Hər dəfə bahalı maşınla (məsələn, “Mersedes-Galendevagen”lə, “İnfiniti” və s. ilə) qəza törədiləndə jurnalistlər ilkin xəbəri yazmaqla yanaşı, qısa bir araşdırma da aparırlar: qəza törədənin ad-soyadını öyrəndikdən sonra kimin oğlu olduğunu, atasının harada işlədiyini dəqiqləşdirirlər. Və tapırlar ki, o, yuxarılardandır.
Günahın kimdə olduğunu araşdırmağa ehtiyac qalmır. Qəzanın təqsiri yüzdə doxsan doqquz halda bahalı maşın sürəndə olur. Elə olur ki, adam sadəcə təkbaşına, heç bir qəza tərəf-müqabili olmadan qəzaya düşür: yüksək sürətlə dirəyə, ağaca, divara çırpılır, döngəni dönə bilmir aşır, yoldan çıxıb dərəyə yuvarlanır və s. Ən çox isə bu cür maşınlar kimisə arxadan vurub əzir, üstündən keçirlər.
Həmişə də aydın olur ki, bahalı maşının sürücüləri gənclərdir (17-37 yaş arasında). Əksər hallarda onların içkili və ya nəşəli olduğu bildirirlir – bəzən bu durum rəsmiləşdirilmir, amma hal şahidləri çörəyin bərəkətinə and içirlər ki, qəza törədən sürücü hallıydı. Ya da kimsə xəbər verir ki, o maşına minməzdən əvvəl yanımda yarım litr araq içmişdi.
Ancaq bütün hallarda bu cür qəzaların səbəbi harınlıq, qudurmuşluqdur. Sən vur araqdan, çək nəşədən, iylə kokaindən, min 200 min avroluq maşına, yıxıl qaz pedalının üstünə, 60-80-lik yollarda 180-lə sür və qabağına çıxanın belindən keç… Qudurğanlıq deyil, nədir? Adama deyərlər, qırışmal, yerlə gedə bilmirsən, get pilot ol, təyyarə sür, helikopter al.
Əslində bu harın adamlar helikopter, təyyarə ala bilərlər (necə ki, bəzilərinin xarici ölkədə təyyarələri var), sadəcə, ölkədə sürmələrinə icazə yoxdur deyə almırlar. Hökumət qorxur ki, ölkənin pullularına helikopter və ya “Qolfstrim” tipli təyyarələr almağa icazə versələr, səmada tıxac olar.
Yoxsa yerlə gedən insanlar ikiəlli razı olarlar ki, o havalanmış gədələr birdəfəlik havayla getsinlər, camaatın ailə-uşağını qırıb-çatmasınlar.
İyirmi beş ilin sürücüsü olan və indiyədək ekvator xətti ilə götürsək, planeti bir neçə dəfə dövrə vurmağa yetəcək qədər yol-məsafə qət etmiş dostum var, deyir ki, son illər yollarda irəlidən çox güzgüylə geriyə baxır. Adam deyir: “Seyid Əşrəfin cəddi haqqı, yola çıxanda gözüm güzgüdə qalır. Elə bilirəm, bu saat o sovet “Zil”i boyda maşınlar gəlib belimdən keçəcək. Neçə dəfə gəlib böyrümdən elə keçiblər ki, gedib nəzir vermişəm”.
Tərs kimi, gündən-günə artırlar. Yolda vurulan piyadaların qanı o harınların üstündədir. Bu cür cinayətlərin hansının üstü açılmırsa, əmin olun, harın züryətlərdən biri törədib. Eyni hadisəni ucuz maşın sürən törədəndə hara qaçsa da tapırlar, amma bahalı maşın sürücüsü isə “tapılmır”.
Ən pisi isə odur ki, cəmiyyətdə bu cür harınlara və qudurmuşlara dözümlü münasibət var, bir çoxları hətta onlara haqq qazandırır. Şahzadələr, şeyx balaları kimi gün keçirən, öz harınlığını, bahalı telefon, saat və maşınlarını sosial şəbəkələrdə sərgiləyənlərdən beş cümləlik yazı yazan kimi, öz ciblərində beş manatı olmayan proletariat nümayəndələri adamın üstünə tökülür, yazırlar: “Əccəb eləyirlər (acıqla “c”ni qoşa yazırlar), sizin pulunuz olsa, siz də edərsiniz”; “O da etməyib, kim edəcək ki? Atasının pulu var, xərcləyir özü üçün, kimin nə dərdinə qalıb?” (“şporuna qalıb” yazanlar da olur); “Sizin də işiniz-gücünüz qurtarıb ey, xalxın balasının malını-pulunu hesablayırsınız”; “Gedin filan problemlərdən yazın” və s.
Oxuyursan, mat qalırsan. Hiss edirsən ki, o bahalı maşınla şütüyənlərdən biri gəlib bunun əzizinin belindən keçsə, yaxud harınlardan biri bunun qardaşını yolda təpiyin altına salsa, başına tapança dirəsə, adam bu dili danışmaz. Onu da anlayırsan ki, bu cür düşünən adamların özlərinin haram milyonlara çıxışları olsa, daha çox talayarlar, daha bahalı maşın alarlar və mütləq göylə gedərlər.
Dövranımız pis gəldi, qardaşlar. Allah dəvəyə qanad verməsə də, quduz pullar dədəsi-babası ulaq minənlərin altına 200 minlik maşınlar verib və onlar yola sığmırlar. Nəticədə nə olur, yetim-yesirə, kasıb-kusuba olur.
Ehtiyatlı olun, yolda arxanı göstərən güzgüyə tez-tez baxın.