“Tağı Əhmədova qarşı ANS-in kampaniyası qərəzlidir. Kim istəyirsə gedib metropoliten işçilərindən Tağı Əhmədovun onlara necə qayğı göstərdiyini öyrənə bilər”.
Bunu Modern.az saytına açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov deyib. O, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov əleyhinə ANS televiziyasının hazırladığı süjetlərə münasibət bildirərkən bunun yolverilməz olduğunu vurğulayıb:
“Tağı Əhmədovun dövlətçiliyə olan sədaqəti, səmimiyyəti ANS-in işçilərində yoxdur. Jurnalistə yaraşmayan hərəkətlərini istəyirlər ki, Tağı Əhmədovun üstünə yıxsınlar. Tağı Əhmədov səmimi insandır”.
Onun fikrincə, ANS-in apardığı təbliğat qərəzlilikdən başqa bir şey deyil.
Xatırladaq ki, T. Əhmədov bir müddət əvvəl ANS-in müxbirinin verdiyi suala ironik cavab verib. ANS isə metropoliten rəisinin dediklərini kobudluq və təhqir sayaraq T. Əhmədovu tənqid edən, onun istefasını tələb edən süjetlər hazırlayıb. Qeyd edək ki, T.Əhmədov YAP Yasamal rayon təşkilatının sədr müavinidir.