Əlvan rəngləri, insan danışığını təkrarlaya bilmə qabiliyyəti və maraqlı davranışları lap qədim zamanlardan tutuquşuları insanların ən sevimli heyvanları siyahısına daxil edib. Onlar həm də öz sinfində ən ağıllılarından da sayılırlar. Bu quşlar ünsiyyətcildirlər, təkliyi sevmirlər və insan yanında özlərini rahat hiss edirlər. Hazırda tutuquşuların 300 növü məlumdur.
Yeni Zellandiyada yaşayan kea tutuquşusundan danışacağıq. İnsanlara öyrəşən və hər şeylə maraqlanan bu quşlar yemək axtararkən maşınlara, onların tentlərinə, kabinəsinə ciddi ziyan vurur. Oynamağı xoşlayılar, qarda, yaxud da buzu təzə əriyən otlarda dombalaq aşmaqla əylənirlər.
Bu quşların bir xüsusiyyəti də var. Əminəm eşidəndə bir çoxlarınız təəccüblənəksiniz. Tutuquşular bəzən diri qoyunlara da hücum çəkirlər. Bunun üçün o, hiyləgər taktikadan istifadə edir: qurbanının yanında əyləşir, sonra isə birdən onun kürəyinə cümaraq dəri altı piyindən qoparır. Beləliklə qoyun möhkəm yaralanır. Heyvan onu cəld hərəkətlə tullasa da, quş fəaliyyətini dayandırmır. Hadisənin finalı qoyun üçün faciəli bitir: Heyvan kürəyindəki «süvari» ilə ölənə qədər qaçır. O, hətta hansı yolla isə quşdan qurtulsa belə, aldığı yaralardan həlak olur. Bəzən isə qaçarkən qayadan uçur. Bu zaman kea dəstəsi cəmdəyin üstünə hücum çəkir.