Danışıqların yeni dördlü formulu: Türkiyə-Azərbaycan-Rusiya-Ermənistan
“Atlas” Araşdırmalar Mərkəzi Türkiyə-Azərbaycan-Rusiya-Ermənistan münasibətlərini təhlil edib.”Qafqazinfo” həmin araşdırmanı təqdim edir:
Ankara Qarabağ probleminin həlli istiqamətində fəallaşır. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ötən həftə Vaşinqtona səfər edərək amerikalı həmkarı Con Kerri ilə görüşdə Qarabağla bağlı fikir mübadiləsi apardı. Ankara Qarabağ məsələsində Vaşinqtonun nəbzini yoxlayırdı. Kerrinin Əliyevlə Sarkisyanın Vyana görüşündən öncə hər iki prezidentə zəng edərək, Qarabağ münaqişəsinin həlli ilə bağlı onlarla fikir mübadiləsi aparmasında da Ankranın diplomatik payı var. Əlbəttə, uzun fasilədən sonra amerikalı yüksək rütbəli rəsminin belə bir addım atması Azərbaycan və Ermənistanda “Vaşinqton da oyuna daxil olur” kimi mülahizələrə yol açıb. Ancaq Vaşinqtondan Bakı və Yerevana oxşar telefon zəngləri əvvəllər də olurdu və bu ABŞ-ın münaqişənin həllində artan roluna dəlalət etmirdi. Misal üçün Kerri Davudoğlu ilə birgə mətbuat konfransında İraqı 24, Suriyanı 16, İranı 6 dəfə xatırladıb, Qafqaz və Qarabağın adını isə cəmi 3 dəfə çəkib. Bu statistikanın özü də göstərir ki, Vaşinqton üçün Qarabağ probleminin həlli prioritet deyil. Vaşinqton Qarabağ münaqişəsinin həllində ciddi impuls olmadan prosesə fəal qoşulmayacaq.
Ankara yalnız Vaşinqtonla kifayətlənmir. Qarabağ münaqişəsinin həllinin açarının Moskvada olduğunu Ankara da anlayır və buna görə keçən həftə Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanın Moskvaya səfəri və Putinlə görüşü də önəmli idi. Əbəttə, Ərdoğanla Putin beynəlxalq mövzulardan daha çox Suriyadakı vətəndaş müharibəsi ilə İranın nüvə məsələsi ətrafındakı durumu müzakirə ediblər. Ancaq Ankara Vaşinqtonla olduğu kimi Kremlinin də Qarabağ problemiylə bağlı nəbzini yoxlayırdı. Ankara Kremlinin Qarabağ münaqişəsinin həlli üçün hansı addımlar ata biləcəyini müəyyənləşdirməyə çalışır. Təsadüfi deyil ki, əvvəlcədən planlaşdırıldığının əksinə olaraq Putin-Ərdoğan görüşünə hər iki ölkənin xarici işlər nazirləri də qatılıb. Davudoğlunun Qarabağ məsələsindəki artan fəallığını nəzərə alaraq, qapalı görüşdə bu mövzu ətrafında da fikir mübadiləsinə vaxt ayrıldığını proqnozlaşdırmaq mümkündür.
Ankaranın Moskvadan əsas istəyi Rusiya hakimiyyətinin Ermənistana təzyiq etməsi və bunun nəticəsində ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad olunmasını təmin etməsidir. Əslində sülh müqaviləsinin imzalanması və regional əməkdaşlığa start vermək üçün 5 rayon (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı) açar rolunu oynayır. 5 rayonun azad olunması aşağıdakı proseslərə start verəcək:
* ATƏT həmsədrlərinin hazırladığı “Madrid planı” işə düşəcək;
* Azərbaycan Ermənistanla kommunikasiya xətlərini açacaq;
* Türkiyə Ermənistanla sərhədi açacaq, bu ölkə ilə diplomatik münasibətlərini bərpa edəcək;
* Ermənistan regional layihələrə qoşulacaq
Beləliklə, Dağlıq Qarabağ probleminin həllində dördlü formatın (Türkiyə-Azərbaycan-Rusiya-Ermənistan) konturları görünür. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması paralel prosesə çevrilə bilər. Ayrıca, Türkiyə-Azərbaycan-Ermənistan üçlü formatında da görüş və müzakirələrin başlaması mümkündür. Misal üçün Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Şurasının 12 dekabrda Ermənistanda keçiriləcək yığıncağına dəvət olunublar. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in dekabrın əvvəllərində Kiyevdə kecirəcəkləri toplantıdan bir neçə gün sonra prosesi Yerevanda da davam etdirə bilərlər. Bu Dağlıq Qarabağ münaqişəsinin 25 illik tarixində yenilik ola bilər. İndiyənə qədər Azərbaycan və Ermənistan rəsmiləri birbaşa olaraq nə Bakıda, nə də Yerevanda müzakirə aparıblar. Yerevandakı müzakirələrə Türkiyə xarici işlər nazirinin qatılması ehtimalı isə Ermənistan-Türkiyə normallaşması prosesinin Dağlıq Qarabağ danışıqları prosesi ilə paralel getdiyinə işarə olardı. Doğrudur, Yerevan bu iki prosesin paralel aparılmasının əleyhinədir. Ancaq Moskva Ankaranın danışıqlar prosesinə qatılmasına yaşıl işıq yandırarsa, Yerevan buna etiraz edə bilməyəcək. Demək, hər şey Ərdoğanla Putinin razılaşmasından asılıdır.
Moskva həm Dağlıq Qarabağ, həm də Türkiyə-Ermənistan dialoqunda müsbət rol oynamaq üçün bu prosesdən dividentlərini əvvəlcədən müəyyənləşdirməlidir. Moskvanın Ermənistanı Qarabağ ətrafındakı 5 rayonu boşaltmağa 2 divident həvəsləndirə bilər. Birinci divident – Moskva Dağlıq Qarabağda yerləşdiriləcək sülhməramlı qüvvələrin tərkibinin əsasını təşkil etməlidir. İkinci divident – Azərbaycan və Türkiyə Gömrük İttifaqına doğru addım atmalıdırlar.
5 rayonun qeyd-şərtsiz boşaldılması təmin edilərsə, Bakının və Ankaranın Moskvanın bu iki istəyini bəzi istisnalarla yerinə yetirməsi mümkündür. Azərbaycan Gömrük İttifaqına ilkin olaraq müşahidəçi statusunda qatıla bilər. Moskvanın ikinci istəyinə gəldikdə isə Bakı Dağlıq Qarabağda yerləşdirilməsi planlaşdırılan sülhməramlı qüvvələrin tərkibində Rusiya ilə yanaşı türkdilli dövlətlərin – hətta Rusiyanın müttəfiqləri olan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvləri – Qazaxıstan, Qırğızıstan hərbçilərinin yer almasını tələb edə bilər. Bakı Türkiyə hərbçilərinin də sülhməramlı qüvvələr tərkibinə qatılmasını istəyə bilər. Məsələn gələcəkdə sülh sazişi imzalandıqdan sonra Dağlıq Qarabağda azərbaycanlılarla erməniləri ayıracaq təhlükəsizlik qüvvələri bölgədə yerləşməlidir. Bölgənin erməni əhalisinin yaşadığı məntəqələrdə rus hərbçiləri yerləşdiriləcəksə, azərbaycanlıların yaşadığı məntəqələrdə Türkiyə və ya türkdilli dövlətlərin hərbçiləri yerləşdirilməlidir. Rusiya və İran Dağlıq Qarabağda Amerikalı hərbçilərin yerləşdirilməsinə etiraz edərlər, ancaq həm Moskvanın, həm də Tehranın Ankara ilə normal münasibətləri var və Türkiyə regional dövlət sayıldığından bu ölkənin hərbçilərinin sülhməramlı qüvvələr tərkibində Qarabağda yerləşdirilməsi Rusiya və İran hakimiyyətlərinin etirazına səbəb olmamalıdır.