Aprelin 25-də “Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlunu yaşadığı evin qarşısında vəhşicəsinə döyən Feyruz Termişinin saxlanmasının ardından, hadisənin digər iştirakçısı Orxan adlı şəxs və cinayətin sifarişçisi Tural Bayramov da həbs edilib. Bu barədə musavat.com-a qeyri-rəsmi mənbələrdən xəbər daxil olub.
Bildirilir ki, nəqliyyat naziri Ziya Məmmədova və onun deputat qardaşı Elton Məmmədova yaxınlığı ilə tanınan, onların sərəncamında olan Kikboksinq Federasiyasında çalışan Tural Bayramovun həbsindən sonra adları çəkilən nüfuzlu şəxslər səviyyəsində istintaqa təzyiqlər var. Onlar Tural Bayramovu qorumaq, bu cinayət işinin təhqiqatının yarımçıq saxlanmasına nail olmaq istəyirlər.
Aldığımız məlumata görə, jurnalistə qarşı həyata keçirilmiş sifarişli terror aktının daha bir detalı məlum olub. Belə ki, Termişinin F.İlqaroğlunu kikboksinq fəndləri ilə köməksiz hala gətirdikdən sonra yerdə təpikləməsi prosesinə qarışmayan digər muzdlu həmin vaxt çəkiliş aparmaqla məşğul imiş. Onun məqsədi bu kadrları sifarişçiyə göstərərək verilən göstərişin nə dərəcədə dəqiqliklə yerinə yetrildiyini və vəd olunan “qonorar”ı qazanmaq üçün necə zəhmət çəkdiklərini nümayiş etdirmək olub.
“Yeni Müsavat” qəzetinin rəhbərliyi bildirir ki, jurnalistin döyülməsinin bütün iştirakçıları və sifarişçiləri tapılıb tutulana qədər hüquqi müstəvidə mübarizəni davam etdirəcək.
Şəkildə: (soldan) Tural Bayramov və Elton Məmmədovun oğlu Elnur.
Musavat.com