüyümüz, BMT Təhlükəsizlik Şurasına müvəqqəti sədrliyimiz bizə hansı dividentləri gətirdi ki, bu da gətirə?
Amma yeni statusu obrazlı şəkildə bıçağa bənzətsək, o zaman ondan cərrah kimi istifadə edəcəyimiz təqdirdə mümkündür ki, şansdan bəzi faydaları götürək. Yox, həmişəki kimi bəd niyyətlə, ayrı məqsədlə yararlanıb kəmfürsətlik eləsək – Azərbaycan adına növbəti zərərə tuş gələ, hətta “qaş düzəldən yerdə vurub gözü çıxara” bilərik.
Belə fikirlər də səslənir ki, öncə Azərbaycan müstəqilliyi tarixində qurum çərçivəsində ilk dəfə olaraq tutduğu belə yüksək posta layiq olduğunu təsdiqləməlidir. Başqa sözlə, bu, hələ ölkə olaraq bizim o yerin standartlarına cavab verməmiz anlamına gəlmir. Sadəcə olaraq, Azərbaycan hakimiyyəti üçün bir avansdır ki, bəlkə o yerdən usanıb nəhayət, özünə tənqidi yanaşa, ölkə daxili duruma obyektiv nəzər salıb özünü düzəldə, qaydaya sala.
Bəs özünütənqid, ölkə içi vəziyyətə obyektiv yanaşma olacaqmı, özünü düzəldəcəkmi hakimiyyət? Çətin sualdır.
Amma gün kimi aydın olan tək məsələ odur ki, əgər AŞNK-yə sədrlik edə-edə də Azərbaycanda müxalif fikirli insanlar təqib ediləcəksə, vətəndaş cəmiyyəti institutu təmsilçilərinə, azad jurnalistlərə qarşı ənənəvi repressiv siyasət davam etdiriləcəksə, onda bundan da acınacaqlı mənzərə yarana, ölkəmiz demokratik dünyanın daha sərt tənqid hədəfinə, hətta “izqoy”a (tullantı ölkəyə) çevrilə bilər. Necə ki, “Eurovision” mahnı yarışmasının Azərbaycanda keçirilməsi ölkəmiz adına dünyada müəyyən pozitiv xallar gətirməklə yanaşı, Qərb mediasının bizdə insan haqlarının fəlakətli durumuna diqqətini birə-üç artırmışdı.
Sağlam məntiq pıçıldayır ki, hakimiyyət onsuz da tünd olan vəziyyəti daha da tündləşdirməyə getməməli, əksinə, sivil görünmək üçün bəzi yumşaldıcı addımlar atmalıdır. Onlardan biri və birincisi, şübhəsiz, əfv ərizəsi yazıldı-yazılmadı, siyasi və vicdan məhbuslarının hamısını, o sırada son tutulan ictimai-siyasi fəalları azad edilməsi ola bilər.
Hakimiyyət həm də ona görə bu addıma məhkumdur ki, müstəqil Azərbaycanda hələ bu sayda siyasi-vicdan məhbusu olmayıb. Onların mövcudluğu isə hakimiyyət etiraf eləsə də, etməsə də ölkəmiz adına böyük utanc gətirir, dünyada düz sözümüzün də kəsərini azaldır.
Əlbəttə ki, sadəlövhlükdən Azərbaycan demokratiyadan uzaq olan qədər uzağıq. Ola bilsin, bir partiya siyasi məhbus buraxıldıqdan az sonra (bəlkə də elə Azərbaycan AŞNK-ya sədrlik edə-edə) yeniləri içəri salınacaq. Zira, hakim rejimin mahiyyəti, xarakteri bunu diktə edir. Antidemokratik rejimlər vicdan, siyasi məhbuslarsız mövcud ola bilməz. Korrupsiya kimi, siyasi dustaqların varlığı da belə idarəçiliklərin brendi, vizit kartlarıdır. Təsadüfi deyil ki, hər hansı ölkənin media azadlığı indeksi, bütövlükdə söz-ifadə azadlıqlarının durumu oradakı korrupsiya və rüşvətin səviyyəsi ilə bir qayda olaraq tərs mütənasiblik təşkil edir.
Yəni əsla mümkün deyil ki, korrupsiyanın çiçəkləndiyi məmləkətdə azad mətbuat rahat nəfəs alsın. Mətbuat azad deyilsə, deməli, dövlət-cəmiyyət münasibətləri də şəffaf deyil. Şəffaflıq yoxsa, mətbuat azad deyilsə, sözsüz ki, məhkəmələr də azad deyil. Çünki hakimə ciddi ictimai nəzarət yoxdur və o üzdən onun üçün qanunun yox, pulun, var-dövlətin diktəsi həlledicidir…
*****
Sadalanan problemlər toplu şəkildə yenə də aparıb hakimiyyətin legitimliyi məsələsinə çıxarır. Ən qorxulusu da odur ki, qeyri-legitimlik ölkədə milli və vətəndaş barışını əlçatmaz edir. Ərazisinin 20 faizi işğal altında olan ölkə üçün bunun hansı anlama gəldiyini xırdalamağa lüzum qalmır. Belədirsə, hakimiyyətin siyasi məhbus problemini qapatması ilə (əgər qapadacaqsa təbii ki!) iş hələ bitmir, iş təzə başlayır; bu, sonun başlanğıcı yox, olsa-olsa, başlanğıcın sonu ola bilər.