Bu ölkədə siyasi partiyanın fəaliyyətini məhdudlaşdırmaq, ona psixoloji təsir göstərmək üçün qərargahdan məhrum edilməsi yeni sanksiya növü deyil.
Bundan əvvəl də o cür hadisələr çox olub. Müxalifət partiyaları vaxtaşırı bu təzyiq növü ilə üzləşiblər, üzləşirlər. “Qərargah imtahanı”na çəkilməyən müxalifət partiyası qalmayıb.
Bu təzyiq metodu təkcə partiyanı sıxışdırmaq üçün deyil, həm də qisas səciyyəsi daşıyan tədbirdir.
Məsələn, 2003-cü ildə Müsavatın şəhərin mərkəzində yerləşən qərargahından çıxarılması sırf seçkidə hakimiyyətə yaratdığı problem və başağırısına, göstərdiyi müqavimətə görə idi.
Hakimiyyəti itirmək təhlükəsi ilə üzləşmiş, ciddi əndişə, həyəcan, stress yaşamış iqtidar sahibləri acıqlarını ölkənin ən mütəşəkkil partiyasını qərargahından çıxarmaqla çıxdılar.
2005-ci ilin payızında bənzər olay AXCP-nin başına gətirildi. Bu da noyabr 6-da keçirilən parlament seçkilərində “Azadlıq” blokunun ciddi müqaviməti və 26 noyabr mitinqində Əli Kərimlinin xalqı müqavimətə çağırması ilə bağlıydı.
İndiki “qərargah sanksiyası” isə həm öncədən düşünülmüş planın tərkib hissəsinə, həm də qisas aktına oxşayır.
Məlum olduğu kimi, fevralın 26-da cəbhəçilər Xocalı faciəsinin ildönümünə həsr olunmuş mərasimdə polislə dartışmış, şüarlar səsləndirmişdilər. Bir-iki gündən sonra hökumət o gənclərdən bir neçəsinə inzibati cəza kəsdi, ardınca da partiyanın qərargahını əlindən aldılar.
AXCP-nin qərargahının yerləşdiyi binanın zirzəmisində törədilən və heç bir tələfata, ciddi dağıntıya səbəb olmayan partlayışın konkret kim tərəfindən törədildiyi məlum olmasa da, gerçəklik gün kimi ortadadır.
Hər şey çox aydındır. Partlayışın məqsədi də aşkardır. Bu, məhz partiyanı qərargahsız qoymaq üçün törədilib. Bu xüsusda dövlət strukturu tərəfindən çoxlu azdırıcı məlumatlar yayılsa da, mübahisə predmeti yoxdur. Hamı hər şeyi bilir.
Bu hakimiyyətin öz siyasi rəqiblərinə qarşı münasibəti budur, bundan artıq deyil.
11-12 il əvvəl bu ölkənin siyasi arenasında çox şey bərbad idi, münasibətlər sistemində çoxlu xoşagəlməzliklər vardı, amma iqtidar-müxalifət düşərgəsində bu qədər dərin düşmənçilik, bir-birinə dözülməzlik yox idi.
Son illərdə isə hiss olunur ki, ali sarayda arada müxalifətin mövcudluğuna birdəfəlik son qoyub-qoymamaq xüsusunda polemika da aparılır.
Hətta zaman-zaman “yeni müxalifət” yaratmaq, böyütmək təşəbbüsləri yaranır və hər dəfə uğursuzluqla nəticələnir.
Hakimiyyət “ənənəvi müxalifət”dən əllərini dirsəyə qədər yuyub. Müxalifət də həmçinin. O da bu hakimiyyətin nə vaxtsa düzələcəyinə heç bir ümid bəsləmir.
Ancaq hələlik rəqibinə pislik etmək, əlindən gələn yamanlığı əsirgəməmək kimi “imtiyaz” iqtidar komandasının inhisarındadır və o, bu imkandan yetərincə və vaxtaşırı yararlanır.
Mövcud rejimin müxalifəti sıxışdırmaq planına təkcə onu qərargahdan məhrum etmək istiqamətində gördüyü tədbirlər daxil deyil.
Bu sırada müxalifətlə ictimaiyyətin ünsiyyətini minimuma endirmək (ayrı-ayrı rayonlara səfərləri yasaqlamaq), partiyalara yaxın mətbuat orqanlarını boğmaq, müxalifətin maliyyə qaynaqlarını tapıb, kanalları bağlamaq və sair və ilaxır sistematik hərəkətlər var.
Rejimin başbilənləri belə güman edirlər ki, siyasi dövranın uzunömürlülüyünü təmin etmək üçün ən effektiv üsul, yol budur.
Bu, elə bir məsələdir ki, demokratik təfəkkürə sahib olmayan heç bir hakim komandaya əksini sübut etmək mümkün deyil. Hələ heç vaxt olmayıb ki, avtoritar rejimlərin sahibləri özləri könüllü şəkildə “bu sayaq idarə etməyimiz daha bəsdir, artıq başqa cür idarə edək” kimi bir qənaətə gəlsinlər.
Heç ona da rast gəlinməyib ki, hansısa ölkədə müxalifəti boğmaqla, onu qərargahsız, pulsuz, mətbuatsız qoymaqla axırına çıxmaq, tamamilə yox etmək mümkün olsun.
Hansısa liderlər olmaya, funksionerlər sıradan çıxa bilər, 30 illik susqunluqdan sonra da olsa, mütləq bir müxalif qüvvə ortaya çıxacaq.
Sadəcə, uzun illərin sıxılmışlığından, susqunluğundan sonra meydana çıxan müxalif qüvvə özünü Belçika, İsveç, Norveç, Danimarka müxalifəti kimi aparmayacaq. Məsələ budur.