Daha mühüm xəbər Elnur Aslanovun işdən çıxarılması deyildi, Mübariz Mədətovun işdən götürülməsiydi. Nə qədər olmasa da, Aslanov oliqarx deyil, adı korrupsiya maxinasiyalarında hallanmayıb, harın hərəkətlərinə dair faktlar məlum deyil. O, sadəcə, məmurdur və güman olunur ki, saray intriqalarının qurbanı olub.
Ancaq Mübariz Mədətovun aşını bişirən öz oğlu Xalid Mədətov oldu. Düzdür, bundan əvvəl də onun “Xəzər Dəniz Gəmiçiliyi” idarəsinin sabiq rəisi, vurulmuş oliqarx Aydın Bəşirovla bağlı olduğu üçün əskisi tüstülüydü. Ancaq bu bardağı daşıran son damla oğlunun bahalı “Mersedes Gelendvagen” markalı maşınla bir ailənin iki üzvünü öldürməsidir.
X.Mədətov avtomobilini bir az yavaş, bir az ehtiyatlı sürsə, qəza törətməz, iki insanın həyatına son qoymaz, atasının vəzifədən götürülməsinə səbəbkar olmazdı.
İndi bəziləri ata Mədətovu işdən çıxardığına və oğul Mədətovun həbsinə mane olmadığına görə dövlət başçısının şəninə difiramba oxumaq istəyirlər. Amma buna ehtiyac yoxdur. O, belə də etməliydi, buna borcluydu.
Ortada iki günahsız insanın yarımçıq qalmış həyatı, düzəni pozulmuş ailə və məmləkət əhlini ciddi şəkildə hiddətləndirən harınlıq faktı var.
Maşınını geriyə verəndə birinin ayağını zədələmiş (və sonra onu müalicə etdirmiş) vəkil Qurban Məmmədovun həbsdə yatdığı bir ölkədə iki adamı öldürmüş, üç adamı yaralamış şəxsin azadlıqda gəzməsinə, törətdiyi əməl üçün cavabdeh olmamasına necə təhəmmül etmək olar?
(Hərçənd bənzər hadisələr törədərək məsuliyyətdən yayındırılan başqa oliqarxzadələr də var).
Bu cür hallara göz yummaq dövlətə inamı sarsıdır, hakimiyyət üçün ciddi təhlükələr yaradır. Ötən il İsmayıllıda baş verən, srağagün biabırçı məhkəməsi başa çatan hadisə məhz qudurğan hərəkətin nəticəsiydi və bu, o zaman hakimiyyətə ciddi siqnal olmuşdu.
Bu məsələ bu gün də aktualdır. Bu ölkədə inqilabi ayaqlanmanı tətikləyəcək ən ciddi faktor yüksək mənsəbli şəxslərin özlərinin və övladlarının harınlığıdır. Nə qədər ki, qudurğanlıq, harınlıq faktları cəmiyyətdə ajiotaj doğuracaq dərəcədə faş olunmayıb, xalq sosial bərabərsizliyə dözür, ancaq birinin superbahalı maşında sıravi insanları əzib keçməsini görəndə bununla barışa bilmir.
Mədətovların o 200 minlik avtomobili tədarük etməsinin quduz, haram pullar hesabına olması birmənalıdır. Baxaq, görək, onlar hansı biznes strukturuna malikdirlər ki, təkcə bir avtomobilə bu qədər vəsait verə bilirlər. Ortaya heç bir deklarasiya çıxmayacaq.
Hamı bilir ki, paytaxtda, ölkənin dilbər guşələrində ucaldılan kaşanələr, villalar, alınan bahalı avtomobillər və sair varidat vahidləri sırf xalqdan oğurlanmış, dövlət büdcəsindən talanmış milyonların hesabına başa gəlir. Ancaq təəssüf ki, buna adi, normaymış kimi yanaşanlar çoxdur.
Ortada bu qədər ağır cinayət, faş olunmuş neqativ faktlar ola-ola bəzi adamlar hələ də Mədətovları müdafiə etməyə cəhd göstərirlər, deyirlər, o, əslində xalqcanlı adamdır, qəbuluna düşmək, üstünə şikayətə getmək mümkün idi.
Ola bilər. Bəlkə də Mübariz Mədətov insanlıq, rəhmdillik baxımından əksər məmurlardan üstündür, ancaq bu durumu dəyişmir, daha bariz fakt budur ki, onun havalı böyütdüyü oğlu quduz pullarla alınan və hərəkətə gələndə yerlə-göylə əlləşən maşınla adam öldürüb.
Əgər ata Mədətov vaxtında oğlunu harın böyütməsəydi, onun cəmiyyətə, xalqa sayğılı, sadə, təvazökar adam olmasına çalışsaydı, nə özü, nə oğlu, nə də xalq artisti Ağasəlim Abdullayevin ailəsi bu vəziyyətə düşməzdi.
Bir də bəziləri müdrik-müdrik deyilər: “Adi yol qəzasıdır. Heç kəs sığortalanmayıb. Olacağa çarə yoxdur”.
Əfsanə söhbətlərdir. Bunlar ehtiyatsızlıqdan, naşılıqdan törənən təsadüfi qəzalar deyil. Bunlar qəsdən törədilən, harınlıqdan, qudurğanlıqdan qaynaqlanan qəzalardır. Bu şəhərdə onlarla o cür, bahalı maşın sürən harın gənc var ki, qabaqlarınca gedən və yollardakı sıxlığa görə onlara yol verməyən, verə bilməyən adamların maşınını qəsdən vurub kənara atır, yollarına davam edirlər.
Onları cilovlamağın vaxtı çatıb. Ya harınlara qarşı sovet dönəmindəki kimi ciddi nəzarət tətbiq olunacaq, ya da bir dahakı bu cür hadisədən sonra hər şey nəzarətdən çıxacaq.