“Azəravtoyol” dövlət şirkəti sürücülərə xəbərdarlıq edib, deyir Hacıqabul-Bəhrəmtəpə-Horadiz yolunda bəzi hissələr bağlı olacaqdır. Çünki şanlı ordumuz yolda hərəkətə başlamışdır, gedirik Qarabağı almağa. Zərbə Horadizdən vurulacaqdır, bu saat o yolda zirehli texnikalarımızın tozu göyə qalxır. Zəfər yürüşünün əsasları isə Praqada – dövlət başçımızın erməni prezidentinə verdiyi kəskin cavab zamanı qoyulmuşdur.
Zarafat edirəm, heç kim qorxmasın. İndi 92-ci il deyil ki, hər qapıya şəhid gəlsin? Şükür olsun, bütün veteranlara “Oka” maşını verilib, qaçqınlarımız üçün isə Müşfiqabadda müasir yaşayış kompleksləri tikilmişdir. Narazılığa qəti səbəb yoxdur. Sadəcə, həmin yolun Saatlı rayonundan keçən hissəsində təmir-tikinti işləri aparılacaqdır.
Ancaq görünür bəzi özünü ziyalı adlandıran kəslər bu cür inkişafı, tərəqqini görmək istəmirlər, hər şeyə qara rəngdə baxırlar. Mən çox təəssüf edirəm ki, xaricdən maliyyələşən həmin ermənipərəst qüvvələrin siyahısına dünya şöhrətli xalq yazıçımız Çingiz Abdullayev də qoşulmuşdur. Çingiz müəllim srağagün modern.az saytına intervü verərək görün nələr-nələr söyləyibdir: “İlk növbədə ziyalılar deməlidir ki, belə yaşamaq olmaz. 1917-ci ildə SSRİ qurulanda elan elədilər ki, Allah yoxdur.
Biz 70 il allahsız yaşamağa başladıq. 1991-ci ildə SSRİ dağılanda bizə dedilər ki, vicdan yoxdur, lazım da deyil. Başladıq vicdansız, Allahsız yaşamağa. Son 5-6 ildə bizə deyirlər, Azərbaycanda ləyaqət lazım deyil. Ləyaqətsiz yaşamaq lap yaxşıdır. İndi də cəmiyyətimiz Allahsız, vicdansız və ləyaqətsiz yaşayır. Belə cəmiyyət hara gedəcək?”
Gördünüzmü? Bu adam lap ağını çıxardıbdır. Axı sənin nəyin çatışmır, almısan mandatı… Yox, bu ayrı mətndən idi…
Oturmusan Bakının göbəyində, Azərbaycan Yazıçılar Birliyinin isti kabinetində. (Bildiyiniz kimi, Çingiz müəllim orda katibdir). Cənab prezidentin atalıq qayğısı sayəsində hər il prezident təqaüdü alırsınız, kitablarınız dükanları basıb, Kislovodskiyə gedib çimirsiniz.
Bunun danışığına bax, vallah, ilk anda elə bildim bəlkə yanlış görmüşəm, Rüstəm İbrahimbəyovun intervüsüdür. Nədir, sənin də torpağını Rövnəq alıb əlinnən?! Ayıb deyilmi!? “Son 5-6 ildə ləyaqətsiz yaşayırıq” cümləsi ilə nə demək istəyirsən?
Ölkəmizin ləyaqəti son 5-6 ildə artıb, hətta ləyaqətimiz kosmosa uçub. Vicdan da onun kimi. Bu saat Xətai rayonunda ləyaqət və vicdan yarmarkaları təşkil edilib, camaat gedir ordan ucuz qiymətə ləyaqət, vicdan alır.
Allahsızlığa gələndə, elə dünən cənab prezident Binəqədi rayonunda məscid tikintisinə baş çəkmişdir, Abdullayev bunu niyə görmür? Bəlkə də görmək istəmir. Hamısı hökumətin əlinin duzundandır. Alırlar, yeyirlər, içirlər, sonra da hökumətin üstünə, ayıb olmasın, qusurlar. Biri var idi, hətta deputat da olmuşdu, ancaq getdi ermənilərə işlədi, nəticədə xalq qəzəblənib kitablarını yandırdı.
Mən Çingiz müəllimi qınamıram, onun sədri elə danışandan sonra, daha kimi qınayasan… Bu yaxında Anar müəllimin intervüsü çıxmışdı, deyirdi ki, 28 ildir Azərbaycan Yazıçılar Birliyinə sədrlik edir, zülüm çəkir. Halbuki, bunun azı 20 ili indiki hakimiyyətin vaxtına düşmüşdür. Bəs sən bu cür gözəl hakimiyyətdə niyə zülüm çəkmisən? Qəlyanın boş qalıb? Ya uşağı səfir işləməyə gec göndəriblər?
Bütün bu kimi hallar vaxtında tədbir görülmədiyi üçün yaranır. Bir neçə il qabaq həmin bu Çingiz Abdullayev demişdi: “Azərbaycan təhsili Azərbaycan xalqına qara ləkədir”. O vaxt bu iftiraya görə cəzasını alsaydı, indi bütün xalqımıza ləkə yaxmağa cürət edərdimi? Etməzdi. Hər şey təhsildən başlayır. “Təhsil millətin gələcəyidir” – dahi rəhbərimiz demişkən.
Özü də bu, guya dedektiv yazardır. Yaxşı dedektiv danışdığının nəticələrini görməlidir. Belə getsə bu Abdullayev NİDA Vətəndaş Hərəkatının zindanda 11 gündür aclıq aksiyası keçirdən gənclərinə qoşulacaqdır. Bu da xalqın ziyalısı, qabaqda gedəni… Kimə ümid eləyəsən…