2013-cü il üzrə “”Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun müddəalarının tələblərini pozan dövlət orqanları tərəfindən 390 dövlət qulluqçusu barədə intizam-tənbeh tədbiri tətbiq edilib. Onlardan 341 nəfərə töhmət verilib, 16 nəfərin vəzifə maaşı azaldılıb, 13 nəfər dövlət qulluğundan azad edilib, 20 nəfərə isə digər intizam-tənbeh tədbiri tətbiq edilib”.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov “Komissiyanın 2013-cü il üzrə illik fəaliyyəti və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə hesabatları” mövzusunda konfransda deyib.
V. Əsgərov qeyd edib ki, mərkəzi icra hakimiyyəti orqanları üzrə 314 nəfərə (bunlardan töhmət 275 nəfərə, maaşın azaldılması 16 nəfərə, dövlət qulluğundan azad edilmə 11 nəfərə), yerli icra hakimiyyəti orqanları üzrə isə 76 nəfərə (bunlardan töhmət 67 nəfərə, dövlət qulluğundan azad edilmə 3 nəfərə, daha aşağı vəzifəyə keçirilmə 1 nəfərə) intizam tənbeh tədbiri tətbiq edilib. “Mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilmiş intizam tənbeh tədbirləri əsasən əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməməsi, qeyri-peşəkarlığın göstərilməsi, qeyri-mədəni davranışla bağlı olub. Yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilmiş intizam tənbeh tədbirləri isə əsasən əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməməsi, qeyri-peşəkarlıq, qeyri-vicdani davranış ilə bağlı olub.
Sektor müdiri əlavə edib ki, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 10-cu hissəsinin tələblərinə əsasən, Komissiya 2013-cü il ərzində etik davranış məsələləri üzrə treninqlər təşkil edib, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı Komissiyaya daxil olan 10 şikayəti araşdırılıb, etik davranışla bağlı dövlət orqanları tərəfindən Komissiyaya təqdim edilən məlumatları ümumiləşdirib.