Prezidentin Rəsulzadə ilə bağlı qərarı günün, ayın, yox, bəlkə də son illərin xoş hadisələrindəndir. Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Müsavat Partiyasının qurucusu olan şəxsiyyətin 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı sərəncam tarixi sənəddir.
Şübhəm yoxdur ki, ən çox sevinənlərdən biri elə böyük Rəsulzadə irsinin araşdırmaçısı, dəyərli ziyalımız Şirməmməd Hüseynovdur. Prezident İlham Əliyevin bu sərəncamı imzalamasından üç gün öncəki görüşümüzdə əsərlərinin 5-ci cildini hazırladığı Məhəmməd Əminin 130 illiyinin keçirilməsi ilə bağlı arzularını bölüşmüşdü.
Müsəlman Şərqindəki ilk demokratik cümhuriyyətin banisi olan KİŞİnin qiymətləndirilmək haqqı var idi. Düzdür, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir, bayrağımız da həmin Cümhuriyyətin yadigarıdır. Ancaq illər idi ki, Rəsulzadəyə rəsmi səviyyədə soyuq münasibətin olmasından dolayı bir nisgil vardı ürəklərdə. Ola bilməzdi ki, bu bayrağı ucaldan və “Bir kərə yüksələn bayraq bir daha enməz” deyən insanın haqqı tanınmasın. Ola bilməzdi ki, elə bu ilin 7 dekabrında 95 yaşı tamam olacaq milli parlamentimizdə ilk çıxış edən Milli Şura sədri layiq olduğu qiyməti almasın.
Ola bilməzdi ki, Gürcüstan prezidenti Saakaşvili gəlib Milli Məclisdə Məhəmməd Əmin Rəsulzadəyə dəyər versin, bizim rəhbərlik ona laqeyd qalsın. Rəsulzadə elə bir şəxsiyyətdir ki, hətta böyük Atatürk ona yüksək dəyər vermişdi. Mustafa Kamal Məhəmməd Əminə xitabən deyirdi: “Mən dünyaya səndən üç sənə erkən göz açmışam. Ancaq bütün türk aləmində türkün istiqbal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. “Enməz” demisən, bu bayraq enməyəcəkdir”. Belə bir kişinin haqqını danmaq olmazdı. Azərbaycanın Cümhuriyyət tarixinin amerikalı araşdırıcısı Tadeuş Svyatoxovski “Corc Vaşinqton amerikalılar üçün kimdirsə, Məhəmməd Əmin Rəsulzadə azərbaycanlılar üçün həmin şəxsdir” demirdimi? Özgələrin dəyər verdiyi dühalarımıza nəhayət, dövlətimiz sahib çıxmalı idi.
Son nəfəsində də “Azərbaycan” deyən bu dahi şəxsiyyət heç zaman özü, ailəsi üçün yaşamayıb. Cümhuriyyətin ilk günlərində Batumda danışıqlar aparırdı ki, türk ordusu gəlib Azərbaycanı daşnaklardan xilas etsin. Əks təqdirdə Bakı və Abşeron Rusiyanın təbəəliyinə veriləcəkdi, Dərbənd kimi. Hətta başqa xidməti olmasaydı belə, Almaniyada minlərlə soydaşımızı faşizmin pəncəsindən xilas etməsi faktı onun tariximizdə qalması üçün bəs edərdi. Amma 34 yaşında əqidədaşları ilə Cümhuriyyət quran bu nəhəng insan çox böyük işlərə imza atdı, jurnalist, müəllim, ideoloq, publisist, yazıçı, mücahid olaraq tarix yazdı.
Çoxdan arzulayırdıq ki, iqtidar, hakim partiya elə müsavatçı, cəbhəçi qədər Rəsulzadəyə sahib durmağa can atsın. Yaxşı ki, ilk addım atılıb. Bir neçə il öncə də işartılar olmuşdu, lakin onda işlər yarımçıq qaldı. 1998-ci ildə də Cümhuriyyət qurucuları ilə bağlı prezident sərəncamı imzalanmışdı. Sadəcə sonrakı illərdə siyasi düşərgələr arasında dərinləşən ziddiyyətlər Rəsulzadəyə mənfi münasibətdə də öz sözünü dedi. Onun adını dərsliklərdən belə silməyə, görməzliyə vurmağa başladılar, “Burada Rəsulzadəyə abidə qoyulacaq” yazılmış daşı Kukla Teatrının qarşısındakı parkdan götürtdürüb məhv etdilər. Hətta bir dəfə böyük sənətkarımız Zeynəb Xanlarova “Rəsulzadənin adı çəkiləndə ayağa durmamaq olmaz” deyə, Cümhuriyyət qurucusuna edilən sayğısızlığa sərt etirazını bildirmişdi.
Prezident sərəncamından gərək bütün məmurlar dərs götürsün. Rəsulzadənin adı özünün dərs dediyi Bakı Dövlət Universitetinə qaytarılsa, Universitet qarşısındakı daş lövhənin yerində böyük şəxsiyyətin abidəsi qoyulsa, Cümhuriyyət yadigarı olan qocaman ali təhsil ocağında Məhəmməd Əminin xatirə muzeyi yaradılsa, necə də gözəl olar. Rəsulzadəni 28 May metrosuna qaytarmaq lazımdır. Rəsulzadənin abidəsini ona layiq olan bir ünvanda ucaltmaq gərəkdir.
Azərbaycan adına ayıb işdir ki, Məhəmməd Əminin ata ocağı, Nizami küçəsindəki mənzili – hansı ki, sonuncu dəfə həmin mənzildən sevgili Vətəni tərk edib və bir daha geri dönməyib -bu gün ərəb şirkətinin icarəsindədir. Bakı Şəhər İcra Hakimiyyəti heç olmasa prezident sərəncamından sonra tarixi ədaləti bərpa edib bu mülki qanuni sahiblərinə – Rəsulzadə yadigarı olan nəvəsi, əməkdar rəssam, gözəl ziyalı Rəis Rəsulzadəyə qaytarmalıdır. Şübhəm yoxdur ki, Rəis bəy bu ünvanda babasının ev muzeyinin yaradılması təşəbbüsündə bulunacaq. Cümhuriyyət yaratmış bir kişinin ölkə paytaxtında ev muzeyinin olmaması heç yaxşı hal deyil.
Çoxdan idi iqtidar və müxalifət arasında təmasa səbəb ola biləcək mövzu axtarışı var idi. Rəsulzadənin yubileyi haqqında prezident sərəncamı həm də cəmiyyətin əks qütbləri arasında körpülərin qurulmasında rol oynaya bilər. Xüsusilə indi bizim bu körpüyə çox böyük ehtiyacımız var. Ələlxüsus ona görə ki, yenə də Azərbaycanın üzərinə sərt şimal küləkləri əsməkdədir, ötən əsrin əvvəllərində olduğu kimi. Birinci Cümhuriyyətin varlığına 23 ay dözənlərin səbri tükənib artıq, ikinci müstəqil dövlətimizin 23 ildir varlığına görə. Odur ki, cəmiyyətin birliyinə əşhədü-ehtiyac var, “Rəsulzadə ili”ndə tərəflərin bir-birinə doğru gəlməsi üçün tarixi fürsət yaranıb. Dəyərləndirək o fürsəti. Qoy Məhəmməd Rəsulzadənin də ruhu əmin olsun qurduğu cümhuriyyətin əbədiyaşarlığına…