Загрузка...

cemilov vahid

Krımtatarların lideri Mustafa Cəmilovun Moskvada Vladimir Putinlə telefon danışığından sonra “Dojd” televiziyasına verdiyi müsahibəyə baxdım. Müsahibə mənə onun 30 il əvvəl Daşkənddə növbəti məhkəmə proseslərindən birində dediyi son sözü xatırlatdı. Az qala hər kəlməsini əzbərlədiyim o son sözü vaxtilə tərcümə edib III Sektor jurnalında dərc eləmişdik.

Heç nə dəyişməyib, Putinlə danışanda da Mustafa aga zorun qabağında prinsip, əqidə, ləyaqət nümayiş etdirib.

Yox, kiminsə, xüsusiylə də siyasət adamının fanatiki olası yaşda deyiləm. Ən azından son 25 ildə Azərbaycanda, onun hüdudlarından kənarda baş verən xeyli sayda tarixi hadisənin şahidi, bəzən də iştirakçısı olaraq, neçə-neçə məşhur siyasətçini yaxından izləmək fürsətim olduğundan belə qənaətdəyəm. Odur ki, etiraf edirəm, bu günədək görüb tanıdığım siyasətçilərin arasında onun kimi öz həyat prinsipinə, siyasi əxlaqına, milli, eyni zamanda bəşəri dəyərlərə sadiq birinə rast gəlməmişəm.

Bizim siyasi liderlərimizinbiri Qarabağın itirildiyi günlərdə Çinə bayraq sancmaqdan danışanda, o biri qurtuluş gətirdiyini deyib əslində xalqı hüquqsuz kütləyə çevirəndə o, daha real işlərlə məşğul oldu: xalqının tarixi vətənə qayıdış yollarını aradı. İnsanları vətənə qayıtmağa inandırdı, ailələrin köçməsinə yardım üçün Özbəkistan və Ukrayna rəhbərləriylə danışıqlar apardı, heç olmasa gecəqondu tikmələrinə mane olmasınlar deyə Krım rəhbərlərini dilə tutdu, xalqının problemlərini BMT, başqa beynəlxalq təşkilatlarda qaldırdı.

Minlərlə ailənin bir ölkədən başqasınaköçməsinin hüquqi tərəfi bir yana, min kilometlərlə uzanan yolu qət eləməyin maddi və fiziki ağırlığını təsəvvürə gətirmək belə çətindir. Özü dəvətəndə onları gül-çiçəklə qarşılamırdılar. Krımtatarların min bir əziyyətlə bir gecədə tikdikləri daxmaları bulduzerin ağzına verib sökdürsə də, səhəri gün yerli hakimiyyət sökülənin yerində başqasını görürdü. O vaxt xüsusi xidmət orqanlarıkrımtatarların evlərini uçuranlarla əlbəyaxa döyüşünü, traktorlarını yandırmasını, etiraz çıxışlarını gizli lentə alıbmışlar. Sonralar krımtatar fəalları nə cürsə o lentləri əldə eləmişdilər. Baxan hər kəsi onların sücaəti heyran qoyurdu.

Xalq beləcə tarixi vətənində özünə ev tikir, kənd, qəsəbə saldı. Tək istəkləri hökumətin yardımı yox, mane olmaması idi.Elə bu iradənin hesabına yarımadada krımtatarların sayı 0-dan 12 faizədək yüksəldi, onlar keçmiş sovet ərazisində ictimai-siyasi cəhətcə ən mütəşəkkil icmaya çevrildilər.

***

images_vahid qazi

Mustafa ağayla ilk dəfə 1994-çü ilin yayında Baxçasarayda keçirilən Dünya Türk Gənclərinin Qurultayında görüşmüşəm. Onda qurultaya bir hissəsi vətənə təzəcə dönmüş krımtatarlar ev sahibliyi edirdilər. Sadəliyi, qayğıkeşliyi, xoş zarafatları tez bir zamanda onu hamının sevimlisinə çevirmişdi. Bir neçə il sonra qonaq qismində qatıldığım Krımtatar Məclisinin Qurultayında icma üzvlərinin tənqid, qınaq, iradlarına Məclis sədri kimi cavablarını dinləyəndə 15 il sovet həbs düşərgələrində yatmış bu siyasi xadimin, milli liderin yaratdığı demokratik, fikir azadlığı mühitinə, dünyagörüşünün, intellektinin, eyni zamanda səmimiliyinin geniş sərhədlərinə valeh olmuşdum.

Daha sonralar onunla Krımda, Kiyevdə də görüşlərimiz oldu. 2003-cü ildə Beynəlxalq Plüralizm Mərkəzləri Şəbəkəsinin Bakı görüşünə dəvət elədik. İlk dəfəydi Bakını görürdü, böyük həvəslə, öz vətəninə qayıdırmış kimi gəlmişdi.

***

Rusiyanın krımtatarlara tarixi münasibəti siyasi tarixlə az-çox maraqlananlara bəllidir. Krım xanlığına qarşı Rusiyanın əsrlərlə davam edən siyasəti 18 may 1944-cü ildə yerdə qalan əhalinin də sürülməsiylə nəticələndi. Vaxilə 7 milyon krımtatarın yaşadığı yerdən sonuncu 200 mini həmin məşum gecədə Özbəkistana, başqa yerlərə köçürüldü. O vaxt Mustafa ağanın bir yaşı vardı.

Bacısı Dilarə Seitvəliyeva Bakıda qonağımız idi, anama ailəsinin başına gələn məşəqqətlərdən danışandaqaçqın həyatının acısını dadan anam doluxsunmuş halda ona belə demişdi: “Sizin əzablar bizimkindən də dəhşətli imiş!”

Krımı demək olar, kəndbəkənd gəzmişəm, əvvəl çar, sonra sovet hökumətinin sildiyi krımtatar izlərini elə krımtatar dostların öz gözləriylə baxıb görmüşəm. Çox ailələrdə qonaqolub mənə doğma gələn adətləriylə maraqlanmışam. Sürgün illərinin söhbətinə Azərbaycan türkcəsinin bir ləhcəsi kimi qulaq kəsilib, mahnılarını dinləmişəm.

Bakının Xırdalan qəsəbəsindəki evini satıbBaxçasaraya qayıdan yaşlı bir qadındanışırdı: “Bizi yük vaqonlarına doldurdular, çox adam gecə köynəyindəydi, geyinməyə də macal vermədilər, günlərləyol getdik. Balaca bacım “su” deyib zarıyırdı. Anam damarını kəsib bacımın ağzına dirədi, su bilib qanı sümürürdü uşaq. Yazıq qız elə vaqonda öldü. Hərbçilər hər stansiyada eşalonu yoxlayır, ölənləri sürüyüb yerə salırdılar. Bacımın meyitini də aldılar. Uzun illər yuxularımdan çıxmadı bacım”.

Quru yerdə yenidən yurd salan, itib batan maddi-mənəvi dəyərlərin bərpasına çalışan bir xalqın, xüsusiylə,qayıdışın ilk illərində etdiyi çabaları görmək çox duyğuluydu. Bir cavan qız qədim bir xalçanın əl boyda parçasını tapmasına elə sevinirdi ki, deyirdin bəs, xəzinə tapıb. Elə xəzinəydi o, əl boyda xalça parçası. Xalçaçı qız deyirdi ki, indi onda öz xalçaları haqda təsəvvür var, bu parçayla xalçanı tam bərpa edə biləcək.

Krımtatarların sürgündə yaratdığı folklor nümunələri xalqın acı taleyinə, tarixinə güzgü tutur. Bayatılar, mahnılar… İnternetdə“Baxçasaray aralıkları”,”Guzel Krım” kimi mahnılarını tapmaq asandı. Dinləyən nə demək istədiyimi duyacaq.

1956-cı ildə Stalin repressiyasına məruz qalan başqa xalqlar kimi krımtatarlar da bəraət aldılar, amma onların vətənə dönmək hüququ tanınmadı.Bu hüququn tanınması üçün Krımtatar Milli Hərəkatı illər uzunu mücadilə apardı, neçə-neçə insan öz həyatı bahasına bu mübarizəyə güc qatdı.1978-ci ildə Krımda pasport rejimini pozmaqda ittiham olunanMusa Mamutkimi. Həbs etməyə gələn milislərə təslim olmamaq üçün Musa Mamut özünü yandırmışdı.Haqqın “Krım üzərində məşəl” poeması sonra yazılacaqdı.

Tarix boyu Moskvada siyasi reyimlər dəyişsə də onların krımtatarlara münasibəti dəyişməz olub. Elə indi də belədir. Bir misal çəkim. 2012-ci ildə Axtem Seitablayevin krımtatarların son deportasiyasından bəhs edən “Haytarma” filminin tam versiyası saytlarda “itib”. Yalnız bir neçə dəqiqəlik trilleri var. Bu, təsadüfdürmü? İnternetdə yüzlərlə saytdan filmi yığışdırmağa kimin gücü çatar!

***

Bu gün Rusiyanınfaktikiişğal elədiyi Krımda yarımadanın statusu ilə bağlı referendum keçirilir. Ukraynanın şərq rayonlarını da separatçı dalğa bürüyüb. Avropa son onillərin ən böyük münaqişəsiylə üz-üzədir. Böyük müharibə təhlükəsi var. Baş verənlər miqyasına görə 1960-cı illərin əvvəllərində yaşanmış Karib böhranı ilə müqayisə oluna bilər.

Belə bir vaxtda Mustafa Cəmilovla telefon danışığından anlaşılan odur ki, Putin məşhur sovet dissidentini bazar sövdələşməsinə çəkmək istəyib. Söhbətdə Ukraynanın suverenliyinin qorunmasına təkid edən Mustafa ağaya Putinin cavabı bir etirafdı: o, çətin həyat yolu keçmiş ləyaqətli bir şəxsin məhz bu mövqedə duracağına inandığını, buna görə ona hörmət etdiyini deyib. Görünür Putin də başa düşür ki, Mustafa Cəmilov da Mahatma Qandi, Nelson Mandela kimi sıradan bir siyasi xadim deyil, tarixi missiya daşıyıcısıdır…

İndi krımtatar xalqı növbəti sınaq qarşısındadır. Beynəxalq konfliktin regional oyunçusuna, eyni zamanda bu münaqişədə girova çevrilib. Böhranın çözülməsində hamının Mustafa Cəmilova ehtiyacı var, Ukraynanın da, Avropa Birliyi, NATO, BMT, hətta Putinin də.Bütün ömrünü sülh uğrunda mübarizəyə həsr edən, iki dəfə Nobel sülh mükafatına namizəd göstərilən Mustafa ağa bu gün də öz sülh missiyasının başındadır. Bu ağır işin də öhdəsindən gələcəyinə, xalqını bu dəfə də sınaqdan çıxaracağına inanıram.

***

Yazının əvvəlində Mustafa ağanın 30 il əvvəl sovet məhkəməsində dediyi son sözü xatırlatmışdım. Onun 15 fevral 1984-cü il tarixdə söylədiyi son söz bu cümlələrlə bitirdi: “On dörd il bundan öncə Daşkənd şəhər məhkəməsində keçirilən belə bir altıgünlük prosesin sonunda son sözümü deyərkən mən and içmişəm ki, heç kim heç bir vaxt heç bir şəraitdə məni milli qürurum, vicdanım və ləyaqətimlə şərtlənən borc və öhdəliklərimdən imtina etməyə məcbur edə bilməz.Bu gün mən bu andı təkrar edə bilərəm və ümidvaram ki, son günlərimədək bu prinsipə sadiq qala bilmək üçün mənim kifayət qədər mənəvi qüvvəm olacaqdır”.

“Dojd” kanalındakı müsahibəyə baxdım və anladım ki, Putinlə danışan Mustafa Cəmilov DTK polkovnikinə həmin o andını xatırladırmış…