USAİD-in Pakistan büdcəsindən bu inqilaba 1.6 milyon dollar ayrılıbmış
ABŞ-ın 2010-cu ildə Kubada rəhbərlikdə olan hökuməti devirmək məqsədi ilə ölkədəki internet senzurasını sındıran sosial şəbəkə yaratdığı ortaya çıxıb. FaktXəbər-in məlumatına görə, gizli adlar altında yaradılan Twitter üzvlərinin xalqı təşkilatlandıraraq hökumət əleyhinə aksiyalar təşkil etmək məqsədi ilə qısa mesaj şəbəkəsi qurduğu bildirilir.
Kubanın Twitteri kimi də bilinən bu şəbəkənin ABŞ hökuməti tərəfindən dəstəkləndiyini bilməyən on minlərlə insan isə sosial şəbəkənin abunəçisi olub.
“Associated Press” xəbər agentliyinin ələ keçirdiyi sənədlərə və aparılan araşdırmalara istinadən söyləmək olar ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Kubadakı sosial şəbəkə ilə əlaqəsini ört-basdır etmək üçün böyük səy göstərib. Məhz bu məqsədlə 2012-ci ildə sistemi ləğv etmək üçün Twitterin sahibi Jack Dorseyə də təklif göndərib.
PULLAR OFŞOR ŞİRKƏTLƏRDƏN KÖÇÜRÜLÜB
Kubada 2 il ərzində fəaliyyətdə olan “ZunZuneo” üçün USAID-in Pakistan büdcəsindən 1.6 milyon dollarlıq maliyyə ayrıldığı deyilir. Yaradılan sosial media qrupları gənclərin mütəşəkkil şəkildə “Kuba baharı”nı başlaması üçün işlər gördüyü, şəbəkənin daha böyük bazanı əhatə etməsi üçün Kubadan kənarda qurulan bir neçə ofşor şirkətdən daimi pul transferi olunduğu aşkara çıxıb.
QİYAM OLMADIĞI ÜÇÜN BAĞLANDI
Kubaya aid yarım milyon mobil telefon nömrəsinin gizli şəkildə ələ keçirilməsi vasitəsi ilə start verilən layihədə əvvəlcə gənclərdən ibarət izləyici kütləsinin yaradılması, daha sonra isə hökumət əleyhinə aksiyaların təşkilatlanması məqsədi güdülüb. Kuba Twitterinin ən fəal olduğu 2011-ci ildə ABŞ xarici işlər naziri Hillari Klintonun, “Kubada internetə senzura tətbiq edən hökumət iş başındadır” deməsindən sonra, yəni şəbəkənin yaradılmasında keçən 1 il ərzində heç bir inqilabi situasiyanın olmaması müşahidə edilib və sistem bağlanıb. Kubalılar isə xəbərləşmə şəbəkəsinin haradan gəldiyini və niyə qəfildən bağlandığını öyrənə bilməyiblər.