Jurnalist həmkarım Ceyhun Musaoğlu QHT şurasının maliyyə dəstəyi ilə bir layihə həyata keçirir. Bu barədə dövri mətbuatda epizodik informasiyalar verilib. Çox az adam olar ki, bu layihənin nə olduğunu, mahiyyətini yadda saxlamış olsun.
Bu, bir reallıqdır ki, QHT şurasının, KİV DF-nin, eləcə də xarici donorların maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin əksəriyyəti gözdən pərdə asmaq, əhəmiyyətli bir iş görmədən ayrılmış vəsaiti gen-bol xərcləmək, başqa sözlə, “irəli düşmək” üçündür.
Ancaq Ceyhunun layihəsi başqadır. O, konkret iş görür, nəzərdə tutduğu planı birər-birər reallaşdırır. Hətta ola bilər ki, layihə tam şəkildə həyata keçiriləndən sonra dostumuza adi zəhmət haqqı da qalmayacaq.
Buna baxmayaraq, o, həvəslə, entuziazmla bu işi həyata keçirməkdədir.
Ceyhunun layihəsinə qatılmışlığım olduğu üçün yazmıram, bu layihəni gerçəkdən də xalqımız üçün lazımlı, əhəmiyyətli hesab edirəm.
Söhbət azərbaycanlı yazarların son illərdə yazdıqları hekayələri ingilis dilinə tərcümə edərək, kitab halında nəşr etmək, sonra onun beynəlxalq arenada yayılmasını təşkil etməkdən gedir.
İndi mütləq kimsə tapılacaq və deyəcək ki, eh, kimdir, bizim kitabımızı oxuyan.
Elə deyil. Birincisi, bizdən fəqrli olaraq, əcnəbilərin əlindən kitab düşmür – süpürgəçisindən nazirinə qədər, hamısı oxuyur. Xaricə ezamiyyətə, məzuniyyətə gedib-gələnlərin hamısı şəhadət verə bilər, onlar vaxtlarını kompüter oyunları oynamağa, nərd, domino şaqqıldatmağa, telefonda qurdalanmağa sərf etməzlər, boş vaxtları varsa, mütləq qəzet-kitab oxuyurlar.
Bu baxımdan heç bir şübhə yoxdur ki, Ceyhun Musaoğlunun seçdiyi, peşəkar tərcüməçilərin vasitəsilə ingilscəyə çevirtdirdiyi, peşəkar redaktora redaktə etdirdiyi və nəfis tərtibatla nəşr etdirəcəyi kitabı hədiyyə olaraq alan əcnəbilər (ölkəmizin müsafirləri, diplomatlar, jurnalistlər və başqaları) mütləq o kitabı oxuyacaqlar.
Onlar o kitabı oxuyacaqlar və mütləq bizim təfəkkür tərzimizə, yaradıcılıq potensialımıza bələd olacaqlar, bir şərqli yazarın bir qərbli yazardan nə ilə fərqləndiyini, yaxud fərqlənmədiyini biləcəklər, xoşlarına gəlsə, kitabı dostlarına tövsiyə edəcəklər.
Başqa vaxt dünyaya açılmaqdan, beynəlxalq arenaya çıxmaqdan, informasiya blokadasını yarmaqdan danışırıq. Bizə elə gəlir ki, bunun yolu olimpiadalarda medal qazanmaqdan, yaxud “Eurovision”da yaxşı performans göstərməkdən ibarətdir.
Ancaq dünyanı idarə edən siyasi dairələr, öz ölkələrində ictimai rəy formalaşdıran intellektual mərkəzlər bəlkə də nə olimpiya oyunlarını izləyirlər, nə də “Eurovision” musiqi yarışması ilə maraqlanırlar. Dəqiq olan odur ki, onlar hər gün nəsə oxuyurlar və oxuduqlarına dair təəssüratları yaranır.
Biz dünyaya yazılı mətnlərlə, oxunaqlı, inandırıcı əsərlərlə, bəşəri dəyərlərə önəm verən fikirlərlə çıxmalıyıq.
Söhbət əlbəttə ki, ədəbiyyat vasitəsilə “Azərbaycan həqiqətləri”ni dünyanın qulağına bağırmaqdan da getmir. Gözəl ədəbiyyat nümunələri yaratmaq yetər ki, bu yazıların müəlliflərinin mənsub olduğu xalqın heç də aqressiv, zombiləşmiş kütlələrdən olmadığı faktoloji olaraq ortaya çıxsın.
Ceyhun Musaoğlu bu işlə məşğuldur və artıq layihəsini yekunlaşdırmaq mərhələsindədir.
Dünən o, bu sətirlərin müəllifinə məxsus “Pəncşir aslanının bənzəri” adlı hekayənin ingiliscəyə çevrilmiş variantını baxmağım üçün özümə göndərmişdi. Lüğətdən istifadə edərək ingiliscə bir neçə kitab mütaliə etmiş yazar kimi öz hekayəmi ingiliscə oxumaq mənə qəribə və maraqlı gəldi.
Ümid edirəm ki, Ceyhunun başqa həmkarlarımın bədii yaradıcılığından seçdiyi hekayələr də oxucuların xoşuna gələcək.
Arzu olunan odur ki, gələcəkdə bu istiqamətə ayrılan vəsait bir qədər də artırılsın ki, ortaya daha sanballı iş qoyulsun.
Ən ümdəsi isə budur: Azərbaycan yazıçılarının hekayələrinin ingilis dilində çıxan kitabı masa üzərinə qoyulanda heç kəs “ayrılan qrantı basıb yeyiblər” kimi iddia səsləndirməyəcək. Çünki adamın gördüyü iş ortadadır. Qoy hamı əsəri ortada olan layihələrlə məşğul olsun.
P.S. Bu arada hökumət “Qanun” nəşriyyatına münasibətini də normallaşdırmalıdır. Kitab diqqət tələb edən şeydir – hər mənada.