Suriyada daha bir neçə azərbaycanlının öldürülməsi barədə məlumatlar yayılıb.
APA-nın məlumatına görə, Suriyada hökumət qüvvələri tərəfindən öldürülən azərbaycanlıların böyük əksəriyyəti Sumqayıt sakinidir. Yaraqlılar son vaxtlar Suriyada öldürülən azərbaycanlıların bir neçəsinin adını və fotolarını yayıblar.
Onlar Hanzala Sumqayıtlı, Abdul Vahid Sumqayıtlı, Abdulmalik Sumqayıtlı, Əbu David Sumqayıtlı və Abdu Razzak kimi təqdim ediliblər.
Bu arada Suriyada döyüşlərdə iştirak edən azərbaycanlıların yeni video görüntüləri yayılıb. APA-nın “İraq Şam Dövləti” silahlı qruplaşmasına məxsus saytlardan əldə etdiyi həmin video görüntülərdə azərbaycanlı döyüşçülərin Azad Suriya Ordusunun nəzarətindəki neft mədəninin ələ keçirilməsi səhnəsi əks olunub. “İraq Şam Dövləti” silahlı qruplaşmasının keçirdiyi həmin əməliyyatlara rəhbərliyi isə “Xəttab Əl Azəri” kimi təqdim olunan azərbaycanlı edir.
“Xəttab Əl Azəri” video-görüntüdə Azad Suriya Ordusu tərkibində vuruşan şəxslərin islama bağlı olmadıqlarını açıqlayıb: “Onlar özlərini Ceyşül Islam adlandırırlar, lakin onların Ceyşül İslamla heç bir əlaqəsi yoxdur. Bu gün Suriyada əsl əqidəni yaşayan, öz əqidəsi üçün can verən, Allahın dinini hər şeydən uca tutaraq, vuruşanlar dövri-islamiyyədir və onun tərkibində olan bizim kimi qardaşlardır”.
“Xəttab Əl Azəri” Azad Suriya Ordusu tərkibində vuruşan şəxsləri Amerikaya və Səudiyyə Ərəbistanına xidmət etməkdə ittiham edib:
“Onlar haqq yoldan yayınıb səhv yola getdilər, Amerikaya və Səudiyyəyə biət elədilər. Səudiyyə kralı ilə Bəşər Əsəd arasında heç bir fərq yoxdur. Bəlkə də Bəşər Əsəd Səudiyyə kralından daha xeyirlidir”.
APA TV-nin xəbərinə görə, son vaxtlar Suriyada Bəşər Əsədə qarşı vuruşan Azad Suriya Ordusu ilə “İraq Şam Dövləti” qruplaşması arasında intriqa düşüb. Hazırda onlar bir-birinə qarşı vuruşur. Ən acınacaqlısı ondadır ki, Azərbaycandan Suriyaya vuruşmaq üçün gedən şəxslər həm Azad Suriya Ordusu, həm də “İraq Şam Dövləti” qruplaşmasının tərkibində bir-birləri ilə döyüşür.