Eks-spiker Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu Açıq Cəmiyyət Partiyasından istefa verib. Bu barədə məlumatı Modern.az-a onun özü verib.

İstefasına aydınlıq gətirən A.Şakiroğlu deyib ki, buna səbəb Rəsul Quliyevin partiyanı tərk etməsi olub: “Mən ACP-yə Rəsul Quliyevə görə qoşulmuşdum. O, partiyadan getdikdən sonra orada qalmağı düzgün hesab etmədim. Buna görə ACP-dən istefa verdim”.

A. Şakiroğlu ACP-dən istefa versə də, Rəsul Quliyevin Azərbaycandakı nümayəndəliyi postundan istefa vermədiyini bildirib.

A.Şakiroğlu yeni siyasi qurum yaradacağını qeyd edib: “Yeni siyasi qurum yaratmaq üçün görüşlər keçirirəm. Hələ ki, danışıqlar gedir. Yaxın aylarda yaradacağım siyasi qurumla bağlı mətbuata ətraflı məlumatlar veriləcək”.

Qeyd edək ki, eks-spiker Rəsul Quliyev ACP-dən istefa verdikdən sonra, partiyanın Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva, Nəsimi rayon təşkilatının sədri Ağa Abdullaoğlu və partiya funksioneri Solmaz Ələsgərova istefa veriblər.