Tərcümə edərkən ərəb, fars sözləri əl-ayağa dolaşır. Bacardıqca bu sözlərdən arındırmağa çalışıram çevirdiyim əsəri. Beləliklə, sözlüyümüzə və ana dili toplusuna da bir qatqım olur.
Bu heç, bu, öz yerində, gördüyüm işə həvəsliyəm. Baxmayaraq təxminən iki ay öncə Vergilər Nazirliyi “Qanun” nəşriyyatına kəsdiyi 150 min manatlıq cəriməyə görə bir neçə çevirməni (tərcüməçini) istintaqa çağırmışdı. “Niyə tərcümələr edirsiz”, “Nə üçün tərcümələr edirsiz”, “Tərcümə etməkdə əsas məqsədiniz nədir” kimi mənasız suallar verdi. Ancaq bütün bunlar bizim gördüyümüz işin, çevirdiyimiz ədəbiyyatın, kitabların yanında boş-boş söhbətlərdi. Çünki dünyada ən qalıcı nəsnə yazıdı, kitabdı.
Daş kitabələr, mixi yazıları, Şumer dili, Orxon-Yenisey abidələri, lap elə Qobustan yazı-rəsmlər bütün nazirlər və nazirliklərdən çox-çox qədimdi və onların hamısından sonra da uzun-uzun ömür sürəcək.
Əziz və sayğıdəyər oxucu, məsələ heç bunda da deyil.
Deyir, türk dilində yazırsınız, türk sözlərindən istifadə edirsiniz – dilimiz korlanır.
Deyir, o vaxt rusun dilində danışırdıq, indi də türkün dilində danışırıq, ayıb olsun bizə.
Məsələ bundadı. Əsəbləşdirən, hövsələdən çıxaran budu!
Kim deyir? Əşi nə fərqi, belə deyən çoxdu.
Soyunu tanımayanlar və ya bu soya ürəklərinin dərinliklərində nifrət edənlər deyir.
Biz ucsuz-bucaqsiz Türkistanda nə qədər saf, dumduru türkizmlər, ana sözcüklər var. Bunları toplayıb böyük bir türk dili sistemi yaratmağa çalışırıq. Bu sadə, yatımlı sözləri dilin canına çəkirik, basqın edən yabancı sözləri çıxarıb yerinə özbəöz sözlərimizi tapıb gətiririk. İmkan verin işimizi görək.
O ki qaldı rusa, rus dili böyük anlamda heç vaxt bu toplumun dilinə yatmayıb.
Konkret rusdilli kəsim yaradıb Sovet rus imperiyası, xalq olaraq biz 70 il ərzində heç cür rusun dilini beş-on illik Türkiyə ilə yaxınlaşmada Anadolu türkcəsi qədər içimizə çəkə bilməmişik. Bakıdan başqa heç yerdə rusca danışmayıb bu xalq. Yalanmı?!
Güneylilərdən seçilərək biz soyumuzu unutmuşuk. Onlar hər zaman və hər yerdə türk olduqlarını biliblər, bunu qürurla söyləyiblər. Biz isə SSRİ yaranandan sonra azərbaycanlı olmuşuq, hələ də konudan, tarixindən, kimliyindən xəbərsiz-xəbərsiz azərbaycanlı olmaqda davam edənlər var.
Atam nənəsinin ona dediklərini mənə tez-tez danışardı. Nənəmiz deyərmiş ki, bala, biz tork idik, rus gəlib bizi azərbaycanlı elədi. Bizim başburutumuzda (pasport sözü başburutdan yaranıb) türk (tork) yazılırdı öncələr.
Kimə pisliyimiz dəyir ki?
“Xudbəsən” kimi mənasız sözü gözəlcə “məncil” sözü ilə əvəzləyirik.
Uşaqlarımıza ərəb adları qoyuruq, bilim dilimizi, rəsmi qurumları hətta gedişatları farsca, ərəbcə adlandırırıq. Elə sözlər var dünya çapında işlənir artıq, terminə çevrilib az qala, onda bir sorun yoxdu, amma məsələn “müharibə” kimi çətin ərəb sözünü “savaş”a niyə dəyişməyək? Deyin də, niyə dəyişməyək?
Məsələn, təhsil, müəllim (molla) sözlərini, öyrətim (egitim), öyrətmən sözləri ilə niyə dəyişməyək? Ərəbin mollasından da canımız birdəfəlik qurtara bəlkə.
Şərq, qərb, cənub, şimal deyirik. Bunlardansa doğu, batı, güney, quzey desək, yazsaq daha anlaşılan olmazmı? Doğu – adı üstündə – Günəşin doğduğu yer. Batı – Günəşin batdığı yer. Güney, quzey də həmçinin, adından bəlli.
Öyrətim sözünü eşidən kimi hansı kökdən yarandığı, açması aydın olur. Bəs təhsil nə deməkdi, kimsə bilir?
Elə bilmədiyimiz üçün də təhsilimiz yaman gündədi.
Dəyişiklik, gəlişmə, dilimizi təmiz saxlamaq istəyiriksə çox xırda işlərdən başlamalıyıq, adlardan, sözlərdən…