(Əlövsət Osmanlının xatirəsinə)
Bu yaxınlarda bir dostum zəng vurub dedi ki, Konstantin Simonovun “Ölülər və dirilər” romanını oxuyur. Qəribə hisslər keçirdim, çünki həmin günlər romanın adı yadıma düşmüşdü. Onu 80-ci illərdə, hələ orta məktəbdə oxumuşdum, Böyük Vətən müharibəsi haqda (yeri gəlmişkən, indi dünya standartına uyğun olaraq bunu “İkinci Dünya Savaşı” adlandırmaq dəbdir, əks halda, səni ruspərəst sanırlar, ancaq neyləmək olar, biz bu davanı gözümüzü açandan belə “görmüşük”, uydura bilmərik) ən yaxşı romanlardan biridir. Romanı xatırlamağım isə tamam başqa bir məsələ ilə bağlı idi. Əlövsət Osmanlı tez-tez yadıma düşürdü, həmin günlərdə…
Əslində Əlövsət müəllim unudulmaz insanlardan biridir və mən onu ötən ilin sentyabrında qəfil ölümündən sonra heç yaddan çıxartmadım. Simonovun romanının adını – “Ölülər və dirilər”i də ona həsr edəcəyim yazıya başlıq kimi fikirləşmişdim.
İnsanın ölü, ya diri olması nə ilə ölçülür? Mənim aləmimdə insan ağ vərəqi dolduran yazı kimi bir şeydir. Görünür, publisist olmağımızdan irəli gəlir bu müqayisə. Amma dəxli yoxdur, əsas simvol hərəkətdir, boşluğu doldurmaqdır. Və bir gün adam öləndə yerinin boş qalmasının hiss edilməsi adamın gerçək qiymətidir. Bu dünyada nə qədər cızıq, yazı, şum, xətt qoymusan və öləndən sonrakı boşluq nə boydadır? Şekspirin sözü olmasın, budur əsas məsələ!
Əlövsət müəllim özündən sonra böyük bir irs qoyub getmiş və yeri daima görünən adamlardan biridir. Açıq desəm, mənə indi də hərdən elə gəlir ki, Əlövsət müəllim zəng vuracaq, hansısa təhsil problemi haqda xeyli danışacaq. Bəlkə sürətli və qəfil ölümü bizdə belə təəssürat doğurur? Bəlkə adamın ölümünə inanmaq üçün o, aylarla xəstə yatmalıdır? Yəqin ki, yox. Elə indi adı siyahılarda sağ gedən nə qədər adam var ətrafımızda. Bəyəm biz onları diri sayırıq? Onların ölüb-ölmədiyini hardan bilirik ki? İnsan xatırlandıqca yaşamaqdadır, bizim onu canlı görməyimiz vacib də deyil. Bu mənada, Əlövsət müəllim sağ azərbaycanlıların çoxundan diridir, canlıdır.
Azərbaycanda öz sahəsinə, işinə bu qədər məsuliyyətlə yanaşan insanlar barmaq sayı qədərdir. Mən həmişə dostlara deyirdim, indi də yazıram: əgər Əlövsət Osmanlının pedaqoqika sahəsinə sevgisi qədər başqa sahələri də sevən insanlarımız çox olsaydı biz indi çox yaxşı yaşayardıq. Bu adam təhsil sahəsində ən kiçik problemə qədər diqqətdə saxlayırdı, yazılar yazırdı, intervülər verirdi, kitablar buraxırdı. Pedaqoqikanı beş barmağı kimi bilirdi, bu sahə üzrə dünyanın proqressiv ölkələrində çıxan ədəbiyyat, dərslik, elmi jurnallar – hər şeylə maraqlanırdı. Bir də görürdün zəng vurub deyir: “Təhsil üzrə filan problemi tapmışam, özüm yazmışam, ancaq istəyirəm sənin də qələmin toxunsun”. Deyirdim, baş üstə, Əlövsət müəllim, mütləq yazarıq. Bir azdan poçtumu açanda görürdüm ki, Əlövsət müəllim həmin problem haqda bir dəstə yazı-pozunun linkini göndərib. Yəni jurnalistlərə yazı hazırlamaq işində də minnətsiz, əvəzsiz yardım edərdi. Keçən ilin sentyabrından Azərbaycan jurnalistləri və oxucuları təhsil problemləri sahəsində yazılarda yaranan böyük boşluğu görürlər.
Təhsil problemləri demişkən, yanılmıramsa bizdə hətta bu adda institut da var. Üstəgəl Müəllimlər İnstitutu. Yanına da qoy APU, BDU və sairə məktəblərdə küllənən yüzlərlə pedaqoqları… Əlövsət Osmanlı təkbaşına fəaliyyəti ilə bütün bu institutların görməli olduğu işi əvəz edirdi. Onlar sağ ikən ölüdür, Əlövsət müəllim isə diridir.
Hər kəsə belə dirilik, canlılıq, ölümə meydan oxumaq arzu edirəm.