Onlar dünya müharibələri tarixinin ən peşəkar atıcılarıdır. Gördükləri iş nə qədər qeyri-humanist olsa da instinktləri, qeyri-adi bacarıqları onları digərlərindən fərqləndirərək önə çıxarıb və ən mahir snayperlərin onluğuna daxil edib.
10) Tomas Planket
Tarixin ilk snayperi sayılan Planket – ingilis ordusunun irland əsgəri. 1809-ci ildə Monreos geri çəkilməsi zamanı bir fransız generalını 600 metr məsafədən vurması ilə yadda qalıb. Bəsit baker tüfəngi ilə bunu etmək o dövrdə möcüzə sayılırdı. Planket hadisənin təsadüf və ya şans əsəri olmadığını sübut etmək üçün generalın köməyinə gələn yavərini də eyni məsafədən vurub.
9) Serjant Qreys
1864-cü ildə ABŞ vətəndaş müharibəsində Konfederasiya qoşunları tərkibində döyüşən serjant Qreys tarixin ən kəskin atışlarından birinə və ironik bir ölümə səbəb olub. Qreys Spotsilvania savaşı zamanı “Biritish Withword” silahı ilə sipər almışdı, hədəfi isə general Con Sedvik idi. Onunla Sedvik arasında 900 metr məsafə var idi. General hədəfə çıxmaması üçün verilən məsləhətləri qulaqardına vurmuş və “Onlar bu məsafədən hətta fili də vura bilməzlər” deyə cavab vermişdi. Amma bu cümlədən bir neçə saniyə sonra Qreys generalı sol gözünün altından vurmuşdu.
8) Çarlz Mavhinney
ABŞ dəniz qüvvələrində rekordu hələ də təzələnməmiş snayperdir. Vyetnam müharibəsi zamanı xidmət edən Mavhinneyin 16 ayda 103 nəfəri öldürdüyü rəsmən təsdiqlənib. Amma qeyri-rəsmi məlumatlara görə, onun öldürdüyü adamların sayı 216-dır. Dəniz qoşunlarından ayrıldıqdan sonra müharibə dövründə etdiklərini bir neçə yaxın dostu istisna olmaqla heç kim bilmirdi. Lakin sonradan bir nəfər onun haqqında kitab yazandan sonra məşhurlaşdı və snayper məktəblərində müəllim olaraq işləməyə başladı.
Mavhinneyin atışları 200-700 metr arası məsafədə dəyişməkdədir. Lakin onun haqqındakı qeydlərdə 900 metrlik bir atışının olduğu da yazılıb.
7) Rob Furlonq
Furlonq Kanada ordusunda xidmət edən onbaşıdır. 2430 metrlik atışı ilə tarixdə ən uzaq məsafədən adam öldürmə rekordunun köhnə sahibidir. (Bu məsafə 26 futbol meydançası uzunluğundadır).
Furlonq bu uğurunu 2002-ci ildə qatıldığı Anakonda əməliyyatında qazanıb. Onun əməliyyat qrupu bir dağda gizlənərək “əl-Qaidə” terror təşkilatının silah qrupunu hədəf almışdı. Furlonq 50 kalibrli McMillan Borthers TAC-50 snayperindən və kiçik sürtünməli A-MAX mərmilərindən istifadə edirdi. İlk atışı uğursuz olsa da, ikincisində düşmənini çantasından vurdu. Ardından üçüncü atışını da etdi, çünki düşmən artıq hücum altında olduğunu anlamışdı. Hər atış təxminən 3 saniyə çəkib, bu isə hədəfə gizlənmək üçün kifayət qədər vaxt verirdi. Lakin düşmən məsələni gec başa düşdüyündən gizlənə bilməyib, üçüncü mərmi sinəsinə dəyib.
6) Vasili Zaytsev (1915-1991)
İkinci dünya müharibəsində vuruşmuş sovet snayperi. Zaytsev “Qapıdakı düşmən” filmi ilə dünyada ən çox tanınan snayperdir. Onun 1942-ci ilin oktyabrından növbəti ilin iyununa qədər 242 nəfəri vurduğu rəsmən təsdiqlənib. Amma qeyri-rəsmi məlumatlara görə, bu rəqəm təxminən 500 civarındadır. Zaytsevi öldürmək üçün Almaniyadan ən bacarıqlı snayperlərdən sayılan Ervin Koniq adlı biri göndərilib. Zaytsevin dediklərinə görə, Stalinqradda ikisi arasındakı 3 günlük duelin sonunda nəhayət, o, Koniqi öldürməyi bacarıb.
Zaytsevin yetişdirdiyi snayperlər müharibə zamanı 3000-dən artıq düşmən əsgərini öldürüb.
5) Lyudmila Pavliçenko (1916-1974)
İkinci dünya müharibəsinin ən güclü snayperlərindən biri də Lyudmila Pavliçenkodur. Öldürdüyü adamların sayı 309-dur, onların 36-sı alman snayperidir. Sevastopolda məhz onun 8 ayda verdiyi ziyanlara görə bir alman birliyi mövqeyindən geri çəkilməyə məcbur olub. 1942-ci ildə yaralanmış və bundan sonra sadəcə snayper olmaq istəyən əsgərləri hazırlamaqla məşğul olub.
Pavliçenko 1942-ci ilin avqustunda ABŞ və Kanadaya dəvət olunub, ABŞ prezidenti Franklin Ruzvelt tərəfindən Ağ Evdə qəbul edilib. O, ABŞ prezidenti tərəfindən qəbul edilən ilk SSRİ vətəndaşı olaraq tarixə düşüb.
4) Fransis Peqamaqabov (1891-1952)
Peşəkar snayper Peqamaqabov Birinci dünya müharibəsində Kanada ordusunun tərkibində almanlara qarşı vuruşub. 378-dən çox alman əsgər və zabitini öldürüb, 300-dən çoxunu isə əsir alıb. Bir döyüşdə isə komanda zabiti öldüyü üçün vacib əhəmiyyətli hərbi məlumatı böyük çətinliklə öz hərbi birləşməsinə çatdırmağa nail olub. Kanadaya dönəndə çox şücaətli əsgər olmasına rəğmən artıq unudulmuşdu. Lakin buna baxmayaraq, Peqamaqabov hərb tarixinin ən güclü snayperlərindən hesab olunur.
3) Albert Valdron (1933-1995)
Valdronun vurduğu, təsdiq olunmuş ölü sayı 109-dur. O, Amerika snayperləri arasında ən çox ölü rekorduna sahib olanlardan biridir. Lakin onu ən yaxşılardan biri edən öldürdüyü adamları sayı deyil, güclü snayper instinktinə malik olmasıdır.
“Vietnamda snayperlər” kitabında onun haqqında bu cür yazılıb:
“Bir gün günortadan sonra Mekonq çayında hərəkət edərkən dəstə düşmən snayperinin atəşinə məruz qaldı. Hər kəs gərgin bir şəkildə snayperin yerini müəyyən etməyə çalışırdı ki, təxminən 900 metr uzaqlıqdan gəmiyə atəş edildi. Bu vaxt çavuş Valdron tüfəngi əlinə aldı və hind qozu ağacının üstündəki snayperi tək atəşlə yerə saldı (gəmi hərəkət etdiyi halda)”. Məhz bu atış onun adının ən yaxşılar siyahısına salınmasına səbəb olub.
2) Karlos Hatkok (1942-1999)
Təsdiq olunmuş ölü sayı 93-dür. Vyetnam ordusu Hatkokun başı üçün 30000 dollar mükafat təyin etmişdi. Onun snayper imzası düşmən snayperini gülləni durbinin içərisindən keçirməklə öldürməsidir. Hatkok düşmən snayperinin durbininin parıldadığı anda tətiyə basar və hədəfdən yayınmazdı. Onun atış məsafəsi dəqiq müəyyən edilə bilməyib, çünki o atəş etdiyi vaxtda qarşı tərəfin də onu vurmaq ehtimalı vardı. Bir dəfə o bir Vyetnam generalını vurmaq üçün 4 gün 3 gecə sürünüb. Kamuflyajı yaxşı olduğundan hətta üzərindən vyetnamlı əsgərlər belə keçib. Nəhayət, əlverişli yerə çatıb və generalı gözləməyə başlayıb. General göründüyündə isə onu tək atəşlə sinəsindən vurub. Həyəcan siqnalı verən Vyetnam ordusu onu nə qədər axtarsa da tapa bilməyib.
1) Simo Hayha (1905-2002)
Rus-fin müharibəsi zamanı əkinçi kimi işləyən Hayha (ləqəbi “Bəyaz ölüm”) müharibə başlayan kimi orduya qoşulub. 100 gündən də az bir müddətdə rəsmi məlumatlara görə, 705, qeyri-rəsmi məlumatlara görə isə 800-dən çox rus əsgər və zabitini öldürüb.
Rus ordusu əvvəlcə verilən itkilərin müharibə miqyasına görə normal olduğunu düşündüyündən Hayha bu müddət ərzində tamamilə sərbəst hərəkət edə bilib. Sonradan ölənlərin tək bir adam tərəfindən vurulması gerçəyi ortaya çıxandan sonra ruslar ona qarşı ciddi tədbirlərə əl atıblar. Əvvəlcə ona qarşı bir snayper qrupu göndərilib, lakin gedənlərin heç biri geri qayıtmayıb. Sonra topçuların köməyindən istifadə edilib və onun gizləndiyi meşə top atəşinə tutulub. Hayha ağıllı bir snayper olduğundan bu müddətdə ağacların üstündə gözləyib, tamam ağ bir kamuflyaja bürünüb və görünməmək üçün durbindən istifadə etməyib. Tüfənginin ucu görünməsin deyə içinə qar doldurub, ağzından buxar çıxmasın deyə qar yeyib. Ancaq 6 mart 1940-cı ildə çənəsindən yaralanıb və öz ordusunun əsgərləri tərəfindən döyüş meydanından uzaqlaşdırılıb. Yarasının ağır olmasına baxmayaraq, o, ölməyib, şüuru 13 gündən sonra özünə qayıdıb.
Qeyd: Şəkillərdə sıralama 10-dan 1-ə doğrudur.
A.Tahiroğlu
Musavat.com
http://i058.radikal.ru/1404/3c/8efd4f50ad6b.jpg
http://s020.radikal.ru/i717/1404/17/e78194895d5a.jpg
http://s003.radikal.ru/i201/1404/6c/093d555983e9.jpg
http://s020.radikal.ru/i714/1404/17/b4c3476e90ef.jpg
http://i024.radikal.ru/1404/34/afd97ad8effc.jpg
http://s020.radikal.ru/i715/1404/e1/7433ee36371c.jpg
http://s52.radikal.ru/i137/1404/9c/ca1ee1deead9.jpg
http://s020.radikal.ru/i722/1404/9f/dc1ee57fd4f3.jpg
http://s020.radikal.ru/i721/1404/10/b8934d78d6d8.jpg
http://s019.radikal.ru/i639/1404/07/7a15b654a671.jpg