Putin bu təkliflə Federasiya Şurasına müraciət edir; Ukraynada səfərbərlik elan olunub
Martın 16-da saxta referendumla Krımın Ukraynadan qoparılması yarımada ilə bağlı beynəlxalq gərginliyi artırıb. ABŞ prezidenti Barak Obama martın 17-si Rusiya prezidenti Vladimir Putinlə növbəti dəfə telefonla danışıb. Obama bildirib ki, ABŞ Rusiyanın Krımı işğal etməsi faktı ilə barışmaq fikrində deyil. ABŞ prezidenti deyib ki, Krımda keçirilən səsvermə heç bir halda referendum sayıla bilməz. Çünki baş verənlər Ukrayna Konstitusiyasına və Rusiyanın da imzaladığı beynəlxalq hüquq normalarına ziddir.
Obama bildirib ki, ABŞ Qərbdəki tərəfdaşları ilə birgə bu işğalın Rusiyaya baha başa gəlməsi üçün hər şey edəcək. ABŞ prezidenti onu da bildirib ki, Ukrayna rəhbərləri konfliktin dinc yolla nizamlanması üçün qətiyyət göstərməyə hazırdır: “Ancaq danışıqlar Rusiyanın öz qoşunlarını dislokasiya yerinə çəkməsindən sonra mümkün ola bilər”.
ABŞ elə bu gündən Rusiyaya qarşı da sanksiyalara başlayıb. Martın 17-dən Federasiya Şurasının spikeri Valentin Matviyenkonun, baş nazirin müavini Dmitri Roqozinin, prezidentin müşaviri Sergey Qlazyevin, prezidentin köməkçisi Vladislav Surkovun, Dövlət Dumasının deputatı Yelena Mizulinanın, Leonid Sulutskinin, Federasiya Şurasının üzvü Andrey Klişaasın ABŞ-a girişi qadağandır. Tətbiq olunan sanksiyalarla adıçəkilən şəxslərin ABŞ banklarındakı hesabları dondurulacaq.
ABŞ Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin, prezident administrasiyasının keçmiş rəhbəri Viktor Medvedçukun, Krımın buraxılmış parlamentinin sədri Vladimir Konstantinovun, özünü Krımın baş naziri elan edən Sergey Aksenovun də ölkəyə gəlişinə yasaq qoyub. Bu haqda Ağ Evin mətbuat mərkəzi informasiya yayıb.
ABŞ senatoru Con Makkeyn Kiyev səfəri ilə bağlı brifinq keçirib. Makkeyn bildirib ki, Rusiya özünü ölkə kimi qələmə verən benzindoldurma stansiyasıdır: “Bu kleptokratiyadır, bu korrupsiyadır, bu ölkənin iqtisadiyyatı yalnız və yalnız neft və qaz üzərində qurulub. Buna görə də iqtisadi sanksiyalar vacibdir”.
Makkeyn Ağ Evi Kiyevə hərbi dəstək verməyə çağırıb: “ABŞ-ın hərbi dəstəyi Ukraynanın ərazi bütövlüyü üçün olduqca vacibdir. Ona görə də ABŞ Polşa və Çexiyada Hava Hücumundan Müdafiə Qüvvələrini bərpa etməlidir. Moldova və Gürcüstana baxın. Rusiya hər iki ölkənin ərazisini işğal edib. Bu ölkələrin NATO-ya yolunu açmaq gərəkdir”.
Avropa Birliyi martın 21-də Ukrayna ilə assosiasiya sazişi imzalayacaq. Belə bir qərar martın 17-də 28 dövlətin xarici işlər nazirinin toplantısında verilib.
Unian.net-in Brüssel müxbirinin verdiyi xəbərə görə, saziş 6 bənddən ibarət olacaq. Saziş imzalanandan sonra Ukrayna ilə Avropa Birliyi arasında gömrük şərtləri sadələşdiriləcək. Avropa Birliyində bildirirlər ki, istehsal etdiyi məhsulları Avropa bazarlarına daha rahat şərtlərlə çıxara biləcək Ukrayna iqtisadiyyatı bu sazişlə ildə bir neçə yüz milyon dollar gəlir əldə edəcək. Assosiasiya sazişinin imzalanmasından dərhal sonra isə Ukraynanın Avropa Birliyinə qəbul edilməsi üçün əsas saziş üzrə hazırlıqlara başlanacaq.
Ukrayna qoşunları isə hələ Krımı tərk etməyəcək. Hökumətin bu qərarını Kiyevdə keçirilən brifinqdə baş nazirin birinci müavini Vitali Yaryoma açıqlayıb: “Biz hər gün Krımdakı ordunun taleyini müzakirə edirik. Krım Ukraynanın bir hissəsidir olub və olacaq. Biz savaş istəmirik. Ona görə də qoşunları Krımdan çıxarmayacağıq. Bizimçün oradakı hər insanımızın həyatı qiymətlidir”.
Ukrayna Radası isə bu həftəki ilk iş günündə prezidentin “Qismən səfərbərlik haqqında” sərəncamını təsdiq edib. Sərəncamda bildirilir ki, Rusiyanın Ukraynanın ayrılmaz hissəsi olan Krıma qoşun yeritməsi sərhədlərin müdafiəsi zərurətini yaratdığına görə bütün ölkə üzrə 45 gün müddətinə qismən səfərbərlik elan edilir.
Sərəncam ölkədə böyük hərəkətlilik yaradıb. Ukraynadakı qaynaqların verdiyi xəbərə görə, əhali hökumətin bu qərarını müsbət qarşılayıb. Müdafiə Nazirliyindən isə bildirilir ki, sərəncamın imzalanmasından az sonra hərbi çağırış məntəqələrinə könüllülər axışmaqdadır.
Rusiya isə Krımdakı saxta referendumdan sonra yarımadanı öz ərazisinə birləşdirmək üzrə hüququ prosedurları qısa zamanda tamamlamağa çalışır. Bu gün Rusiya prezidenti Putin Federel Məclisə Krımın Rusiyaya birləşdirilməsi üçün müraciət edəcək.
Krım isə “referendum”dan sonra həyəcanlı günlərini yaşamaqda davam edir. “Yeni Müsavat”ın Krım Tatar Məclisini mətbuat xidmətindən aldığı bilgiyə görə, martın 17-də səhər saatlarında Simferopolda naməlum kişi meyitinin tapılması şəhərdə gərginlik yaradıb. Meyitin üzərində çoxsaylı zorakılıq izləri var. Ehtimal edilir ki, qətlə yetirilən şəxs rus əsgərlərinin Krımda son günlər oğurladıqları 8 nəfərdən biridir.
Martın 16-dan 17-nə keçən gecə Krımda tatarların yaşadığı məhəllələrdə divarlara milli qarşıdurma yaradan çoxsaylı şüarlar yazılıb. “Tatarları Krımdan qovaq!”, “Tatarlar, Krımdan rədd olun!”, “Krımda tatarlara yer yoxdur!” kimi şüarlar məhəllələrin divarlarına, eləcə də tatarların şəxsi mülklərinin qapılarına yazılıb. Krım tatarları növbəti dəfə etnik təmizləmə ilə üzləşəcəklərinə görə çox narahat olduqlarını bildirirlər.
Bu arada Krım tatarlarının lideri Mustafa Cəmiloğlunun Türkiyəyə səfəri davam edir. Martın 17-də M.Cəmiloğlu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə bərabər brifinq keçirib.
Mustafa Cəmiloğlu bildirib ki, “referendum” heç bir hüquqi güc daşımır və Krım əhalisinin mövqeyini ifadə edə bilməz: “Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, Krım məsələsinin diplomatik yolla həll edilməsinin tərəfdarıyıq. Krımın taleyi ilə bağlı qərarı bütün Ukrayna xalqı verə bilər. Biz dərhal Rusiya qoşunlarının Ukrayna torpaqlarını tərk etməsi ilə beynəlxalq hüququn təntənəsini arzulayırıq. ”Referendum” başlanandan 2 saat sonra seçicilərin 70 faizinin səsverməyə gəldiyini “rəsmən” açıqladılar. Düşündüm ki, bu gedişlə axşam saatlarına 120 faiz “nəticə” olacaq. Bu rəqəmlər Krımda deyil, başqa yerlərdə yazılıb. Krım tatarlarının 99 faizi bu seçkiyə qatılmayıb”.
Əhməd Davudoğlu isə bildirib ki, Türkiyə bütün ölkələrin beynəlxalq hüquq normalarının tələblərinə görə davranmasının tərəfdarıdır: “Biz 300 min Krım türkünün hüquq və rifahı üçün mümkün olanları edəcəyik”.