Rusiyanın Ukraynaya aqressiv münasibəti, Krımı faktiki olaraq işğal etməsi ölkəmizdəki ruspərəstləri də xeyli sevindirib və fəallaşdırıb. Onların müvafiq mövzuya dair fərəh dolu şərhlər yazması bunun əyani sübutudur.
Bu tendensiyanın səbəblərinə toxunmazdan öncə, sevincək olmuş ruspərəstlərin kimliyinə toxunaq.
Onların bir yarısı SSRİ dövründə valideynləri və özləri partiya nomenklaturasına daxil olmuş və o dövrün üstünlüklərindən bəhrələnmiş şəxslərdir. Müstəqillik dövründə müxtəlif səbəblərdən hakim partiyaya transfer oluna bilməmiş, bir kənarda qalmış bu şəxslər hesab edirlər ki, yenidən maddi sərvətlər bolluğunda, zövq-səfa içində yaşamaları üçün hansısa bir şəkildə ölkədə rus hakimiyyəti qurulmalıdır.
SSRİ-nin, başqa sözlə, Moskvanın patronajlığının bərpasını istəyənlərin bir hissəsi isə sovet dövründə pis-yaxşı normal yaşayan, rusca təhsil alan şəxslərdir. Onlar indiki dövrü keçmişlə müqayisə edir və üstünlüyü keçmişə verirlər, hesab edirlər ki, köhnə əyyam bərpa olunsa, daha yaxşı olar.
Ruspərəst kimi görünənlərin bir hissəsi isə gəncdirlər, SSRİ dövrünü görməyiblər, ağızdan-ağıza eşidiblər ki, o zamanlar haqq-ədalət olub, şikayət edənin şikayətinə baxırmışlar, hamı, demək olar ki, eyni cür yaşayırmış, heç kəsin heç kəslə işi yoxmuş, bütün SSRİ xalqları dostluq və mehribanlıq içindəymişlər və s.
SSRİ dövründə hər şeyin yaxşı, güllük-gülüstanlıq olması barədə deyilənlər, əlbəttə, o dövrün retuşlanmış, indiki dildə desək, fotoşopdan keçirilmiş mənzərəsidir. Sovet dövrü də bir şey deyildi. Qıtlıq, kasıblıq, hüquqsuzluq vardı. Kreml gizli şəkildə qeyri-rus xalqların tədrici assimlyasiyası siyasətini yeridirdi, Rusiyanın intəhasız çölləri Orta Asiya və Qafqaz respublikalarının hesabına məskunlaşdırılır və bu zaman rusifikasiya siyasəti prioritet təşkil edirdi.
Ancaq indiki dövrlə müqayisə edəndə mənzərə keçmişin xeyrinəymiş kimi görünür. O zaman bu qədər harınlıq, talançılıq, cəzasızlıq yox idi. Nəinki rayon başçısı, prokuror, rəis, məhkəmə sədri, heç nazirlər də böyük varidat toplaya və onu nümayiş etdirə bilməzdilər. Övladları harınlıq edən vəzifə yiyələri cəzalandırılardı. Vəzifə adamları və onların züryətləri küçədə maşın, tapança oynada bilməzdilər. Haqq-ədalət bunca tapdanmazdı, sıravi adamların, kasıb-kusubun, yetim-yesirin başından bu qədər basılmazdı.
Təhsil, səhiyyə sferası indikindən qat-qat yaxşıydı. Bəlkə bir az gerilik vardı, amma dürüstlük də vardı. Xəstə yiyələri həkimlərin cibinə pul basardılar, amma həkim skalpelini xəstənin xirtədiyinə dayayıb, “ya bu qədər verəcəksən, əməliyyat edəcəyəm, ya da özün bil”, “bizdə bu əməliyyatın xərci 1000 (yaxud 5000) manatdır” deyə bilməzdilər. Apendisit əməliyyatı 50 manatla başa gəlirdi, indiki kimi 500 manat deyildi. Müəllimlərin şagirdlərdən pul almaq söhbəti yox idi, əvəzində bir çox institutlarda tələbələr soyulurdu.
Hər necə olsa da, SSRİ artıq yoxdur, o tarixin arxivinə qovuşub. Hətta nəzəri olaraq qırmızı rus imperiyasının 1991-ci ilə qədərki sərhədləri bərpa olunsa da, bu, sovet dövrünün bərpası olmayacaq.
Rusiyanın indiki rəhbərləri dünya birliyi ilə konfrontasiyaya və böyük qurbanlara gedərək, köhnə sovet respublikalarını zor və silah gücünə Moskvaya tabe edə bilərlər, amma heç kəs hesab etməsin ki, ideallaşdırılımış “sovet ədaləti” bərpa olunacaq. Lenin baba və onun irsi ölüb və heç kəs onları diriltməyi düşünmür. Kremlin indiki sahibləri Biirnci Pyotrun vəsiyyətlərini üstün tutur, xalqlara isə İkinci Nikolayın meyarları ilə yanaşırlar.
Bu baxımdan “azad ellərdə möhtəşəm Rus diyarı” bərpa olunsa, bu dəfə yerli burjuyları rus kapitalistləri əvəz edəcəklər və “SSRİ bərpa olunur”, “bu gələn SSRİ-nin ayaq səsləridir” deyə sevincək olan, sputnik antenlərinə ikinci “başlıq” qoydurub rus telekanallarını izləyən, rus saytlarının daimi izləyicisinə çevrilənlər umsuq olacaqlar.
Təbii ki, müstəqil və milli dövlətin heç bir alternativi yoxdur. Bu, böyük nemətdir. Sadəcə, bir ovuc harın zümrə o neməti məmləkət əhlinin böyük bir hissəsinə haram edib. Bunun çarəsini tapmaq lazımdır.
Özünün rifahı, hətta ölkənin, hamının səadəti üçün yadellilərə sarı boylanmaq, onlardan mədəd ummaq isə həm xalqa xəyanət, həm də sadəcə axmaqlıqdır.