Gənc müğənni Afaq Aslanın Gün.Az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
-Necə oldu ki, yerli şou-biznesdə “İlin ən cazibədar müğənnisi” seçildiniz?
-Mən sənətə gələn gündən sosial şəbəkələrdə aktiv olmuşam. Hər zaman da şəkillərimə şərhlər yazırlar ki, çox cazibədar və seksual xanımsınız. Klipimdə də açıq-saçıq səhnələr var, yəqin ona əsasən, məni “İlin ən cazibədar qadın müğənnisi” seçdilər.
-Bəs siz özünüzü cazibədar xanım hesab edirsiniz?
-Özümü gözəl hesab etmirəm. Bəzən elə məclisə düşürəm ki, orada məndən də gözəl xanımlar olur. Amma insanda “şeytan tükü”, şarm, cazibə deyilən bir şey var ki, diqqəti cəlb edir. Məsələn, insanların mənə olan marağını, diqqətini hiss edirəm. Baxıram ki, yanımda olan gözəl xanım diqqəti cəlb etmir. Əksinə, insanların baxışları mənə yönəlir.
-Nə qədər vaxtdır səhnədəsiniz?
-Professional olaraq, artıq 1 ildir ki, fəaliyyət göstərirəm. Amma musiqi ilə uşaqlıqdan, 4 yaşımdan fərdi olaraq məşğulam. Heç vaxt müğənni olmaq haqda düşünməmişəm. Mənə kimsə deyəndə ki, müğənni ol, gülürdüm. Deyirdim ki, heç vaxt müğənni olmaram. Əslində, bu sənətə gələndə, müğənniliyə hobbi kimi baxırdım. Çünki mənim əsl ixtisasım memarlıqdır. Sənətin içinə girdikcə, düşündüm, niyə də daha yüksək səviyyədə bu işlə məşğul olmayım?!
-Rəfiqəniz, türkiyəli müğənni Ebru Polatla aranızda soyuqluq yaranmışdı. Hazırda münasibətləriniz nə yerdədir?
-Onunla indi də rəfiqəyik. İnciklik mən tərəfdən hələ də davam edir. Amma Ebru özünü elə aparır ki, sanki heç nə olmayıb. Yenə də “bacımsan”, “ürəyimsən”, “canımsan” deyir. Belə baxanda, münasibətlər normaldır. Amma mənim ondan qəlbim qırılıb.
-Türkiyə şou-biznesində Ebru Polatdan başqa kimlərlə dostluq edirsiniz?
-Türkiyəli sənətçilər arasında dostlarım çoxdur. Sadəcə, ad çəkmək istəmirəm. Çoxları ilə dostluq münasibətim var. Onu da deyim ki, gələcəkdə həmin müğənnilərlə müştərək layihələr etmək fikrindəyəm.
-Kimlərlə layihələriniz olacaq?
-Serdar Ortaçla duet oxumağı fikirləşirik. Onunla artıq danışmışıq. Hələ ki, görüşümüz alınmır. Nə onun vaxtı var, bura gəlsin. Nə də ki, mən işlərimi planlaşdırıb, ora gedə bilmirəm, görüşək. 2014-cü ildə bizim birgə layihəmiz reallaşacaq. Türkiyə şou-biznesində çevrəm çox böyükdür, tanışlarım çoxdur: müğənnilər, aktrisalar, rejissorlar. Yəni gələcəkdə ola bilsin ki, Türkiyə şou-biznesinə üz tutdum. Amma hələ yox.
-Sizcə, Türkiyə şou-biznesinə qatılsanız, sevilmək, tanınmaq şansınız yüksək olacaq?
-Türkiyə şou-biznesində tanınmaq və sevilmək, ilk növbədə insanın çevrəsindən asılıdır. Yəni çevrən, əhatən güclü olmalıdır. Ürəyim istəyən vaxt qardaş ölkənin şou-biznesinə qoşula bilərəm, mənim üçün çətin deyil. Bunu istənilən zaman edə bilərəm.
-Efirlərdə niyə az görünürsüz?
-İnsanların gözünü çox yormaq istəmirəm. Sonra deyəcəklər ki, sənətə təzə gəlib. Amma görməmiş kimi efirlərdən düşmür.
-Sosial şəbəkələrdən daha çox nə üçün istifadə edirsiniz?
-Insatgram-da da, Facebook-da günaşırı oluram. Sosial şəbəkələrə münasibətim normaldır. Sosial şəbəkələrdən daha çox işlərimlə əlaqədar istifadə edirəm. Xarici ölkələrlə danışıqlar aparıram. Facebook vasitəsilə bir çox iş təklifləri almışam. Tanımadığım insanlarla yazışmıram. Sosial şəbəkədə şəkillərimi paylaşmağı sevirəm.
-Şəkillərinizə yazılan şərhlərə qarşı nə qədər tolerantsınız?
-Əslində, mənim şəkillərimə normal şərhlər yazılır. Yəni hələ ki, pis şərhə rast gəlməmişəm.
-Facebook-da sizinlə dost olmaq istəyənləri hansı şərtlərə görə seçirsiniz?
-Mənim üçün fərqi yoxdur, kim dostluq göndərirsə, qəbul edirəm.
-Ümumiyyətlə, İnternetdə çox vaxt keçirirsiniz? Daha çox hansı saytlara girirsiniz?
-Erotik saytlara girib, baxmıram. Xəbər saytlarına girirəm. Daha çox özüm haqqımda yazılan xəbərləri oxuyuram. Yeri gəlmişkən, yerli informasiya saytlarımızdan razıyam, bəyənirəm.
-Daha çox hansı kateqoriyalı xəbərlər diqqətinizi çəkir?
-Ən çox maqazin, şou-biznes xəbərlərini izləyirəm. Öz həmkarlarımın xəbərlərini oxuyuram. Dəstəklədiyim həmkarlarımın yaradıcılığı ilə maraqlanıram. Dəstəkləmədiklərimin xəbərlərinə isə baxıb, sadəcə, gülürəm. Allah hamının köməyi olsun.
-Maraqlıdır, güldüyünüz həmkarlarınız kimlərdir?
-Ad çəkməyəcəyəm. Deyim ki, yerli şou-biznesdə paxıllığımı çəkənlər çoxdur.
-Həmkarlarınız yaradıclığınızla, ifanızla bağlı sizə irad bildirirlər?
-Yox, üzümə qarşı heç nə deməyiblər. Amma hiss edirəm ki, məni gözü götürməyənlər, paxıllığımı çəkənlər çoxdur. Nədənsə, hər zaman xarici görkəmimə görə mənim paxıllığımı çəkirlər. Məni bir qadın kimi özlərinə rəqib görürlər. Bu da ondan xəbər verir ki, mən güclü rəqibəm. Elə bil ki, Afaq daş olub, düşüb bunların başına… Üzdə isə mənimlə normal münasibət saxlayırlar. Bir müğənni var, ona demək istəyirəm ki, iki mahnı oxumaqla populyarlaşmaq, heç də ulduz olmaq anlamına gəlmir. 15-20 ilini bu sənətə verən sənətçilərimiz belə özlərini ulduz hesab etmirlər. İki mahnı ilə efirə gəlib, üç gündür tanınır, özünü ulduz sayır. Təkəbbür lazım deyil. Kiməsə yuxarıdan aşağı baxmaq pis hərəkətdir. Qəribədir, bu sahə belədir. Müğənnilər bir-birini bəyənmir.
-Bəs Afaq Aslan necə, nə zamansa “ulduz xəstəliyi”nə yoluxacaq?
-Qətiyyən. Bir məsəl var, deyir, ağac bar verdikcə başını aşağı əyər. Amma bizim bəzi sənətə gələn müğənnilərimiz başlarını elə qaldırırlar ki…
-Həmkarlarınız sizi müğənni kimi qəbul edirlər?
-Həmkarlarımı deyə bilmərəm, amma məni müğənnidən daha çox modelə oxşadırlar. Sosial şəbəkələrdə də yazıb soruşurlar ki, siz modelsiniz? Yəqin ki, bədən quruluşuma, ya da üz cizgilərimə görə elə fikirləşirlər. Onu da deyim ki, bizdə xarici görünüşünə görə, standartlara cavab verən müğənnilər azdır. Çünki artıq çəkiləri olanlar çoxdur. Boydan balacadılar. Mənim isə boyum hündürdür, artıq çəkim də yoxdur. Ona görə də məni gözü götürməyənlər, xainliyimi çəkənlər çoxdur.
-Özünüzü necə formada saxlayırsınız?
-İstədiyim yeməyi yeyirəm. Pəhriz saxlamıram. Üzgüçülüklə məşğul oluram. Uşaqlıqdan quruluşum belədir. Qadının gözəlliyi incəliklə, arıq olmaqla ölçülmür. Azərbaycan qadını hər zaman öz xanımlığını qorumalıdır. Davranışlarına fikir verməlidir. Məsələn mənim şəkillərimə baxanlar deyir ki, ay Allah, bu nə yekaxanadır… Davakardır… Amma məni həyatda tanıyanlar, deyirlər ki, sakit xasiyyətlisən. Özümə hörmət edən insanam. Nə heç kimə söz atmaram, nə də ki, heç kimdən söz götürmərəm.
-Hər zaman açıq-saçıq geyinirsiniz?
-Əslində, adi həyatda açıq geyinmirəm. Şəkillərimdə elə imic yaratmışam ki, elə bilirlər, gündəlik həyatda da açıq-saçıq geyinirəm. Daha çox klassik geyimləri sevirəm.
-Qarderobunuzu tez-tez təzələyirsiniz?
-Hə…
-İl ərzində geyiminizə nə qədər pul xərcləyirsiniz?
-Çox, xərcləyirəm. Amma məbləğ deyə bilmirəm. Onu deyim ki, qarderobumda bahalı firmalardan geyimlər çoxdur. Lakin adi mağazalardan olan geyimlər də var. Hansı ki, görürəm, bəyənib alıram. Qarderobumda ən bahalı geyimin qiyməti 4500 manatdır. Geyimlərimi ən çox Moskvadan alıram.
-Sevgiliniz var?
-Sevgilim var, sevib-sevilirəm. 26 yaşındayam, amma hələ ki, ailə qurmaq planımda yoxdur.
http://s61.radikal.ru/i171/1402/37/4a057726d28e.jpg
http://s019.radikal.ru/i642/1402/92/e284613552c8.jpg
http://s020.radikal.ru/i723/1402/c1/d6b89de140d9.jpg
http://s005.radikal.ru/i210/1402/e5/be2f88b0a2a2.jpg
http://i019.radikal.ru/1402/a6/b4b072fd5d2e.jpg
http://i047.radikal.ru/1402/7b/a1e16bfbce43.jpg
http://s019.radikal.ru/i610/1402/5b/33877cd4076c.jpg
http://s019.radikal.ru/i602/1402/d0/12ae9ccc1bdb.jpg
http://i022.radikal.ru/1402/14/4f881aba5831.jpg
http://s003.radikal.ru/i204/1402/93/7f00e5842d0e.jpg
http://i057.radikal.ru/1402/57/f1f4394d25ea.jpg