selim muslumov

Dövlət rəsmiləri, məmurlarla bağlı məlumatlar hər zaman ictimai kəsimin maraqını cəlb edir. Onların fəaliyyəti diqqətlə izlənilir, gördükləri işlər mətbuat səhifələrində, insanlar arasında geniş müzakirələrə yol açır. Təbii ki, Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurların hamısı göz önündə olmurlar. Məsələn nazir müavinləri… Əksəriyyət onların adını belə bilmir.

AzVision.az saytı oxucuların bu marağını nərəzə alaraq “Nazir müavinləri” adlı rubrikanı davam etdirir. Rubrika çərçivəsində ayrı-ayrılıqda nazirlərin müavinləri haqda məlumat veriləcək, onlarla bağlı diqqətçəkən məqamlar oxuculara çatdırılacaq.

Bu dəfə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müavinlərindən bəhs edəcəyik.

Ötən il ölkə prezidentinin sərəncamı ilə nazir postuna təyinat alan S.Müslümovun özü kimi müavinləri də yenidir.

Prezidentin təltif etdiyi nazir müavini

Mətbuatın yaxından tanıdığı İdris Balakişi oğlu İsayev Səlim Müslümovun müavinidir. Nazirlə yaxın münasibətləri olan İ.İsayev bu vəzifəyədək bir sıra mühüm postlarda çalışıb.

O, 22 oktyabr 1970-ci ildə anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsinini əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. 1992-1993-cü illərdə «İnkişaf» Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib.

1993-2005-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb.

2002-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Gorce Universiteti ilə birgə təşkil etdiyi MBA proqramında təhsil alaraq, biznesin idarə olunması ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
24 yanvar 2005-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

2013-cü il 31 oktyabr tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.

Daha sonra İ.İsayev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Ölkə başçısının sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Rus və ingilis dillərini bilir.

Evlidir, 3 övladı var.

Nazirin ən gənc müavini

Səlim Müslümovun digər müavini Mətin İmdad oğlu Kərimlidir. O da digər müavin həmkarları kimi vəzifəsində yenidir.

M.Kərimli 6 iyun 1979-cu ildə anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib.

2000-2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001-2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb.

2005-ci ilin may-iyul aylarında C.Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib.

2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb.

1998-1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, 2003-2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 2005-2008-ci illərdə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent, 2008-2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009-2011-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində ikinci katib, 2011-ci ilin mart-iyun aylarında Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi, 2012-ci ilin iyun ayından bu vaxta qədər isə Vergilər Nazirliyininin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifələrində çalışıb.

M.Kərimli prezidentin 2014-cü il 20 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

İngilis, fransız, rus və ispan dillərini bilir.

Evlidir, 3 övladı var.

Baş həkim, keçmiş icra başçısı və nazir müavini

Natiq Nəsir oğlu Məmmədov Səlim Müslümovun digər müavinidir. O, 23 oktyabr 1956-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1980-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Unversiteti) bitirib.

1980-1985-ci illərdə Bakı şəhəri Dəri-Zöhrəvi Dispanserində fəaliyyət göstərib.

1986-1990-cı illərdə Bakı Baş Səhiyyə İdarəsində Nəzarət İnspeksiyasının rəisi, 1990-1997-ci illərdə Sabunçu rayon Səhiyyə şöbəsinin müdiri, 1997-2000-ci illərdə Bakı şəhəri 12 saylı poliklinikanın baş həkimi, 2001-2004-cü illərdə Gənclər, İdman və Turizm Nazirliyində Turizm Baş İdarəsinin rəisi vəzifələrində işləyib.

2004-2006-cı illərdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

2006-cı ildən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinidir.

Evlidir, 5 övladı var.

21 illik nazir müavini

Səlim Müslümovun sonuncu müavini İlqar Elxan oğlu Rəhimovdur. O, 7 fevral 1964-cü ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, iqtisadçıdır.

1986-1987-ci illərdə Bakı şəhər Nizami rayon Maliyyə şöbəsində iqtisadçı, 1987-1991-ci illərdə Maliyyə Nazirliyində aparıcı məsləhətçi, baş iqtisadçı, 1991-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatının İqtisadiyyat xidmətində məsləhətçi vəzifələrində işləyib.

1993-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır: 1993-1999-cu illərdə nazir müavini, 1999-2004-cü illərdə nazirin birinci müavini, 2004-cü ilin noyabr ayından indiyədək nazir müavini çalışır.

Rus və ingilis dillərini bilir. 1997-ci ildən YAP-nın üzvüdür. 1996-cı ildən Milli Paralimpiya Komitəsinin prezidentidir.

Azvision.az