Stalin Kreml məmurlarına qarşı xidməti münasibətdə ciddi və sərt olmaqla yanaşı, arabir səmimi zarafatları ilə onlarda xoş əhval yaratmağı da unutmayıb. Hətta müharibənin ağır dövrlərində belə rəhbər yumor hisslərindən özünü məhrum etməyib.
Yakov Çadayev 1940-1949-ci illərdə SSRİ Xalq Komissarları Sovetinin işlər idarəsinə rəhbərlik edib. Məhz bu dövrdə imzalanan qərar və sərəncamlarda Stalinin imzasından sonra onun imzası yer alıb. Və bütün bu illər ərzində hazırlanan rəsmi sənədlərin imzalanması üçün onları Stalinə Çadayev təqdim edib. Təbii ki, bu müddətdə rəsmiyyətdən kənar münasibətlər də olub.
İş günlərinin birində Çadayev sənədlər haqqında məruzə etdikdən sonra əlindəki qovluqu stolun üstünə qoyanda Stalin onun qolundakı saata diqqətlə baxıb və təəcüblə soruşub:
– Yakov Yermolayeviç, bəlkə o qolunuzdakı saat haqqında da məruzə edəsiniz?
– Yoldaş Stalin bunu mənə yaxınlarda hədiyyə ediblər. İsveçrə saatıdır. Bunu əsasən amerikalı təyyarəçilər taxır. Zərbəyə davamlıdır.
Sözünü bitirən kimi Çadayev saatını çıxarmaq istəyəndə Stalin imkan verməyib:
– Çıxartmağa ehtiyac yoxdur. Amma mənim belə saat haqqında məlumatım yox idi.
Çadayev kabinetdən çıxan kimi həyəcanla saatla bağlı söhbət haqqında Stalinin köməkcisinə danışanda o təbəssümlə onu sakitləşdirib:
– Yakov Yermolayeviç, siz neçə illərdir Stalinlə işləyirsiniz, amma onun saatlara qarşı marağı haqqında məlumatınız yoxdur. Yoldaş Stalinin qol saatlarından ibarət kiçik, amma çox maraqlı kolleksiyası var. Ona görə o sizin saatınızla maraqlanıb.
Heç cürə sakitləşməyən Çadayev yeni sərəncamları götürmək üçün Bulqaninin kabinetinə keçəndə saat məsələsini ona da danışıb:
– Yoldaş Bulqanin, Stalin mənim saatımla maraqlandı. Sizcə bu nə deməkdir.
– Çıxart qolundan baxım görüm bu nə saatdır axı?
Bulqanin diqqətlə saatı nəzərdən keçirdikdən sonra fikrini bildirib:
– Burda elə də bir şey yoxdur. Belə saatları adətən təyyarəçilər taxırlar. Stalin saat həvəskarı olduğu üçün maraqlanıb. Belə düşünürəm ki, bu saat onun üçün çox da maraqlı olmayıb. Bunu öz təcrübəmdən bilirəm. Mən öz qızıl cib saatımı yadımdan çıxarıb Stalinin kabinetində qoyandan sonra bir daha onun sahibi ola bilmədim.
Çadayev öz kabinetinə qayıdıb və Stalinin imzalayacağı növbəti sənədləri hazırlamağa başlayıb. Onun beynində bir fikir dolaşıb: saatı Stalinə bağışlasın, yoxsa yox. Düşünüb ki, Stalin bəlkə bunu yaltaqlıq kimi qəbul edər və belə olarsa cəzası da ağır olar. Nəhayət qərara gəlib ki, saatı bağışlasın. O bütün sənədləri hazırladıqdan sonra saatı da ayrıca bir zərfin içinə qoyub hamısını birlikdə Stalinin iş stolunun üstünə qoyub. Adətən sənədlər təqdim olunduqdan bir neçə saat sonra Stalin Çadayevi çağırtdırıb imzalanmış sənədləri onun özünə qaytarırmış və lazımi göstərişlərini verirmiş. Ancaq bu dəfə belə olmayıb. Nəhayət bir sutkadan sonra Stalinin köməkçisi Çadayevə zəng edərək deyib ki, gəlib sənədləri və saatını götürsün. Çadayev təbii olaraq düşünüb ki, etdiyi hərəkət rəhbərin xoşuna gəlməyib. O sənədləri və bağlı zərfi götürüb kabinetinə qayıdıb. Zərfi açanda görüb ki, içərisində xronometrli qızıl saat var. Bir neçə gündən sonra Stalinin mühafizəsinin rəisi general Vlasik Çadayevə zəng vurub soruşub:
– Yakov Yermolayeviç, saat xoşunuza gəldimi? Sizə saat almağa görə bir sutka Moskvanı alt-üst etmişəm. Yoldaş Stalinin göstərişi idi. Hər şey əvəz-əvəz olmalıdır.
Elə bu hadisədən bir müddət sonra Çadayev Stalinə sənədlər təqdim edərkən bəzi düzəlişlərə ehtiyac olub. Stalin Çadayevə deyib ki, düzəlişləri elə onun kabinetində etsin. Bu məqamda Molotovla Mikoyan Stalinin yanına gəliblər və onu çay içməyə dəvət ediblər. Stalin Çadayevə tapşırıq verib ki, düzəlişləri etdikdən sonra sənədləri stolun üstünə qoysun və özü gedib. Çadayev qısa bir zamanda həvalə olunduğu işi başa çatdırıb. Oturduğu stuldan qalxanda ayağı nəyəsə ilişib. Baxıb görüb ki, yerdə kiçik bir qəlyan var. Qəlyanı cibinə, sənədləri isə stolun üstünə qoyub çıxıb.
Elə səhərisi günü general Vlasik Çadayevdən soruşub:
– Qəlyanı siz götürmüsünüz?
Çadayev düşünüb ki, yalan danışmağın mənası yoxdur:
– Mən götürmüşəm. Gördüm ki, stolun altına düşüb, düşündüm ki, artıq o heç kimə lazım deyil.
General Vlasik Çadayevin həyəcanını hiss edib və ona təskinlik verib:
– Narahat olmaqdan keçib. Yoldaş Stalin qəlyanı tapmayıb başqısını gətizdirdi və dedi ki, onu bağışladım Çadayevə.
Bir müddət bu hadisəni büruzə verməyən Stalin Kreml ziyafətlərinin birində ciddi bir tərzdə Çadayevə deyib:
– Yakov Yermolayeviç, mən sizin saatınızın əvəzini verdim. Amma siz qəlyanın əvəzini vermədiniz. Bu düzgün olmayan oyundur.
Çadayevin rənginin ağardığını görən Stalin gülümsəyərək əlini onun kürəyinə qoyub:
– Bu bir zarafatdır, Stalin verdiyinin əvəzini almır.
İlham Cəmiloğlu