Əməkdaşımız Fərahimin döyülməsini görüntüləyən videolentlərin mövcudluğu faktını biləndən sonra bir sıra dostlar əminliklə bildirdilər ki, bu, artıq üstü açılmış cinayət işidir, hakimiyyət istəsə, işi tezliklə açacaq.
Biz gözləyirdik ki, bu savab iş terror aktının (lap olsun “məxməri terror”) ertəsi günü, yəni bir sutkasının tamamında baş verəcək. Çünki əsas hakimiyyət strukturu bu məsələdə qətiyyətli görünürdü.
Amma olmadı və ilk quşqulanmalar meydana gəldi. Elə görünürdü ki, bu işin üstü onlarla bənzər işlər kimi qapadılacaq.
Bu gümanlar da doğrulmadı. Fərahimi kikboksinq fəndləri tətbiq edərək döyən idmançı Feyruz Termişi yaxalandı. Məlum oldu ki, onun gec yaxalanmasının səbəbi hadisədən sonra ictimaiyyət arasına çıxmaması, gizlənməsi olub, çıxdığı gün isə ələ keçib.
Termişi tutulanda artıq heç bir şübhə qalmadı: bu iş açıldı. Çünki Termişi sifarişi ona verənin adını da çəkmişdi və adamın – Tural Bayramovun şəkilləri saytları bəzəyirdi. Kimliyi məlum, ev ünvanı məlum, iş ünvanı bəlli, dost-tanışlar dairəsi ortada – adamın qaçıb gizlənəcək yeri yox idi.
Bütün media əhli, eləcə də bu məsələ ilə ilgilənən ictimai-siyasi fəallar Tural Bayramovun elə həmin gün yaxalanacağını və onun da əsas sifarişi kimdən aldığını polisdə dilə gətirəcəyi güman olunurdu.
Ancaq bu güman da doğrulmadı. Termişinin yaxalanmasından keçən bu beş gündə Tural Bayramovu saxlamaq, istintaqa cəlb etmək mümkün olmayıb.
Əslində bu, absurddur. Ortada bu qədər dəlil-sübut, aydın koordinatlar, əlaqələr olduğu halda T.Bayramov nəinki Azərbaycan hüdudlarında gizlənsəydi, hətta Xabarovska qaçmış olsaydı da, tapılıb-tutulmalıydı.
Əgər adı, görüntüləri dillər əzbəri olduğu halda adam əlini-qolunu sallayıb gəzirsə, yaxud özünün, dostunun, qardaşının evində uğurla gizlənirsə, tapılmırsa, demək, istintaqın gedişini tormozlayan biriləri var.
Bu, həm də o deməkdir ki, Termişinin sifarişçi kimi ələ verdiyi T.Bayramov əsl sifarişçi deyil. Belə olsaydı, T.Bayramov həbs olunar, istintaqda jurnalisti nəyə görə döydürdüyünə dair bir motiv irəli sürər (lap deyək ki, qız məsələsi, yaxud feysbukda söz çəpləşməsi və s.), beləliklə də layiq olduğu cəzanı alar, iş bağlanardı.
T.Bayramovun istintaqdan yayındırılması, təhqiqatın irəliləməməsi onu göstərdi ki, jurnalistə qarşı cinayətin izləri T.Bayramovdan keçərək daha yuxarılara gedir.
Zatən, həmin yuxarıların kim olması da sirr deyil. Hələ Termişi tutulan gün saytlar Tural Bayramovla qol-boyun şəkil çəkdirənlərin fotolarını yaymışdı və onun sifarişi bu şəxslərdən aldığı artıq şübhə doğurmurdu.
Məsələ ondaydı ki, Tural Bayramovun Fərahim İlqaroğlunu döydürmək üçün heç bir motivi, bəhanəsi, səbəbi yox idi, deputat Elton Məmmədovun oğlu Aynarın səbəbləri isə vardı.
Çünki həmin günlər o, “media ulduzu”na çevrilmişdi: qəzetlər, saytlar onun bahalı maşınlarda avtoxuliqanlıq etməsindən yazır, jurnalistlər isə bu yazıları öz kicik qeydləri ilə sosial şəbəkələrdə paylaşırdılar və onlardan biri də Fərahim İlqaroğlu olmuşdu.
Elə ələ keçdiyi gün Feyruz Termişi də ilkin ifadəsində bildirmişdi ki, Tural ona Fərahimin şəklini “feysbuk”da göstərib və onu ölümcül döyməsini tapşırıb.
Beləliklə, ortada heç bir sirr-filan qalmayıb. Qədim Roma hüquqçuları kimi “bu cinayət kimə lazım idi” deyə sual qoymaq, dərin-dərin düşüncələrə dalmaq, özünü Erkül Puaro, Şerlok Holms kimi çətinə salmağa da ehtiyac yoxdur.
Hər şey ortadadır. Cinayətin üstü açılıb. Bircə cinayətin ələ keçmiş icraçısının ardınca, gizlənən vasitəçisini və qorunan sifarişçisini də tutmaq, mühakimə etmək qalır.
Bu işin Nizami rayon Polis İdarəsindən alınıb DİN-in mərkəzi aparatına verilməsi bir tərəfdən ümid yaradır ki, Nizami polislərinə təzyiq göstərənlər eyni şeyi DİN rəhbərliyinə edə bilməyəcəklər, bir tərəfdən də şübhə doğurur ki, əgər bu işin üstü DİN-də basdırılsa, müraciət etməyə yuxarı instansiya qalmayacaq.
Deyə bilərlər ki, sonda Baş Prokurorluğa müraciət etmək olar. Ancaq nəzərə alaq ki, baş prokurorun baş köməkçisi Namiq Məmmədov Aynar Məmmədovun əmisi oğludur.
Beləcə, ortada bir qapalı dairə var. Əgər bu cinayətin əsl sifarişçiləri cəzalandırılmayacaqsa, daha bu ölkədə dövlətçilikdən, qanunun aliliyindən, kriminogen durumun nəzarət altında olmasından danışmağın mənası olmayacaq.