Ermənistanın dövlət başçısı Serj Sərkisyan bir daha dövləti idarə etməyəcəyi ilə bağlı bəyanatını yenidən şərh edib. Modern.az saytı bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir ki, S.Sərkisyan məlum açıqlamasının çox aydın olduğunu bildirib. Onun sözlərinə görə, prezident və baş nazir olmayacağı müddətdə rəhbərlik etdiyi Respublika Partiyasının ofisində çalışacaq.
“Bizim partiyanın ofisinin şəraiti çox gözəldir. Mən də həmin ofisdə işləyəcəyəm”-deyə erməni dövlət başçısı söyləyib.
Qeyd edək ki, bir neçə gün öncə S.Sərkisyan Ermənistanda Konstitusiya islahatları reallaşsa belə, bundan sonra ölkəyə rəhbərlik etmək niyyətində olmadığını bəyan edib.
Məlumat üçün deyək ki, Ermənistanda Konstitusiya islahatları hazırlanıb. Artıq bu islahatlar paketi Ermənistanın Ədliyyə Nazirliyinin saytında da dərc olunub. İslahatlarda Ermənistanın parlamentli respublika olması nəzərdə tutulub. Hazırkı Ermənistan qanunvericiliyinə görə, bir şəxs iki dəfədən çox prezident seçilə bilməz. S.Sərkisyan növbəti müddət üçün prezident olmaq haqda fikirləşmədiyini və islahatlar reallaşsa belə, baş nazir də olmaq istəmədiyini bildirib.