Seçkilərə verilmiş qiymət 90 beynəlxalq QHT-ni birləşdirən İnsan Hüquqları Evi Fondunun etirazına səbəb olub

Noyabrın 21-də Avropa Şurası Parlament Assambleyası Bürosunun Avstriyanın paytaxtı Vyanada keçirilmiş toplantısında Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair hesabat müzakirə olunub.

APA-nın Avropa müxbirinin məlumatına görə, ingiltərəli  deputat Robert Valterin hazırladığı “Azərbaycanda prezident seçkilərinin müşahidəsi (9 oktyabr 2013)” adlı hesabat müzakirə  olunaraq qəbul edilib. Azərbaycan üzrə hesabat əsasən müsbət qiymətləndirilib və bu seçkilərin nəticələri səslərin bölüşdürlməsini  əks etdirdiyini və Azərbaycan xalqının iradəsini ifadəsi kimi hesab olunub.

Büronun iclasında iştirak edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, AŞ PA Bürosunun qəbul etdiyi  hesabatla deputatların əksəriyyəti Azərbaycanda keçirilmiş seçkiləri çox müsbət və yüksək səviyyədə qiymətləndirdiklərini bildirib.  “AŞ PA-nın Azərbaycandakı seçkiləri müşahidə etmiş müşahidəçi missiyasının rəhbəri Robert Valterin hazırladığı məruzə geniş şəkildə  müzakirə olundu. Bu hesabatın içərisində bənd-bənd seçkiqabağı, seçki günü və seçkidən sonrakı vəziyyət təhlil olunub. Prosedurlara  görə, belə sənədlər ilk olaraq Büro daxilində müzakirə olunur və qəbul olunduqdan sonra Daimi komitəyə və daha sonra Parlament  Assambleyasına çıxarılaraq, ictimaiyyətə açıqlanır. Biz də bugünkü iclası çox səbirsizliklə gözləyirdik. Çünki müxtəlif qurumlar,  ayrı-ayrı şəxslər bu məsələ ətrafında müəyyən problemlər yaratmaq istəyirdilər. Büro üzvləri  Azərbaycanda keçirilmiş prezident  seçkilərinə dair öz mövqelərini bildirdilər. Robert Valterin hazırladığı hesabat təsdiq olundu və bu sənəddə prezident seçkilərində  Azərbaycan xalqının iradəsinin tam şəkildə öz əksini tapmışdır kimi sözlərini də tapa bilərsiniz.”

Dünyanın 13 ölkəsindən 90 beynəlxalq QHT-ni birləşdirən İnsan Hüquqları Evi Fondu isə AŞ PA-ya bəyanat göndərərək bu il oktyabrın  9-da Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı AŞ PA üzvlərinin mövqeyindən narazılığını bildiriblər. 

Seçkilər ərəfəsində və ondan sonra BMT ekspertləri, həmçinin ATƏT missiyası ümumi demokratik vəziyyətin pisləşdiyini, insan  hüquqlarının və vətəndaş azadlıqlarının pozulduğunu, seçkilərin demokratik standartlara uyğun olmadığını bildiriblər.

Eyni zamanda AŞ PA müşahidəçilərindən ibarət missiya qeyd edib ki, Azərbaycanda seçkilər azad və ədalətli olub.

İnsan Hüquqları Evi Fondunun üzvləri öz məktublarında qeyd ediblər ki, AŞ PA missiyası üzvlərinin Azərbaycandakı seçkilərlə bağlı  real vəziyyətə dair məlumatlandırılması şübhə doğurur.

Məktubda həmçinin AŞ PA-nın 1917 saylı (2013) qətnaməsi xatırladılır. Sənəddə deyilir ki, Azərbaycanda heç bir seçki düzgün və  ədalətli olmayıb. “Normal durumdan danışmaq üçün qanunvericiliyə ciddi dəyişikliklərin edilməsi, vətəndaşların fundamental azadlıq  və hüquqlarının təminatı vacibdir. Belə çıxır ki, bir halda AŞ PA bu cür vəziyyətin olduğunu bəyan edir, digər tərəfdən seçkilərin  demokratik və ədalətli olduğunu tanıyır.”(“Turan”)

Məktub müəllifləri AŞ PA üzvlərini prinsipiallıq nümayiş etdirərək Azərbaycandakı seçkilərə müvafiq qiymət verməyə çağırıblar.

 

Загрузка...