Azərbaycandan fırıldaq, korrupsiya yolu ilə, kölgə iqtisadiyyatı köçürmələri ilə, bir sözlə, qanunsuz yolla nə qədər pul çıxarılır?
Vaşinqtonda qərarlaşan Global Financial İntegrity təşkilatı dünya ölkələrinin hər birindən çirkli yollarla axan kapitalı hesablayıb.
Məlum olur ki, 2011-ci ildə inkişaf etməkdə olan 150 ölkədən qırağa ümumilikdə 1 trilyon dollara yaxın, yəni 946 milyard dollar pul axıb.
Bu isə o deməkdir ki, inkişaf etməkdə olan ölkəyə qıraqdan gələn hər 1 dolların əvəzində ölkədən çirkli yolla 10 dollar çıxır.
Azərbaycandan qanunsuz olaraq qırağa hər il nə qədər pul axır?
Qiymətləndirməyə əsaslanan hesabata görə, 2007-ci ildə Azərbaycandan qırağa qanunsuz olaraq 8 milyard 539 milyon dollar pul çıxarılıb.
Bu, hesabatın əhatə etdiyi 2002-2011 –ci illər arası dövrdə Azərbaycan üçün illik rekorddur.
2009-cu ildə Azərbaycandan qırağa qanunsuz kapital axını 3 milyard 854 milyon dollardır.
2006-cı ildə Azərbaycandan qanunsuz çıxarılan pul 2 milyard 462 milyon dollardır.
2010-cu ildə 990 milyon dollar pul Azərbaycandan qırağa qanunsuz köçürülüb.
Ancaq hesabata görə, 2011-ci ildə Azərbaycandan qırağa qanunsuz olaraq köçürülən pul olmayıb.
Çirkli pulu xaricə ötürməyin təzə yolunu tapıblar yoxsa doğrudan da xariciə qanunsuz pul ötürmə dayandırılıb?
Hesabata görə, Azərbaycandan qırağa qanunsuz kapital axını
2002-ci ildə – 87 milyon dollar
2003-cü ildə – 112 milyon dollar
2004-cü ildə – 50 milyon dollar
2005-ci ildə – 126 milyon dollar
2006-cı ildə – 2 milyard 462 milyon dollar
2007-ci ildə – 8 milyard 539 milyon dollar
2008-ci ildə – 845 milyon dollar
2009-cu ildə – 3 milyard 854 milyon dollar
2010-cu ildə – 990 milyon dollar
2011-ci ildə – 0 dollar olub
2002-2011 – ci illər arası Azərbaycandan qırağa hər il orta hesabla 1 milyard 700 milyon dollar pul qanunsuz çıxarılıb.
Bu 10 ildə Azərbaycandan qanunsuz olaraq 17 milyard dollar pul qırağa axıb.
Global Financial İntegrity Təşkilatının hesabatına görə 2011-ci ildə qanunsuz pulun ən çox çıxarıldığı ölkə Rusiyadır. 2011-ci ildə burdan kənara çirkli yolla 191 milyrd dollar pul çıxarılıb. Çin ikinci yerdədir – 151 milyard dollar.
Azərbaycanın qonşularından nə qədər pul qanunsuz çıxarılır?
2002-2012-ci illərdə Ermənistandan qırağa 6 milyard 230 milyon dollar çıxarılıb.
Həmin 10 ildə Gürcüstandan çıxarılan pul 4 milyard 534 milyon dollardır.
azadliq.org