Bu gün səhərdən Bakıya ilk qar yağıb. Şəhərin bəzi istiqamətlərində qar örtüyü qalınlaşıb. Qar yağıntısı küləklə müşahidə olunur. Hava şəraitinin kəskin dəyişməsi Bakıdakı bəzi yollarda tıxaclara səbəb olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün hava şəraiti soyuq, güclü küləkli keçəcək, sulu qar yağması davam edəcək. Havanın temperaturu gündüz 0-3 dərəcə isti təşkil edəcək.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxta qar yağması ilə əlaqədar sürücüləri diqqətli olmağa çağırıb.
İdarənin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirib ki, qarlı hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməli və mövsümi təkərlərdən istifadə etməlidirlər. Maşınlardan mümkün qədər az istifadə olunmalı sürət həddi aşağı salınmalıdır.