Yazını məcburən mühacirətdə yaşayan satirik şair Mirzə Sakitin “Feysbuk”da yazdığı statusla başlamaq istəyirəm.
Mirzənin statusu belədir:
“Mənim ”Nərimanov” metrostansiyasında pal-paltar satan bir tanışım var idi. Hər dəfə mən mitinqə gedəndə “Nərimanov” stansiyasına düşərkən soruşurdu:
– A bəy, hara belə, xeyir ola…
– Mitinqə gedirəm, bəy.
– İşiniz-gücünüz yoxdu daaa, vallah..
Srağagün onunla bir az yazışdıq. Soruşdum ki, a bəy, nə var, nə yox. Yazdi:
– Mitinq eləməyə hazırlaşırıq.
Yazdım:
– İşiniz-gücünüz yoxdu daaa, vallah…”.
Bizdə vəziyyət, bax, bu cürdür, Mirzə yazan kimidir. Mən özüm də buna bənzər söhbətlərə çox düşmüşəm.
Məsələn, uzun illər öncə işlədiyim qəzetə tez-tez hücumlar olanda, bizi məhkəmələrə çəkəndə, orda-burda tutub döyəndə elə qəzetlər vardı ki, onların rəhbərliyi müdrik-müdrik deyirdilər: “Onların başına gələn hadisələr radikallıqları üzündəndir. Partiya tribunası kimi çıxış etməsələr, peşə etikasına riayət etsələr, heç bir təzyiqlə üzləşməzlər”.
Allah qismət elədi, partiya qəzeti olmaq statusunu dəyişdik, peşə etikasına daha ciddi riayət etdik, qarşı tərəfin mövqeyini işıqlandırmaq işinə həvəs göstərdik, bu dəfə vaxtilə konstruktivlik, hazırda isə radikallıq edənlər üstümüzə ad qoydular. Amma o da sübut olundu ki, işimiz təzyiqsevər işdir.
Belə şeylər çox olur. Vaxtilə barmağını müxalifətə tuşlayıb “bunları mühakimə etmək lazımdır” deyənlərin özlərini, gün gəldi, tutub mühakimə etdilər və onlar bu dəfə mühakimə olunmalarını tələb etdiklərindən onları müdafiə etmələrini umdular. Amma gec idi. Bu biri tərəfdə də elə höcət, prinsipial, hətta kinli adamlar var ki, deyirlər, biz o vaxt döyüləndə, tutulanda onlar hardaydılar, niyə kömək etmirdilər, indi də qoy onların canı çıxsın.
Beləcə, növbəylə, dəstə-dəstə hamının canı çıxır və heç kəs heç kəsə kömək eləmir.
Yadınızda olar, altı-yeddi il qabaq “İnşaatçılar” metrostansiyasının yaxınlığında laçınlı qəssabların obyektlərini sökürdülər. Polkovnik Çingiz Məmmədovun qaşqasından daşla da vurmuşdular ha, bax, o haqq-hesabı deyirəm. Onda stansiyanın tunelində xırdavat-filan satan satıcılar qəssablara heç bir kömək etmədilər və hökumət onları çığırda-çığırda o məkandan perik saldı. Srağagünkü aksiyada isə fəallıq edənlərin və tutulub cərimələnənlərin bir neçəsi məhz “İnşaatçılar”da işləyənlərdir. Əgər bu gün qəssablar o həndəvərdə olsaydılar, onlar da ticarətçilərə kömək etməyəcəkdilər, hətta deyəcəkdilər ki, bunlar da rədd olub getsəydilər, baş-qulağımız dincələrdi.
Başqa nümunələr də var. 2001-ci ildə Qarabağ qaziləri Dərnəgüldə etiraz aksiyası keçirəndə o ətrafda yaşayan köçkünlər onlara heç bir dəstək vermirdilər. Sonradan köçkünlərin şəhər ətrafında tikdikləri evləri başlarına uçurdanda da qazilər onlara qahmar çıxmadılar.
Bu xüsusda bircə istisna, özümüzdən demək olmasın, jurnalistlərdir. Köçkünlər etiraz aksiyası keçirir, köməyə jurnalistləri çağırırlar, qazilər dara düşəndə onlara üz tuturlar, müəllimlərin hökumətə sözü olanda qəzetlərə, saytlara gəlirlər. Hətta camaatın yardım üçün üstlərinə qaçdığı vəkillər, hüquq müdafiəçiləri də bir gün işləri dolaşığa düşəndə jurnalistlərdən kömək umurlar. Atalar da “əl-əli yuyar, əl də üzü” deyiblər axı. Gün olur, bu ölkədəki bütün kateqoriyadan olan adamlar kimi, jurnalistlərin də xirtdəyi ələ keçir, onda vəziyyət dəyişir, Allah tərəfi, o məqamda bütün sosial qruplardan jurnalistlərə pis-yaxşı dəstək gəlir.
Vəssalam. Bundan başqa bu ölkədə zəruri məqamlarda köməkləşə bilənlər yoxdur. Ona görə də haqsızlıqla üzləşənlər, yaxud üzləşdiyini hesab edənlər təkbaşına mübarizə aparırlar. Budur, “Sovetski” camaatı neçə müddətdir “nöş belə edirlər, alə” sualı səsləndirirlər, amma “Papanin”dən xəbər yoxdur, onların hələ “neyimizə lazım” deyən vaxtlarıdır. Sonra onlar “Adə, adə, mınnar bizi nə hesab edir” deyə aksiyaya çıxanda Montin və Keşlə camaatı “bizlik deyil” deyəcəklər.
Beləcə, karusel fırlanacaq. Hətta ola bilər, bu gün Mirzəyə “eh, siz də ölkəni qoydunuz, qaçdınız xaricə” deyənlərdən biri bir gün Brüsselin mərkəzindəki çayxanada şairə görüş təyin edəcək ki, “mən də gəldim, gəl oturaq, dərdləşək”.