Hər tamaşanın əvvəlində pərdə qalxır, sonda enir. Azərbaycan yollarında isə hər şey tərsinədir, maşınlarda ilk olaraq pərdə enir, sonra qalxır
Bu gündən pərdə həvəskarı olan sürücülər üçün yay sezonu başlayır. Azərbaycan ərazisində maşınlara pərdə vurulmasına qoyulmuş qadağanın müddəti bitdi. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin iqlim şəraiti nəzərə alınmaqla hər il mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanmış pərdələrdən istifadəyə icazə verən qərarı qüvvəyə minib.
Mütəxəssilər avtomobillərdə pərdə və jalyüzlərə qoyulan qadağanın mövsümi olmasını məntiqsiz addım sayır. Avtomobil üzrə ekspert Elçin Abbasov açıqlamasında bildirdi ki, avtomobillərdə pərdənin olmasının texniki cəhətdən onu idarə edən sürücülər üçün heç bir fərqi yoxdur.
Ekspertin sözlərinə görə, belə bir qanunun olmasına texniki cəhətdən heç bir məhdudiyyət yoxdur: “Düzdü, arxada olan maşını daha yaxı görmək üçün pərdə və jalyüzlərin olmaması rahatlıq yaradır. Amma bu, o demək deyil ki, arxa bağlı olarsa, bu, idarə etməyə hansısa məhdudiyyət yaradır. Elə avtomobillər var ki, onların arxa tərəfi tam bağlıdır. Bu, o deməkdir ki, həmin avtomobili idarə etmək problemdir?“
E.Abbasov hesab edir ki, məntiqi olaraq bu pərdələrə ya icazə verilməlidir, ya da yox. Mövsümi olaraq pərdədən istifadə düzgün deyil. Mövsümi olaraq təkərlədən istifadə olar ki, qış vaxtı sürüşməni artıra bilər. “Plyonkanın, pərdənin vurulması arxa şüşədə qızdırıcı spirallar olan avtomobillər üçün məsləhət deyil. Tez-tez pərdənin sökülməsi spiralları sıradan çıxara bilər. O vaxt belə əsaslandırdılar ki, guya maşının arxasında kimlərsə, məsələn, terrorist, silahlı ola bilər. Maşında bir şey edərlər. Amma maşın da sürücünün evi kimi əmlakıdır” – deyə ekspert əlavə etdi.
Hüquqşünas Müzəffər Baxış isə bildirdi ki, pərdələrin mövsümi olaraq taxılmasını hava şəraiti ilə əlaqələndirirlər. Guya günəş şüalarının maşının daxilinə düşməsinin qarşısını almaq məqsədilə edilir. Fəsillərlə, iqlim şəraiti ilə bağlı qanunvericilikdə məhdudiyyətlər nəzərdə tutulur. Yay mövsümü ilə əlaqədar pərdə və jalyüzlərin istifadəsinə icazə verilir, qışda isə qadağa qoyulur.
M.Baxışın fikrincə, pərdə-plyonkanın qadağasının elmi əsası olmalıdır: “Məhdudiyyəti tətbiq edən şəxslər sübut etməlidirlər ki, pərdə ilə avtonəqliyyat vasitəsini idarəetməsinə hansısa təhlükəsi var. Yoxsa yayda olsun, qışda olmasın kimi yanaşılmamaldır. Əslində bu məsələni düşünmək olar ki, bu, idarəetməyə təhlükə törədirsə, bu, yayda və qışda da mümkündür. Belə düşündürücü məsələlər ortaya çıxa bilər. Demokratik ölkələr öz qanunvericiliyini böyük elmi əsaslar üzərində qururlar. Müəyyən institutlar işləyir bunun üstündə, kortəbii hansısa dövlətdən köçürmürlər. Sübut olunsa ki, pərdənin istifadəsi hansısa təhlükəyə səbəb olmur, burada məhdudiyyətə ehtiyac yoxdur”.
Milli.az