Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİA) və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə jurnalist Vüqar Tofiqlinin “XX yüzilin Ağdamı” kitabının təqdimatı keçirilib. Tədbirin əvvəlində Ağdam haqqında videoçarx nümayiş etdirilib. Daha sonra çıxış edən AVCİA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, kitabda maraqlı araşdırmalar yer alıb. Onun sözlərinə görə, müəllif əsəri yazmaq üçün uzun müddət arxivlərdə işləyib, araşdırmalar aparıb: “Kitabda Ağdam haqqında maraqlı faktlar var. Bu baxımdan kitab alimlər üçün dəyərli vəsaitdir”.
Millət vəkili Fazil Mustafa çıxışında kitabın Azərbaycan xalqında bir qayıdış duyğusunun oyatması baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb: “Hər bir millətin tarixində işğal hadisələri yaşanır. Əsas odur ki, millət bu işğalı aradan qaldırmaq üçün hansı işlər görür. Bu baxımdan bu cür kitabların dəyəri böyükdür. Azərbaycan cəmiyyətində insanın bir qayıdış duyğusunu oyatmalıyıq. Bu cür əsərlər də vətəndaşlarımızın qayıdış duyğusuna xidmət etməlidir”.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev Qarabağla bağlı tədbirlərin əhəmiyyətini vurğulayaraq, müəllifin əsərdə çox gözəl janra müraciət etdiyini qeyd edib: “Kitab çox nəfis şəkildə tərtib olunub. Bu kitablar da bizləri əməli işlərə səsləyir. Bu işləri görmək üçün bizim kifayət qədər əsaslarımız var. Çünki bu gün Azərbaycan yenilməz gücə sahibdir. Bu gün insanlar Ağdama qayıdır. Təsadüfi deyil ki, Ağdamda əvvəllər 27 min adam yaşayırdısa, indi 93 min nəfər yaşayır”.
Millət vəkili Qənirə Paşayeva çıxışında kitabın gənclər üçün bir örnək olacağını deyib: “Ağdam təkcə ağdamlıların deyil, bütün Azərbaycanındır. Bu kitabı ona görə, dəyərləndirirəm ki, kitabın dil üslubu çox sadədir. Ağdamı görməyən gənclər bu əsər vasitəsilə Ağdamla tanış ola bilərlər. Bu baxımdan biz bu kitabı təbliğ etməliyik, gənclərimizdə vətənpərvərlik hissinin, sahiblənmə hissinin gücləndirilməsi üçün kitabın rolu əvəzsizdir”.
Sonra millət vəkili Flora Qasımova, professor Rafiq Əliyev, Mustafa Çəmənli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcad, MHS-Poliqraf Şirkətinin nümayəndəsi Fəxrəddin Şahsuvarov Ağdam haqqında xatirələrini danışaraq, kitabın dəyərini və vacibliyini vurğulayıblar.
Sonda kitabın müəllifi Vüqar Tofiqli çıxış edərək bildirib ki, əsas məqsəd Qarabağın gənc nəslə təbliğ etməkdən ibarətdir. Onun sözlərinə görə, gənc nəsil Qarabağı unutmamaq və həmin yerlərə qayıtmaq ovqatını bu kitabdan ala biləcək: “Əminəm ki, kitabı oxuyan hər bir insan torpaqlarımız geri qayıtdıqdan sonra məhz bu kimi kitabların sayəsində öz məhəllərinin, evlərinin yolunu asanlıqla tapa biləcək.”