Yaxından tanımasam, neçə illərdən bəri masa-masaya oturmasam, deyərəm, Fərahim macərapərəstdir, hər dəfə nəsə bir pəstəhaya ürcah olur. Amma mən onu yaxşı tanıyıram, başına gələn iştəklərin də nədən qaynaqlandığını bilirəm.
Adamın işi macəralı işdir. Reportyor olmaq istəyən gəncləri qorxutmaq kimi çıxmasın, reportyorun günü budur. Necə deyərlər, qaçan ayağa daş dəyər. Fərahim də jurnalist olalı günü qaçmaqla keçir.
O vaxt Kür daşqınında gedib selin basdığı Sabirabadda get-gedə yuyulmaqda olan adafason bir yerin üstündə, türkün sözü, mahzur qalmamışdımı? FHN-nin xilasediciləri rezin qayıqla xilas etmişdilər.
Qubada icra başçısı Rauf Həbibova qarşı üsyan qaldırılanda hadisələrin düz ortasında peyda olmuşdu, gözyaşardıcı qazın tüstüsündən bihal olub yerə döşənirkən birtəhər kənara dartmışdılar.
İki il öncə Qarsda 25 dərəcə şaxtaya düşmüşdü, qayıdıb gələndə “Qars” deyirdi, dili “r” hərfini gətirmirdi.
Ötən il Taksimdə Gəzi parkı hadisələri zamanı bir-birilə atışan aksiyaçılarla polislərin ortasında qalmışdı, az qala rezin gülləyə tuş gələcəkmiş.
2012-də “Eurovision” ərəfəsində keçirilən mitinqlərin birində polis durduğu yerdə mədəsinin üstündən yumruqla vurmuşdu, yerdə döşəli qalmışdı, jurnalistlər sürüyüb ayaq altından çıxarmışdılar.
Xülasə, Fərahim İlqaroğlunun təkcə son beş ildə başına gələn ekstremal hadisələri təfərrüatı ilə bəhs etsəm, gərək Şahbaz Xuduoğluna da zəng edib deyəm ki, naşirim, təzə kitab yazıram, plana sal.
Bu son haqq-hesab isə lap mat qalmalı işdir. Bir yekəpər insan ona yaxınlaşır, qəfildən jurnalisti qaydasız döyüş ustasıymış kimi yerə yıxır və təpikləyir.
Yaxşı ki, onun maşınının videoregistratoru hadisənin necə baş verdiyini lentə alıb. Yoxsa bəziləri deyəcəkdilər ki, hələ bilmək olmaz, ona doğrudan da hücum olub, yoxsa yox.
Belə şeyləri çox görmüşük, mütləq biri deyəcəkdi ki, bunu Rauf Arifoğlu özü təşkil etdirib – “Yeni Müsavat”a tiraj yığmaq üçün.
Bir başqası yüzdəyüz basqınçının tərəfinə keçəcək, deyəcəkdi ki, jurnalist dinc duraydı, görünür, ona sataşıb, ağzının payını alıb.
Bir sözlə, jurnalisti vuran və ya vurduran qalacaqdı qıraqda, hər kəs daha ağıllı, daha müdrik versiya irəli sürəcəkdi. Amma ortada videolent var və lentdə görünür ki, idmançı cüssəli şəxs artıq öz avtomobilində olan Fərahimi çağırır, əl uzadıb salamlaşır, ondan söz soruşur və qəfildən əli şalvarının cibində olan jurnalistə hücum edir.
Hə, bu videolara, şəkillərə baxmayaraq, bir versiya mütləq səslənməlidir və artıq səslənir: “Ola bilər, ortada qız söhbəti var”.
Bəri başdan deyim ki, Fərahim nişanlı oğlandır, bu gün-sabah toyu olacaq. Bundan əfzəli isə o, gözü-könlü tox uşaqdır, küçədə-bayırda qarşısına çıxan qadınları süzənlərdən, bildiyimiz yanıqlardan deyil. Ona görə də davada qız faktoru versiyasının başına daş salaq, getsin.
Bəs elədirsə, qarabağlılar demişkən, onsuz da qadaya çorlu olan jurnalisti günün günorta çağı niyə döyürlər, səbəb nədir.
Adətən, hansısa jurnalist döyüləndə şillənin ona kimin sifarişi ilə vurulduğunu “şapp” səsindən üç-dörd saniyə sonra bilir. Əslində yaxşı jurnalist şillələnəcəyini bir qayda olaraq əvvəlcədən bilir, altıncı hissi ilə duyur ki, təhlükə yaxınlaşır.
Çox nadir hallarda olur ki, jurnalist gözləmədiyi vaxt və gözləmədiyi yerdə şillələnir, təpiklənir.
İndinin basqınçıları da qəribə tipdirlər, adamı döyürlər, amma niyə döydüklərini demirlər. Əslində bu, düzgün deyil. Əgər adamı cəzalandırırsansa, təqsirini deməlisən, o da bilməlidir ki, bir daha həmin səhvi eləməsin.
Yoxsa birdən ertəsi gün yenidən bilməyə-bilməyə həmin mövzuda yenə yazdı, yenə gəlib döyəcəklər? Bundansa birdəfəlik demək olar ki, qaqa, filan mövzuda, filankəsdən yazma.
Jurnalist də kamikadze deyil ki, deyə, yox, öldü var, döndü yox, sona qədər yazacam.
İndi görək, jurnalisti döyən idmançını tapacaqlarmı? Əslində o artıq tapılıb, videosu, şəkilləri əllərdədir, əsas sual “tutacaqlarmı”dır. Bizim əməliyyatçıların hansısa bir şəkildə təkcə qulağı görünən adamları gedib Xabarovskdan tutub gətirdiyi çox olub.
Gözləyək.