Putinin SSRİ-ni bərpa etmək təşəbbüsü o qədər barizdir ki, artıq müzakirə, mübahisə predmeti deyil. Əslində bu, illər öncədən, təhlükəsizlik polkovnikinin birinci səkkizillik prezidentliyi dövründən bilinirdi.
Fəqət, o zaman keçmiş sovet ölkələri rus neo-imperiyasının boyunduruğu altına girməyə hazır deyildilər, situasiya yetişməmişdi, ona görə də Putin ən böyük arzusunu içində boğurdu.
Bəlkə də o, yenidən prezident kürsüsünə məhz bu ideyasını gerçəkləşdirməyə, Rusiya tarixində ikinci “böyük Pyotr vaqiəsi” yaratmaq üçün gəldi. Putin SSRİ-nin hər hansı bir ad altında bərpasını “həyatının əsəri”, öz tarixi missiyası hesab edir. Bu da bariz şəkildə görünür.
Təsadüfi deyil ki, Vladimir Vladimiroviç bu niyyətini sonuncu inaquruasiyasındakı çıxışında da büruzə vermiş, yenidən prezident kürsüsündə oturandan dərhal sonra qırmızı imperiyanın sərhədlərini bərpa etmək istiqamətində çalışmalara başlamışdı.
Ancaq orası da var ki, indi 93 il əvvəl deyil ki, bolşeviklər öz patavalı qvardiyaçılarını Qafqaza, Türküstana göndərib işğalçılıq siyasəti yeritdikləri kimi açıq təcavüzkarlıq edilsin. Dünya xeyli dəyişib – həmişə güclünün haqlı olması prinsipi dəyişməsə də.
İndi hansısa xırda dövləti vassala, müstəmləkəyə çevirmək üçün müxtəlif vasitələr var. Onlardan ən etibarlısı bir dövlətə pul-parayla, investisiyalarla, müxtəlif sazişlərlə nüfuz etməkdir.
Bu arsenal ABŞ-ın, Qərbin böyük dövlətlərinin inhisarındadır. Rusiya onların pulunun qabağına pul çıxara bilmir. Təkcə Pentaqonun, yaxud Amerikanın bir şirkətinin büdcəsi Rusiyanın büdcəsi qədərdir.
Belə olanda əlac təzyiqlərə qalır. Neçə vaxtdır Putinin Kremli məhz bu işlə məşğuldur, bütün inadkar qonşularına qarşı əlindən gələn hər şeyi edir, onları Avrasiya İttifaqına, Gömrük İttifaqına gətirməyə çalışır.
Belorusa qarşı neçə ildən bəri “borclusan, borcunu iki günə qaytar” şantajının məramı məhz onu neo-imperiyaya girməyə vadar etmək idi.
Gürcüstana qarşı yeridilən aqressiv siyasət məhz bu üzdəndir.
Ukraynaya qarşı tətbiq edilən “qaz təzyiqi”, “ölkə iki hissəyə bölünər” şantajının da məqsədi başqa şey deyil.
Moldova zatən 20 ildir süni Pridnesrovye konfliktinin (qondarma rus respublikasının) məngənəsindədir. Bu “respublika”nın Rusiya tərəfindən tanınması şantajı təsirli olaraq qalır.
Ermənistan onsuz da nəinki Rusiyanın yaratdığı müxtəlif ittifaqlara, hətta Rusiyanın tərkibinə keçib federasiya subyekti olmağa belə hazırdır. Ancaq Rusiya bu dövləti də boş buraxmayıb, onun da həyatının bütün həlledici rıçaqları Kremlin əlindədir, Yerevan özbaşınalıq etsə, boğular.
Orta Asiya respublikaları 22 il əvvəl olduğu kimi, yenə də kim eşşək olacaqsa palan rolu oynamağa hazırdırlar. Rusiya SSRİ-nin Avropa hissəsindəki respublikaları ram etsə, asiyalıları yeni ittifaqa dartmaq çətin olmayacaq.
Azərbaycana qarşı yeridilən siyasətdən isə artıq hamı xəbərdardır. Cari ildə həmin siyasət Moskva və Bakı tərəfindən nə qədər pərdələnsə də, mətbuatda bu xüsusda yüzlərlə gerçəkçi yazılar yazıldı, şərhlər verildi.
Hazırda Putin yeni ittifaqın, rus neo-imperiyasının qanunverici orqanının, parlamentinin yaradılması planı üzərində düşünür. Sanki Avrasiya İttifaqı artıq yaradılıb, qalıb onun digər icraedici, qanunverici strukturları.
Bəli, bir daha sübut olunur ki, SSRİ-nin dağılmasından keçən bu illər ərzində Rusiyanın qonşularına qarşı yeritdiyi nisbətən dözümlü münasibət dövlətin zəifliyindən imiş. El dilində desək, Rusiya arıqlığından yavaş görsənirmiş, əslində içindəki yırtıcının güc yığmasını gözləyirmiş.
İndi bu dövlət özünü güclü hesab edir və yenidən dünya hegemonuna çevrilməsi üçün köhnə sərhədlərini bərpa etməyə çalışır. Moskva qüdrətli dövlət olmağın yolunu intensiv inkişafda yox, ekspansiv inkişafda, gövdəsini böyütməkdə görür.
Ancaq göründüyü kimi, bu dövlətin imperiya ambisiyalarına müqavimət güclüdür. Rusların ən yaxın qardaşları ukraynalılar da yeni rus boyunduruğunu istəmirlərsə, demək, erməniləri çıxmaq şərti ilə, hər kəs ona qarşıdır.
Heç bir xalq bir kərə yüksəltdiyi bayrağın bir daha endirilməsini istəmir. Həm də heç kəs səhv salmasın, neo-imperiya heç də müəyyən cəhətlərinə görə xatirələrdə yaşayan SSRİ-nin bərpası demək deyil, əsasən çar Rusiyasının, quduz kapitalizmin, rüşvətxor bürokratiyanın bərpasıdır.