Bəlkə də dövlətçilik mədəniyyəti deyilən şey budur: yüksək dövlət postundan adamın mitilini heç nəyin üstündə bayıra atırlar, mıqq eləmir, öz müdafiəsi üçün bir kəlmə demir.
Bununla neçənci dəfədir ki, hamısı eyni sözü deyir: “Cənab prezidentin qərarları müzakirə olunmur, icra olunur. Hansı vəzifədə olmuşamsa həmişə prezidentin siyasi kursunun əsgəri olmuşam və olacağam da”.
Hamısı müsəlləh əsgərdir. Vətən bunlara oğul deyib, dərdləri yoxdur, mamır olub qayada bitməyə hazırdırlar, öldü var, Qazandan döndü yoxdur və sair və ilaxır.
O gün deputat və ölkənin baş yolçəkəni Cavid Qurbanov da elə demişdi. Demişdi, prezidentin əsgəriyəm, hansı posta qoysa orda duracam. Düzdür, onu hələ vəzifəsindən çıxarmayıblar, amma lap günü sabah çıxarsalar, o da Elşad İskəndərov kimi deyəcək. Deyəcək, əsgərəm mən, komandanım nə desə, odur, əmr müzakirə olunmur.
Əlbəttə, o bilir ki, prezident bu günə bu gün onu Murovdakı “N” saylı posta göndərməyəcək, ən pis halda güclü nazirliklərdən birinə nazir müavini qoyacaq, ya da səfir göndərəcək. Qurbanov onu da bilir ki, indiki sərkərdələr ğz əsgərlərinə “Əsgərim, mən sənə ölməyi əmr edirəm!” demirlər, bölməyi əmr edirlər, məsələ bitir.
Bunlar çox ağıllıdırlar, bilirlər ki, dara-bara sala, “mənim günahım yoxdur, bu mənə qarşı haqsızlıqdır” deyə bilməzlər. Deyərlər, işləri ağır olar. Ortalığa elə faktlar çıxar, adamı elə dolaşdırarlar ki, nəyi var, hamısını itirər, üstəlik, özünü də basarlar içəri, ildə yeddi dəfə əfv ərizəsi yazar, amma buraxmazlar. Ona görə də salamatı budur: “Prezidentin qərarları müzakirə olunmur, mən isə əsgərəm”.
Bu “əsgərəm” məsələsində gələcəyə hesablanmış ümid də var. Ehtiyata buraxılmış əsgərləri bəzən yenidən sıraya qəbul edib hansısa posta göndərirlər axı. Olur, olur. Presedentlər var. Ona görə də oturub gözləmək, həm də susa-susa gözləmək lazımdır. O vaxt Əliyev xarici işlər naziri Həsən Həsənovu vəzifəsindən biabırçı ittihamlarla çıxaranda adam susdu. Həsən müəllim o qədər mətanətlə, müdrikcəsinə və diplomatcasına susdu ki, axırda onu diplomatik vəzifəyə göndərdilər. Heç indi də danışmır.
Əslində, işdən qovulanların mətbuatda “prezidentin qərarları müzakirə olunmur, mən əsgərəm” demələrinə baxmayın, bu, onların öz yaxınlarının yanında “mənim torbamı filankəslər tikdi, prezident də fitnəyə getdi, mənə qarşı haqsızlıq elədi” və sair bu kimi daha səmimi izahatlar verməsinə mane olmur. Amma bu sözləri elə yerdə deməlisən ki, çuğulluq eləməsinlər. Şeytan xəbər aparar, ondan sonra gərək ildə yeddi dəfə əfv ərizəsi yazasan.
Dostlar deyir ki, işdən çıxarılanların özlərini müdafiə etmək üçün bir söz deməmələri əslində riyakarlıqdır. Gerçəkdə onlar özlərini müdafiə etmək üçün çox danışa bilərlər, amma danışmırlar, hakimiyyət qəfildən dəyişsə, elə danışarlar ki… Əlbəttə, danışarlar. Hansı başıxarab “o vaxt məni işdən düz eləyib çıxarmışdılar” deyər? Əksinə, ortaya çıxıb, “o vaxt sözü üzə dediymə, onların qanunsuz qərarlarına etiraz etdiyimə görə məni işdən çıxardılar, təzyiqlərə məruz qaldım” deyə özünü dissident elan edənlər də olar. İndilikdə isə əsgərdirlər, komandir hansı posta göndərsə, dırmaşacaqlar.
Yaxşı yadımdadır, Elçibəyin prezidentliyi dövründə bir cəbhəçi İH başçısını uzun sürən 5 aylıq fəaliyyətdən sonra işdən çıxarırdılar. (O vaxt beləydi, İH başçısı qol çəkib dərkənar qoymağı öyrənməmiş işdən götürürdülər). Yeni başçının təqdimat toplantısında köhnə başçıya da söz verdilər. Əslində o da Elçibəyin əsgəriydi. Amma bu əsgər işdən çıxarılması ilə barışmırdı. Adam çıxdı tribunaya, dedi, KQB-nin rayon şöbəsinin sədri oğraşın dal ayağıdır, torbamı o tikdi, rəis elədir, prokuror belədir filan trestin müdiri yaramazdır, prezident də mənə qarşı düz eləmir, ona yanlış məlumat veriblər, o da tırkaya gedir, rayonda qarşıdurma olacaq. “Qarşıdurma” sözü səslənəndə yeni başçının tərəfdarları ayağa qalxdılar, ağır danışdılar. Belə olanda köhnə başçının tərəfdarları da qalxdılar, söyüş söydülər. İclasda qarşıdurma yarandı. Köhnə başçı da bir az susdu, axırda müdrik-müdrik dedi: “Bax, budur qarşıdurma”.
Ancaq indiki məmurlar daha ağıllıdırlar. Onlar əsgərdirlər və əmri müzakirə etmirlər.