Nagəhan Alçı… Xəbəri oxuyanda ad tanış gəldi. Sanki biz bu adı daha əvvəllər eşitmişik. Xəbərdə söhbət Türkiyədə fəaliyyət göstərən “Milliyet” qəzetinin tanınmış yazarı və “CNN Türk” telekanalının jurnalisti Nagəhan Alçının Azərbaycan rəhbərliyinə müraciət etməsindən, adının “qara siyahı”dan çıxarılması barədə xahişindən gedirdi.
Bəs bizim belə məsələlərdə qazdan ayıq olan Xarici İşlər Nazirliyi surətindən simpatiya tökülən Nagəhan xanımı öz “qara siyahısı”na nə vaxt və nə səbəbə salıb? Heç demə, 2009-cu ildə.
Nəyə görə? Xanım rəsmi Bakıdan icazə almadan Dağlıq Qarabağa gedibmiş.
Getmək olmazmı? Olmaz. Hansısa jurnalistin tanınmamış “DQR”-ə səfəri separatçı rejimin təbliğatı baxımından əlverişli sayıldığı üçün bu, yolverilməzdir.
Nagəhan Alçı isə 2009-cu ildə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib, “erməni xalqının acıları”nı yazıb, işlədiyi “Akşam” qəzetində silsiləvi şəkildə çap etdirib.
Elə o zaman onun adı Azərbaycanın xarici siyasət idarəsində tərtib olunan “qara siyahı”ya salınıb və onun ölkəmizə gəlişinə qadağa qoyulub.
Bəs “ermənilərin haqq səsini dünyaya çatdıran” nüfuzlu “Akşam” qəzetinin başqa bir əməkdaşı Azərbaycana gələ bilərdimi? Əlbəttə, gələ bilərdi. Qadağa qəzetə yox, jurnalistə tətbiq olunur.
Burada isə müəyyən ədalətsizlik var. Çünki Nagəhan Alçı Qarabağın işğal altında olan hissəsinə heç də öz xoşuyla, öz təşəbbüsü ilə gəlməmişdi, onu oraya çalışdığı qəzet göndərmişdi. Həm də bu səfər “Akşam”ın o zamanlar Türkiyə hakimiyyətinin yeritməyə çalışdığı “erməni açılımı” layihəsinə töhfə vermək üçün gerçəkləşdirilmişdi.
İndi işə baxın, Türkiyənin ermənilərlə qucaqlaşmağa hazır olan siyasi qüvvələri, ermənilərin problemlərini qabardan “Akşam” kimi qəzetləri bir tərəfdə qalıb, amma “arzuedilməz şəxs” siyahısında xanım Alçının adı gedir və o, Azərbaycana gələ bilmir.
Bəlkə də jurnalist lap bu yaxınlarda, Azərbaycana ezamiyyətə gəlmək istədikdə bilib ki, adı “qara siyahı”dadır.
Hazırda XİN-in sözçüsü deyir ki, xanım jurnalistin müraciətinə baxılacaq və müsbət cavablandırılacağı təqdirdə, N. Alçının adı “arzuolunmaz şəxslər” siyahısından çıxarılacaq.
Onu da xatırladaq ki, o zaman N.Alçının bu səfəri və silsilə yazıları iki qardaş ölkə arasında qalmaqal doğurmuşdu. Nagəhan xanım ermənilərə verdiyi müsahibəsinin televiziyada yayımlandığını və Dağlıq Qarabağda bir gecədə məşhurlaşdığını yazırdı: “Bura qədər əyləncəliydi. Ancaq ikinci gün işin rəngi dəyişdi. Bir anda elektron poçtuma yüzlərlə nifrət məktubu gəlməyə başladı. Hamısı azərbaycanlı dostlardan gəlirdi. Sən demə, mənim müsahibəmi erməni saytları alıb, o müsahibədə ”Burada yalnız ermənilər yaşayır, erməni üsul-idarəsi var” sözlərim təhrif edilərək “Qarabağ yüz faiz erməni torpağıdır” kimi olub. Sonra xəbər Azərbaycan və Rusiya mənbələrinə çatıb. Ətraf qarışıb”.
Əlbəttə, N.Alçının erməni telejurnalistlərinə əslində nə dediyi, nəyi necə ifadə etdiyi mübahisəliydi, amma “Akşam”da çıxan yazıları da bizim prizmamızdan ürəkaçan bir şey deyildi. Ona görə də türkiyəli jurnalistin təmas xəttinin bu tayında yaşayan, torpağını itirmiş, ən çətin şəraitdə yaşayan azərbaycanlıları qoyub, ermənilərin dərdinə şərik çıxması, dolayısı ilə hərbi təcavüzkara bəraət qazandıran ifadələrə yol verməsi insanlarda haqlı təpki doğurmuşdu.
Bu durum xüsusilə də ona görə paradoksal görünürdü ki, Azərbaycanda fəaliyyət göstərən heç bir nüfuzlu media qurumu Türkiyə üçün incə, həssas mövzularda bu sayaq partizanlıq etməzdilər.
4 il öncə, noyabrın 17-də XİN-də mətbuat xidmətinin rəhbəri olan Elxan Poluxov “Akşam” yazarının adının ölkəmiz üçün “arzuolunmaz şəxs”lər siyahısına salına biləcəyini bəyan etmiş və əlavə olaraq bildirmişdi ki, XİN-in “Akşam” qəzet ilə də əlaqələrinə yenidən baxacaq.
İndi məlum olur ki, bu haqq-hesabda jurnalisti xərcləyiblər. İndi isə o, daha nüfuzlu “Milliyet”də və “SNN-Türk” televiziyasında çalışır.
Hər halda, N.Alçını “qara siyahı”dan çıxarmaq olar, qoy ölkəmizə gəlsin və kimsə onu Qarabağa yaxın olan yerlərə aparsın.