4e756c3a1052
Bu şəhər və qəsəbələrdə artıq heç kəs yaşamır. Çünki onlar bu və ya digər səbəbdən tərk edilib. Geriyə yalnız burada yaşayan insanların qoyduqları izlər qalıb ki, bu da bu ərazilərin nə vaxtsa insan məskəni olduğunu sübut edir.
10 ) Haşima adası -Yaponiya 
Ərazisi kiçik bir şəhər qədər olmayan Haşima adasına köç 1887-ci ildən başlayıb. Buna səbəb isə adada kəşf olunan kömür mədənləri olub. 1890-cı ildə ada “Mitsubişi” şirkəti tərəfindən satın alınıb. Tezliklə adada yaşayış binaları, xəstəxana, kinoteatr, oyun yerləri və s. tikilib və adanın əhalisinin sayı 5300-ə çatıb. Lakin 1960-ci illərdə Yaponiya sənayesi tamamilə neftə yönəlib və kömürdən istifadə azalıb. Nəticədə “Mitsubişi” adadakı mədəni bağlayıb. Bundan sonra adanın bütün əhalisi hətta əşyalarını belə buraxaraq adanı tərk ediblər. 29 il sonraya qədər “Mitsubişi”nin mülkiyyəti olmağa davam edən ada 2009-cu ildə şirkət tərəfindən Naqasaki bələdiyyəsinə hədiyyə edilib.
 
9) Sentralia – ABŞ
Keçən əsrin 60-cı illərində 5000-ə qədər insanın yaşadığı bu qəsəbədə bir kinoteatr, üç məktəb, yeddi kilsə və onlarla restoran var idi. Günümüzdə isə burada, yanğın dumanı altında sadəcə 4 nəfər yaşayır. Bunun səbəbi isə 60-cı illərin başlanğıcında başlayan mədən yanğınlarıdır. Heç kəsin ağlına gəlməzdi ki, kiçik bir zibillikdə başlayan yanğın kömür mədənlərinə keçəcək və əhalinin bütünlüklə köçməsinə səbəb olacaq. Təxminlərə görə, ərazi hələ 250 il yanmağa davam edəcək
8) Bilits-Heilstatten – Almanya
Bu sanatoriya 1800-cü illərdə Almaniyada birdən-birə yayılan vərəm xəstəliyindən az sonra tikilib. Sonra isə birinci dünya müharibəsində hərbi hospital kimi istifadə olunmağa başlayıb. Faşist lider Adolf Hitler də 1915-ci ildə burada müalicə alıb. İkinci dünya müharibəsindən sonra SSRİ-nin idarəçiliyinə keçən ərazi hospital kimi istifadə olunub.  Sovet əsgərlərinin çəkilməsindən sonra istifadə olunmayan sanatoriya hazırda tamamilə tərk olunmuş vəziyyətdədir. Ərazi “Pianist” filminin və “Rammstein” rok qrupunun kliplərinin çəkilişlərində istifadə olunub.
7) Oradur Sun Glane – Fransa
Hər şey nasistlərin bir qəsəbənin adını digəri ilə səhv salması nəticəsində baş verib. 1944-cü ildə nasistlər şəhəri alman zabitinin əsir tutulduğu Oradur sur Vayres ilə qarışdıraraq yandırıblar. Böyük bir qətliam həyata keçirilib, 642 nəfər öldürülüb. Üstəlik, qətliamda qadınlara və uşaqlara da aman verilməyib. Sonradan qəsəbədə qətliamın unudulmaması üçün heç bir restavrasiya edilməyib. Ona görə qəsəbədə mövcud olan yeganə yenilik “Unutmayaq!” tablosudur.
6) Maunsell Forts – İngiltərə
İkinci dünya müharibəsində alman hücumundan müdafiə üçün tikilmiş qüllələr toplusu. Layihənin müəllifi olan Gay Maunsellin şərəfinə adlandırılıb. Lakin müharibə bitəndən sonra artıq heç bir yararlığı qalmayan tikililərin tərk edilməsi başlanıb. 1964-cü ildən sonra isə tamamilə boşalıb. Həmin ildən bura bir müddət qaçaq radio stansiyalarının əsas dayaqlarından biri olub. Hazırda tərk edilmiş yerlər arasında öz cəlbediciliyini qoruyub saxlamaqdadır.
5) Bodie, Kaliforniya – ABŞ
1880-ci ildə şəhərdə 2.800 nəfər yaşayırdı. “Qızıl hərisliyi” dövründə şəhərdə əhali sürətlə artmışdı. 1900-cu ildə qızıl bloklarından birində işin zəifləməsi ilə şəhər əhalisinin artımı dayanmış, 1910 -cu ildən etibarən azalmağa başlayıb. 1962-ci ildə kabus şəhərin yerləşdiyi ərazi milli parka çevrilib. Hər il Bodie şəhərini 200 min turist ziyarət edir.
4) Humborstone – Çili
Çilinin bu qəsəbəsi 1862-ci ildə “Oficia la Palma”nın nitrat mədəni mərkəzi olaraq yaradılıb. Keçən əsrin 30-40-cı illərindən nitrata olan ehtiyacla birlikdə qəsəbə də böyüməyə və inkişaf etməyə başlayıb. Lakin sonradan nitratın istifadəsini gərəksiz edən sintetik maddənin kəşf olunmasından sonra, istehsalat azalmağa başlayıb. Nəticədə sonrakı 30 il ərzində qəsəbə yavaş-yavaş tərk edilməyə başlanıb. Bu proses 1961-ci ilə qədər davam edib və qəsəbə tamamilə kimsəsiz bir yerə çevrilib. 2005-ci ildən UNESCO tərəfindən dünyanın mədəni irs nümunələri sırasına daxil edilib.
3) Kolmanaskop – Namibiya
Namibiyanın cənubunda yerləşən bu qəsəbə hazırda tamamilə qumların ixtiyarındadır. Ətrafda yalnız tərk edilmiş evlər və qumsallıq var. 1908-ci ildən etibarən almanlar ərazidə almaz axtarışına başlayıblar və nəticədə bölgədə xeyli insan məskunlaşıb. Amma birinci dünya müharibəsindən sonra artıq almaza ehtiyac zəifləyib və bölgə yavaş-yavaş tərk edilib. 1954-cü ildən bu yana qəsəbədə heç kəs yaşamır. Qəsəbəyə hər il müxtəlif turist turları təşkil olunur.
2) Krako – İtalya
Krako İtalyanın Basilikata bölgəsində yerləşən orta əsrlərə aid əsrarəngiz bir qəsəbədir. 1891-ci ildə əhalisi iki mindən çox olsa da zamanla zəlzələ və quraqlıqdan sonra insanlar yavaş-yavaş ərazini tərk etməyə başlayıblar. Sonradan baş verən torpaq sürüşmələri isə qəsəbəni yaşanmaz hala salıb.  Qəsəbənin son sakinləri 1961-ci ildə gediblər. Hazırda bura mühüm turistik bölgələrdən sayılır.
1) Pripyat – Ukrayna 
26 aprel, 03:00. Çernobl AES-ın 4-cü reaktorunda partlayış baş verir. O gecə Çernoblın 10 km-lik təhlükəli ərazisində yerləşən və 49 min sakini olan Pripyat (sonuncu şəkildə) şəhəri boşaldılmalı olur. Gecə yarısından etibarən yüzlərlə avtobus şəhərin mərkəzinə gətirilir. Ordu yardım üçün əhaliyə kömək edir. İnsanlar evlərini o qədər tez boşaltmağa məcbur edilir ki, özləri ilə bir neçə geyim əşyası və yalnız şəkil albomlarını götürməyə icazə verilir. 1970-ci ildə qurulan Pripyat şəhəri 30 saat ərzində xarabalığa çevrilir. Onun xarabalıqdan çıxmasının müddəti isə 900 ildir. Çünki Çernobl AES-in partlaması nəticəsində ətrafa sızan ən zərərli radioaktiv maddələrin tamamilə yox olması üçün 900 il gözləmək lazımdır. Hazırda şəhərə ekskursiyalar təşkil olunsa da sərbəst giriş qadağandır.
Araz Tahiroğlu

Загрузка...