Türkiyə hökumətinin başçısı 17-25 dekabrda Türkiyədə çevrilişə cəhd edən Güləni rəsmi Vaşinqtondan istədi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PBS kanalının müxbiri Çarli Roza verdiyi müsahibədə ABŞ-da mühacirətdə olan Fətullah Gülənin Türkiyəyə gətirilməsi ilə bağlı hüquqi sürəcin başlayacağını deyib.
Musavat.com-un Türkiyənin “Hurriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, müsahibədə baş nazir Türkiyənin ABŞ-dan Gülənin təhvil verilməsini gözlədiyini deyib.
Ərdoğan bildirib ki, baş nazir olduqdan sonra Fətullah Gülənlə yalnız telefon danışıqları olub: “Mən Istanbul Böyük Şəhər Bələdiyyə başqanı olduğum zaman Fətullah Gülənlə görüşmüşdüm. İlk iki dönəmdə həmin qrupla münasibətlərimiz yaxşı idi. Problemlər 2010-cu il Konstitusiyaya dəyişikliklər məsələsi gündəmə gələndən sonra başladı. O zaman bu qrup polis və məhkəmə üzərində nəzarəti əldə saxlamaq çalışmalarına başladı. Təbii, bu, mənim qəbul edəcəyim addımlar deyildi”.
Baş nazirin dediyinə görə, o zaman AKP qrupun “pis niyyəti”nin fərqində olmayıb: “Bunu sonradan hiss etdik, qabaqlayıcı tədbirlər gördük. 17 dekabr, 25 dekabr isə məsələnin çevriliş həddinə gəldiyi dönəmlər oldu. Bu, açıq, silahsız çevriliş idi. Əğər mən xaricdən ölkəyə qayıtdıqdan sonra bütün baş verənlərə səssiz qalsaydım, olay çox fərqli istiqamətlərdə inkişaf edəcəkdi. Mənim ofisimə dinləmə qurğusu yerləşdirilmişdi. Nazirlərimizi də dinləyirdilər. Baş naziri, nazirləri dinləyən insanların vətənpərvərliyindən söhbət gedə bilərmi? Mən bunları hörgüt olaraq görürəm. Bizim Amerika Birləşmiş Ştatlarından gözləntilərimiz bu qüvvələri Türkiyəyə təhvil verməsidir. Türkiyədə ABŞ-ın milli təhlükəsizliyini təhdid edən qüvvələr olsa, biz hansı addımı atarıqsa, bizim strateji tərəfdaşımız olan Vaşinqton da eyni addımı atmalıdır”.
PBS-nin “sizcə ABŞ Fətullah Güləni Türkiyəyə təhvil verəcəkmi” sualına cavabında isə baş nazir Ərdoğan deyib ki, buna ümid edir. Türkiyə baş naziri deyib ki, ABŞ Fətullah Güləni Türkiyəyə təhvil verməsə belə, ölkədən çıxarmalıdır.
Musavat.com